Millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün ən müqəddəs yerdir Vətən. Babalarımızın əmanəti, doğulub-böyüdüyümüz Vətənimiz bizə anamız kimi doğma və əzizdir. Vətənə sevgi  hissi insanı  eli, obası, xalqı üçün yaşamağa sövq edir. Tarixin müxtəlif dövrlərində Vətənimin azadlığı, müstəqilliyi təhlükə altında qalıb, torpaqlarımız mübarizələr meydanına çevrilib. Belə çətin məqamlarda qəlbi Vətən eşqi ilə döyünən igid, cəsur oğullar meydana çıxıb Vətənin azadlığı, zəhmətkeş xalqının rifahı naminə mübarizə aparıblar. 

Bu torpaq Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlar, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi zamanın ədalətsiz hökmünə baş əyməyən igid oğullar yetişdirib. Qədirbilən xalqımız öz qəhrəman və sərkərdələrini, mübariz övladlarını, sinəsini yadellilərin hücumlarına sipər edən oğullarını heç vaxt unutmur.
Bütün qəhrəmanlarımızın xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir, yaşadılır ki, onların şücaəti, ağıl və idrakı, zəfər dolu qəhrəmanlığı xalq üçün, gələcək üçün örnəyə çevrilsin.
Azərbaycan tarixində izi olan, xalqımıza nümunə olan, adı ilə öyünülən xalq qəhrəmanlarımızdan biri də Babəkdir. Babək Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdədir.
Babəkin xatirəsi, adı bu gün də unudulmur. Xalqımızın qəhrəman oğlunun adı muxtar respublikamızın bir rayonunda və həmin rayonun mərkəzini təmsil edən şəhərdə əbədiləşdirilib. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, təşəbbüsü ilə Babək rayonuna Xalq qəhrəmanının adı verilib. Həmçinin Naxçıvan və Babək şəhərlərində xalq qəhrəmanına böyük abidə ucaldılıb. Naxçıvan şəhər dəmiryol vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsində 1988-ci ildə ucaldılan abidənin müəllifi heykəltəraş, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Abidənin yerləşdiyi ərazi Babək meydanı adlanır. Abidədə Xalq qəhrəmanı Babək atın belində bir əlində qılıncla, sanki düşmənlərə meydan oxuyur. “Naxçıvan” Universitetinin yaxınlığında yerləşən abidə muxtar respublikamıza gələn qonaqların da diqqətini cəlb edir. Hər gün onun qarşısından keçən yüzlərlə insanın gözü önündə bu vətənpərvər Xalq qəhrəmanının şücaətləri canlanır. Bu abidənin varlığı həm də onu göstərir ki, xalqının azadlığı uğrunda mübarizə aparan qəhrəmanlar ölmür, onların xatirəsi yaşadılır.

Babək birdən-birə Xalq qəhrəmanı olmayıb... Ərdəbil şəhərinin Bilalabad kəndində anadan olan, gənc yaşlarından ağlı, fərasəti ilə insanları özünə heyran edən Həsən bir müddət sonra Xürrəmilərə başçılıq edir və özünə Babək adını götürür, 20 ildən çox ərəb zülmünə, xilafət qoşunlarına qarşı vuruşur və dünya tarixində böyük sərkərdə və qüdrətli hökmdar kimi tanınır. Xalq qəhrəmanı qətiyyətlə deyirdi: “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır!” “Azadlıq verilmir, alınır! Qan bahasına, qurban bahasına!” və ya “İnam və əqidə mənim üçün qumar daşı deyil. O, mənə ya ölüm deyir, ya da azadlıq!” “Azərbaycanı azad görməyincə qılıncımı qınına qoymayacağam!” Haqq-ədalətin, kasıbların tərəfində olan, ədalətsizliyə dözməyən və ona qarşı vuruşan, əqidəsi yolunda qolları, başı kəsilən, bədəni şaqqalanan görkəmli sərkərdə müqəddəs amal uğrunda sonacan mübarizə apardı. Babəkin qəhrəmanlığı Azərbaycan xalqını müstəqilliyə, azadlığa çağıran, cəsarətli, qətiyyətli addımı gələcək üçün bir nümunə oldu.
...Burada bir haşiyə çıxmaq istəyirəm. Xəyalən özlərini dənizdən-dənizə torpaqların sahibi sayan ermənilər əsrlərboyu özləri üçün müəyyən yer seçmək və orada öz dövlətlərini yaratmaq üçün ağıla belə, gəlməyən hiylə və kələklərə əl atıblar. Babək və Xürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarda da öz əksini tapan bir məqam, xüsusilə diqqəti cəlb edir. Həmin mənbələrdə qeyd olunur ki, 837-ci ilin yayında Xürrəmilərin Bəzz qalası süqut etdikdən sonra Babək erməni əsilli Səhl ibn Sumbatın xəyanəti nəticəsində əsir götürülür. Babəkə yaxın olmuş, sonra isə xəyanət edərək satqın çıxmış erməni əsilli Səhl ibn Sumbat obrazı bizi təəccübləndirmir. Çünki tarixin müəyyən mərhələlərində onların torpaqlarımıza olan təcavüzünün, insanlarımıza qarşı etdikləri vəhşiliklərin şahidi olmuşuq və təəssüf ki, ölkəmizə qarşı bu qondarma siyasət hələ də davam edir. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat Azərbaycana qarşı işğalçılıq siyasətinin ən amansız göstəricisi oldu. Lakin Babək kimi neçə-neçə cəsur oğullarımız düşmənin həmlələrini mərdliklə dəf edərkən öz canını Vətən yolunda fəda etməkdən çəkinmədi, şəhidlik kimi müqəddəs zirvəyə yüksəldi...
Babəkin Naxçıvan, eləcə də Babək şəhərində abidəsinin ucaldılması olduqca qürurverici hadisədir, tarixi şəxsiyyətə hörmətin əlamətidir, keçmişimizə olan münasibətdir, qəhrəmana göstərilən ehtiramın ifadəsidir. Qürurlu və əzəmətli abidə bizim yenilməzliyimizin, əyilməzliyimizin, mənfur yağı ilə döyüşümüzün, qəhrəmani müdrikliyimizin, cəngavər idrakımızın, inamımızın, azadlığımızın sönməz simvoludur.
Müdriklər deyir ki, qədim tarixi köklərə malik olan xalqın qəhrəmanı yenilməz olur və əbədiyyətə qovuşur. Bu əbədiyyət məşəli heç vaxt sönmür. İdeyaları bu gün də yaşayan yenilməz qəhrəmanın adını daşıyan Babək şəhərində, eləcə də diyarımızda yaşayan, çalışan, oxuyan insanlar – Babəkin abidəsinin önündən keçənlər istər-istəməz Babək adıyla qürur duyur, onu xatırlayır və adını yaşadırlar...

 Güntac ŞAHMƏMMƏDLİ