Muxtar respublikamızın faydalı bitki sərvətləri arasında dərman bitkiləri xüsusi əhəmiyyətə malikdir. Belə bitkilərdən səmərəli istifadə olunmasında onların düzgün toplanması və qurudulması da mühüm rol oynayır. Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov bizimlə söhbətində bildirdi ki, muxtar respublikamız özünəməxsus müxtəlif iqlimə, münbit torpağa, kifayət qədər su ehtiyatına malikdir. Bu əlverişli coğrafi şərait burada zəngin dərman bitkilərinin geniş yayılmasına zəmin yaradıb. Dövlət farmakopeyası tərəfindən qəbul edilmiş 150 növ dərman bitkisindən 132-si, yəni 88 faizi bizim doğma Naxçıvan diyarında yayılıb, olduqca zəngin, rəngarəngdir. Burada yaşamış insanlar əsrlərboyu müxtəlif xəstəliklərin müalicəsində dərman kimi həmərsin, səhləb, boymadərən, qatırquyruğu, xəşəmbül, yemişan, bağayarpağı, qarğıdalı saçağı, çobanyastığı, qırxbuğum otu, südləyən, məryəmnoxudu, əsməgül, üskükotu, yovşan, dağnanəsi, dəvədabanı, dazotu, qızılgül və digərlərindən geniş istifadə ediblər. 

Bütün rayonlarda yayılan dərman bitkilərinin tibb sənayesi üçün böyük əhəmiyyəti vardır. Naxçıvanda tüksüz biyan, ətirli yovşan, aşı sumağı, sarağan, həmərsin, yemişan, murdarça, qaraqınıq, kəklikotu, boymadərən, dazotu, qatırquyruğu kimi dərman bitkiləri o qədər geniş yayılıb ki, onların toplanması ilə ciddi məşğul olunarsa, nəinki Naxçıvanın, hətta bütün Azərbaycanda bu bitkilərə olan ehtiyacını təmin etmək, dərman preparatları istehsal edib ixrac etmək mümkündür.

Burada əsrarəngiz, gül-çiçəkli dağların subalp çəmənliklərində, alp xalılarında, vadilər boyunda, sıx meşələrində, çay sahillərində elə nadir və faydalı dərman bitkiləri vardır ki, bunları ancaq muxtar respublikamızda tapmaq olar. Belə bitkilərdən müxtəlifnövlü sürvəni (adaçayı), xoruzgülü, dağ turpu, pişikotu, üskükotu, acılıqotu, santoninli yovşan, rəvəndotu, həmərsin və digər dərman bitkilərini göstərmək olar. Onların tərkibindəki bioloji fəal maddələr qankəsici, qurdsalıcı, ödqovucu, büzüşdürücü, bəlğəmgətirici, işlədici kimi, həm də qan təzyiqinə ürək-damar sisteminə müsbət təsirə malikdir. Bitkilərlə müalicə – fitoterapiya indi bütün dünyada geniş tətbiq olunur və müsbət nəticə göstərir. Naxçıvan əhalisi də maddi-mənəvi sərvətimiz olan dərman bitkilərindən səmərəli istifadə etməklə sağlamlıqlarını qoruyub saxlaya bilərlər. Hazırda muxtar respublikamızın rayonlarında əhali tərəfindən həyətyanı sahələrdə, pay torpaqlarında qiymətli dərman bitkiləri yetişdirilir ki, bunların da tibb elminin inkişafında, ətriyyat hazırlanmasında və yeyinti sənayesində böyük əhəmiyyəti vardır.
Müsahibim diqqətə çatdırdı ki, tədqiqatlar zamanı dərman bitkilərinin tərkibində müxtəlif quruluşlu maddələr olduğu müəyyən edilib. Onlardakı vitaminlər, qlükozidlər, üzvi turşular, qatranlar, aşı selik və yapışqanlı maddələr, efir yağları və başqaları müxtəlif xəstəliklərin müalicəsində çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də dərman bitkisinin bütün hissələrini yox, onun lazım olan hissələrini – yarpağını, çiçəyini, toxumunu, meyvəsini, kökünü, qabığını və sair toplamaq lazımdır. Bunun üçün hər bir toplayıcıda təqvim olmalıdır. Həmin təqvimdə bitkilərin hansı ayda, hansı hissəsinin, bitkinin hansı inkişaf fazasında toplanması göstərilməlidir. Bilmək vacibdir ki, təsiredici maddələrin miqdarı bitkinin keçirdiyi müxtəlif inkişaf dövründən asılı olaraq dəyişir. Onların müxtəlif hissələrində təsiredici maddələrin nə qədər və hansı fəsildə daha çox toplanması tədqiqatlar nəticəsində müəyyən edilib. Məsələn, gülxətminin köklərində selikli maddə və nişasta bitki çiçək açan dövrdə ən az miqdarda olduğu halda, payız aylarında, daha doğrusu, bitkinin çiçəkləri solub tökülən vaxt ən yüksək səviyyəyə çatır. Biyan bitkisində isə onun əksini görürük, onun kökünün tərkibindəki qlisirizin adlı təsiredici maddə ən çox bitki çiçək açan dövrdə olur. Deyilənləri nəzərə alaraq dərman bitkilərinin toplanması işi ilin müəyyən vaxtlarında aparılır. Bu isə toplanan xammalın keyfiyyətinin yüksək olmasını təmin edir. Bitkinin yerüstü hissələrindən istifadə etmək lazım gəldikdə onu bitki yeni çiçək açmağa başlayan zaman yarpaq, gövdə və çiçəkləri ilə birlikdə toplamaq lazımdır. Çiçəklər isə bitki təzə çiçək açan vaxt toplanmalıdır. Bu daha çox asterkimilər fəsiləsindən olan bitkilərə aiddir. Bəzi bitkilər – qızılgül, lavanda və darçının çiçəkləri istisna təşkil edir. Bunları tam açıldıqdan sonra toplamaq tələb olunur. Bitkilərin yarpaqlarını isə bitki ya tamamilə çiçək açan dövrdə, ya da bitki yeni çiçək açmağa başladığı vaxt toplamaq lazımdır. Tumurcuqlarını isə yaz fəslində, onların tökülməsinə az qalmış, çox şişən zaman toplayırlar. Tərkibində zəhərli və güclü təsirə malik maddələr olan bitkilərin köklərini əvvəl soyuq su ilə yuyub torpaqdan təmizləmək, sonra yerüstü hissələrdən və qurumuş köklərdən ayırıb qurutmaq lazımdır. Dərman bitkilərinin yerüstü hissələri bitki tam çiçək açarkən, bitki zoğları payızın son və yazın ilk ayında, qabıqlar isə bitki şirə ilə zəngin olarkən – yazın ilk ayında toplanmalıdır. Çünki yazda bitkinin qabıq hissələrində təsiredici maddələr daha çox olur. Bitkilərin qabıqlarını, adətən, cavan gövdəsindən və qol-budaqlarından toplayırlar. Qabıqları gövdədən ayırmaq üçün xüsusi bıçaqlardan istifadə olunur. Bu məqsədlə bitkinin gövdəsinin üzərini çərtərək qabıqları soyur, sonra isə qurudurlar. Dərman bitkilərinin yerüstü hissələri şehsiz və yağmursuz, açıq, günəşli havada toplanmalıdır. Yağmurlu və dumanlı havada toplanan bitkilər gec quruyur və təbii rəngini dəyişib tünd-qonur rəngə keçərək kif atır.
Bitkilərin çiçək, yarpaq və meyvələrini əl ilə, nadir hallarda isə ağac şanalarla, ot halında olan dərman bitkilərinin yerüstü hissələrini qayçı, bıçaq və ya çinlə biçib, kökləri və kökümsov gövdələri isə bel və kərki vasitəsilə, yaxud yeri şumlamaqla (məsələn biyan bitkisinin kökü) toplayırlar. Dərman bitkilərini toplayarkən onların qurd yemiş, həşəratdan zədələnmiş, göbələk xəstəliyinə tutulmuş və çürümüş hissələrini seçib ayırmaq lazımdır. Otlar, bitkinin yarpaq və çiçəyi və adi səbətlərə toplanılır. Təzə giləmeyvələri təmiz səbətlərə, quru meyvələri, kökləri və qabıqları isə torbalara toplamaq, toplanmış dərman xammalını qurutmazdan əvvəl çeşidlərə ayırmaq, meyvə və toxumları toplayarkən yetişməmiş, əzilmiş hissələri kənar etmək lazımdır. Kök və kökümsov gövdələri xəlbirin içərisində axar suda yumaq, daha yaxşı nəticə verir. Gülxətminin kökünü suda çox saxlamaq olmaz. Toplanan kök və kökümsov gövdələrin yerüstü hissələrini kəsib atmaq lazımdır. Çox yoğun olan köklər, daha yaxşı qurusun deyə, uzununa kəsilib xırdalanmalı və qabıqdan çıxarılıb qurudulmalıdır.
Əliyar İbrahimov vurğuladı ki, toplanmış dərman bitkiləri çeşidlərə ayrıldıqdan sonra dərhal qurudulmalıdır. Təzə toplanmış bitki xammalını uzun müddət qurutmayıb torbalarda, səbətlərdə və ya topa halda saxladıqda bitkilərin rəngi tündləşir, kif atır, qıcqırır, parçalanma prosesi başlanır, bitkinin tərkibindəki təsiredici maddənin miqdarı azalır və yaxud tamamilə itir. Qurutma prosesi nə qədər tez gedərsə, alınan materialın keyfiyyəti də bir o qədər yaxşı olar. Lakin tərkibində efir yağı olan elə bitkilər də vardır ki, onların, tədricən, qurudulması bitkinin tərkibində efir yağının çox qalmasına səbəb olur. Məsələn, bənövşənin kökünü tədricən qurutduqda fermentlərin təsiri nəticəsində bənövşə daha xoşətirli olur.
Müsahibim qeyd edir ki, dərman bitkisi materiallarını yaxşı qurutmaqda məqsəd, onların uzun müddət yararlı halda qalmasını və saxlanmasını təmin etməkdən ibarətdir. Dərman bitkisi xammalını 35-45 dərəcə istilik olan sobalarda, çardaqlarda, dəmir örtüklü anbarlarda, nadir hallarda isə bilavasitə açıq havada brezent və həsir üzərində qurudurlar. Bitki materiallarını qurudarkən onları nazik halda qat-qat sərib, gündə 1-2 dəfə çevirirlər. Torpaq yerdə qurutmaq lazım gəldikdə bitki nəm çəkməsin deyə, brezentdən, otaqda qurutduqda isə üzərinə həsir döşənmiş taxta döşəmələrdən, qəfəslərdən məftil şəbəkədən və ya üzərinə çit çəkilmiş taxta çərçivədən istifadə edilir. Belə taxta çərçivələri qat-qat bir-birinin üzərinə qoymaq lazımdır. Dərman otlarını daha yaxşı qurutmaq üçün onları dəstə-dəstə bağlayıb asmaq da olar. Bitki materialları qurudulan binaların havası tez-tez dəyişilməlidir. Havası daim dəyişilən dəmir örtüklü çardaqlarda aparılan qurudulma daha yaxşı nəticə verir. Çünki belə şəraitdə temperatur kifayət qədər olub 40-50 dərəcəyə çatır. Tərkibində efir yağı olan bitkiləri günəşin altında qurutmaq olmaz. Çiçəklər nazik qatlarla sərilərək qarışdırılmadan qurudulur, əks halda, onlar qaralaraq öz təbii rənglərini dəyişə bilər. Yarpaqları yaxşı qurutmaq üçün onları 5-8 santimetr qalınlığında sərmək, iriyarpaqlı dərman bitkilərini, məsələn, dəvədabanı, günəbaxan yarpaqlarını isə tək-tək sərib qurutmaq lazımdır. Ot halında olan dərman xammalını dəstə-dəstə ipdən asıb, havası isti və quru olan otaqlarda və ya dəmir örtüklü çardaqlarda, cirə, razyana, zəyərək və xardal toxumunu, ümumiyyətlə, tərkibində az miqdarda su olan meyvə toxumlarını tez-tez havası dəyişdirilən otaqlarda qurutmaq məsləhətdir. Qurudulmuş bitki xammalının öz rəngini saxlaması onun düzgün və yaxşı qurudulduğunu göstərir. Bitkinin çiçək hissələri qurudulduqda öz əvvəlki təbii rəngini dəyişir. Məsələn, əməköməci bitkisinin çəhrayı rəngdə olan çiçəkləri qurudulduqan sonra göy rəngdə olur. Qurudulan bitkilər öz iyini və dadını da dəyişə bilir.
Müsahibim bildirdi ki, toplanmış və qurudulmuş bitki dərman xammalı ilk tədarük məntəqələrindən mərkəzi anbara təhvil verilir. Həmin xammal satışa buraxılmaq üçün bir sıra əməliyyatdan keçirilir. Qəbul edilmiş bitki xammalı bəzən quru olmadığından və ya daşınan zaman yağmurlu havada nəm çəkdiyindən çürüyür, kiflənir, rəngi qaralır və nəticədə, öz keyfiyyətini tamamilə itirir. Buna görə onları çeşidləmək lazımdır.
Toxumları, tumurcuqları, giləmeyvələri və xırda çiçəkləri təmizləmək üçün suya tökmə üsulundan istifadə edilir. Bu üsulla təmizləmədə yararsız toxumlar, qismən başqa bitki toxumları, torpaq, toz və digər mexaniki qarışıqlar kənar edilir. Kökləri torpaqdan, qabıqları, yarpaqları tozdan və xırda hissələrdən təmizləmək üçün dəmir, sink və mis şəbəkəli, müxtəlifdiametrli ələk və xəlbirlərdən istifadə edilir. Təmizlənmiş material keyfiyyətcə I və II növlərə ayrılır. I növdən olan materiallar apteklərə, II növdən olanlar isə istehsalata göndərilir. Dərman bitkiləri tədarükünün lazımi vaxtda və müvafiq şəraitdə aparılması bu prosesin müvəffəqiyyətlə başa çatdırılmasını tezləşdirəcəkdir.

- Güntac ŞAHMƏMMƏDLİ