Milli dəyərlərimizi öyrənək və yaşadaq

Xalqımızın dini-mənəvi mədəniyyətinin bir hissəsini təşkil edən müqəddəs yerlər – pirlər, ocaqlar, məscidlər, xanəgahlar, türbələr, eləcə də ziyarətgahlar tariximizi yaşadan və keçmişlə bu gün arasında körpü yaradan maddi-mənəvi sərvətlərimizdir. Ərəbcədən tərcümədə ziyarət yeri, müqəddəs məkan mənalarını ifadə edən ziyarətgahlar məscidlər qədər xalqımızın dini inancının qorunub saxlanmasında və yaşadılmasında mühüm əhəmiyyət daşıyır və əhali arasında ictimai əlaqələrin sıxlaşdırılmasında mühüm rol oynayır. Qədim vaxtlardan dağ, ağac, su mənbələri, mağara, səma cismləri ilə yanaşı, dini və dünyəvi şəxslərin məzarları da tarixən ziyarətgah yer olub. Qəlbində Tanrıya diləyi, arzusu olanlar bu müqəddəs yerlərə gələrək heç kəsə deyə bilmədiklərini dilə gətiriblər. Bu gün də insanlarımız ziyarətgahlara müqəddəs yerlər kimi iman gətirir, ondan kömək, ruzi-bərəkət, sağlamlıq diləyirlər. Qədim tarixə, zəngin mədəniyyətə malik muxtar respublikamızda da ziyarətgahlar dini-ziyarət turizminin əsas ünvanlarından hesab olunur. Müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Nuh Peyğəmbərin türbəsi, imamzadələr, qədim tarixi məscidlər, müxtəlif pirlər ilboyu diyarımıza gələn turistlərin ziyarət yerləri kimi dünyada tanınır. Bu gün muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, dövlətimizin qayğısı ilə tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir.

 

Muxtar respublikamızın hər bir bölgəsində, o cümlədən Ordubaddakı qədim və ya bərpa edilən ziyarətgahlar həm də xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanıldığı müqəddəs yerlərdir. Bu qədim yurd yerinin, demək olar ki, hər bir kəndində müqəddəs ziyarət yerlərinə rast gəlmək mümkündür. Feyruz Bağırovun “Nuh yurduna ziyarət” kitabına istinad edərək deyə bilərəm ki, rayon mərkəzinin özündə, eləcə də Tivi, Düylün, Üstüpü, Nüsnüs, Aza, və digər kəndlərində olan qədimlərdən qalma və ya yeni həyat verilən ziyarətgahlar – pirlər yerli əhalinin, eləcə də bu yerlərə ayaq basan hər kəsin diqqətini cəlb edir. Bu gün də insanların ziyarət etdikləri yerlərdən bir neçəsi haqqında məlumat verəcəyik.
Ordubadın səfalı təbiəti ilə seçilən Tivi kəndindəki Anabat piri kəndidəki eyni adlı məscidin içərisində yerləşir. Pirin kifayət qədər tanınmış olmasının əsas səbəbi orada illərdən bəri qorunub saxlanılan möcüzəvi “ələm”dədir. Pirdəki möcüzəvi ələmin adını “Tir-Əbülfət” (hərbi yürüşlərdə şərəflə gəzdirilən zəfər bayrağı) adlandırıblar. Ələmin möcüzəvi sirri, “tovuz quyruq” şəkildə metal parçasının çərçivəsindəki nazik məftil şəbəkə üzərindəki yazılardadır. Ərəb əlifbası ilə çərçivədə Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn sözləri yazılmış əşyanın forması su damlası formasındadır. Buranı ziyarət edənlər sandığı açaraq ələmi ehtiramla ələ götürəcək. “Qurani-Kərim”in “Bəqərə” surəsindəki “Ayətəl-Kürsü” duasını oxuyub, Məhəmməd (s.ə.s) Peyğəmbərə salam (salavat) deyirlər.

Orta əsrlər dövrünə aid “Sarı yal” piri isə kənddən cənub-şərqdə, “Sarı yal” adlı yerdə, yamacda yerləşir. Onun yerləşdiyi ərazi bir tərəfdən dərin dərə ilə, digər tərəfdən isə qədim nekropolla sərhədlənir. Əhali arasında belə bir inanc vardır ki, bu pirə nəzir edənlərin duası qəbul olunur.
Nüsnüs piri rayonun Nüsnüs kəndindəki məcsid binasındadır. Məscid XIV əsrdə inşa edilərək dövrümüzədək gəlib çatıb. Möcüzəvi pir məscid binasının birinci mərtəbəsində yerləşir. Nüsnüs pirinə “Qırx kimsənə” də deyirlər. Deyilənə görə, orada ilk məskunlaşan adamların qara rəngli sütunvari daşa “nis-nis” (qeyb olmaq) deməklərindən kəndin adı yaranıb. Yerli əhalinin dediyinə görə, pirin möcüzəvi xüsusiyyəti ondadır ki, bura gələn ruhi xəstələr, üç gün müddətində qara sütun daşın yanında yatmaqla, Allahın qüdrəti ilə pirdəki qeybə çəkilmiş 40 nəfər möminin duası ilə sağalaraq şəfa tapırlar. Məscidin birtağlı taxta qapısı üzərindəki yazıda qeyd olunub: “Allahın adı ilə olan bu məscidi Bahadur şah tikdirib və burada iki rükət ziyarət namazı qılınmalıdır”. Nüsnüs pirində ziyarətçilər üçün bütün imkanlar yaradılıb, lazımi avadanlıqlar qoyulub və bura ilin bütün fəsillərində gəlmək mümkündür.
Tarixi mənbələrə əsasən yaranma tarixi, təxminən, XVI-XVII əsrlərə aid edilən Üstüpü piri Ordubad rayonunun Üstüpü kəndindən şərqdə, hündür təpənin üzərində ziyarətgahdır. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşən piri “İsfəndiyar” da adlandırırlar. Qərbdən şərqə uzanan binadan ibarət pirdə ziyarət obyekti olan, qara mərmərlə üzlük çəkilən qəbir vardır. Yerli əhalinin söylədiyinə görə, bu pirdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunub. Babək rayonunun Cəhri qəsəbəsində də xalq arasında və mənbələrdə İsfəndiyar Zaviyəsi (piri) kimi tanınan eyniadlı ziyarətgah vardır.

Ordubad rayonundan, təxminən, 20 kilometr qərb tərəfdə, Düylün kəndinin cənubunda yerləşən Düylün piri qədim ziyarətgahlardan biridir. Ətrafı geniş qəbiristanlıq olan pir binası çiy kərpicdən inşa edilib. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. El arasında olan fikirlərə görə, bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Şəfi) dəfn olunub və qəbri ziyarətgaha çevrilib. Ərazidə sənduqə, daş qoç və qoyun, başdaşı formalı qəbirüstü xatirə abidələrinin bir hissəsi üzərindəki məzar kitabələrinin tarixlərindən aydın olur ki, pirə XIV əsrin ortalarından ziyarətə gəliblər. Hazırda bu müqəddəs yerə nəinki ətraf kəndlərin, hətta muxtar respublikanın digər rayonlarından da ziyarətə gəlirlər.
Xanağa piri Ordubad rayonunun Xanağa kəndində ziyarətgahdır. Kəndin şərq tərəfində yerləşən, ikiotaqlı binadan ibarət pirin içərisində qara örtük çəkilmiş bir qəbir vardır. Üzərində kitabə olmadığından qəbrin kimə məxsusluğu müəyyənləşdirilməyib. Lakin rus alimi V.M.Sısoyev 1926-cı ildə pirin böyük otağında bir-birindən 20 santimetr aralı iki qəbir olduğu barədə məlumat verərək bildirib ki, pirin cənub divarındakı pəncərənin sağ və sol tərəfində Ordubad ərazisi üçün səciyyəvi olan yaşılımtıl daşdan baş daşları qoyulub. Sağ tərəfdəki başdaşı üzərindəki ərəbcə kitabədə Quran ayəsi, mərhumun adı və vəfat tarixi həkk olunub: “Bu qəbir Seyyid Həmidin oğlu mərhum Seyyid Tahirindir. Yeddi yüz yeddi tarixdə” (1308). Sol tərəfdəki başdaşının üzərindəki 7 sətirlik kitabədə onun Şeyx Nurəddinin oğlu Şeyx İslamın qəbri olduğu göstərilir. Baş daşlarından məlum olur ki, üstü hörülüb suvanaraq tək şəklə salınmış qəbir, əslində, vaxtilə iki qəbirdən ibarət olub. Bu pirin yerində vaxtilə hansısa sufi təriqətinə məxsus zanəgah olduğunu da deyənlər vardır.
Ordubad şəhərində yerləşən Malik İbrahim piri də ordubadlıların ən çox ziyarət etdiyi yerlərdəndir. Ziyarətgah Malik İbrahim qəbiristanlığının mərkəzində yerləşən böyük bir binadan ibarətdir. Binanın cənub tərəfdəki otağında bir qəbir yerləşir. El arasındakı fikrə görə, bu qəbirdə şiələrin üçüncü imamı, sərkərdə İbrahim Əjdərin oğlu Malik dəfn edilib. Malik İbrahim piri, xüsusilə Məhərrəm və Səfər aylarında daha çox ziyarət olunur. Pirdən bir qədər aralı yerləşən, el arasında “Şeyxin qəbri” adlanan sufi şeyxi Şeyx Əbu Səidin qəbrini də əhali böyük hörmət və ehtiramla ziyarət edir.
Xalqımız milli-mənəvi dəyərlərimizi hər zaman sədaqətlə qoruyub, yaşadıb və inkişaf etdirib. Qədim diyarımızın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı statusunu layiqincə doğruıtması səbəblərindən biri də burada dini-mədəni dəyərlərimizə böyük ehtiramla yanaşmadır. Muxtar respublikada ziyarətgahlar və qədim məscidlərin bərpa olunması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər fikrimizi bir daha təsdiq edir. Ordubad şəhərindəki zəngin memarlıq nümunələrinə malik qədim Cümə məscidində bərpa işlərinin aparılması, Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi məscidin müasir layihə əsasında yenidən inşasının demək olar ki tamamlanması muxtar respublikamızda dini dəyərlərimizin bundan sonra da qorunub yaşadılacağına etibarlı zəmanətdir.

Güntac ŞAHMƏMMƏDLİ