İlin sevimli fəsli yaz təbiətə canlılıq, əlvanlıq verir. Günəşin al-qızılı şəfəqləri ilə canlanıb,  səmaya boylanan müxtəlifrəngli güllərin-çiçəklərin ətri insanı özünə valeh edir. Hər yerə hakim kəsilən rənga­rəng təbiət gözəllikləri həm də  təbiətin bir parçası olan arıları özünə cəlb edir. Zəhmətkeş arılar bir ailə, toplum halında artıq bir neçə  aydır ki, yuvalarından çıxıb təbiətin qoynuna qaçır, gözəl ətir saçan güllərə, yaşıl yamaclara, çiçək açmış ağaclara, çəmənlərə, meşələrə uçur,  hər bitki və çiçəkdən şirə çəkirlər. Yaxşı şirə tapan kimi isə qayıdıb o biri arılara da xəbər verir, birgə növbəti məhsul hazırlığına başlayırlar. Arılara qulluq etmək vəzifəsi isə insanların öhdəsinə düşüb. İnsanlar da təsərrüfatlarında arıların yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olurlar. Hətta deyirlər ki, arılar onlara qulluq edən insanı tanıyır, ona sədaqətli olur. İnsan və arı əməyi birləşəndə isə möcüzə hesab etdiyimiz məhsullar ortaya çıxır...

 Doğma diyarımız Naxçıvanın əlverişli iqlimi, zəngin bitki örtüyü, göstərilən dövlət qayğısı və dəstəyi iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafına geniş imkanlar açır. Arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” qarşıya qoyulan hədəflərə nail olmağa kömək edir. Muxtar respublikamızda arıçılıq təsərrüfatlarının inkişafına dövlət maliyyə dəstəyinin göstərilməsi, balın emalı və qablaşdırılması üçün yeni istehsal sahələrinin istifadəyə verilməsi, balın satışı üçün yaradılan şərait və həyata keçirilən digər tədbirlər ildən-ilə arı ailələrinin sayının artmasına səbəb olur. Hazırda Naxçıvan Muxtar Respublikası Arıçıları İctimai Birliyi arıçılıq təsərrüfatlarının fəaliyyətini tənzimləyir, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə çalışır. 

Son illər arıçılar balla yanaşı, qiymətli arıçılıq məhsulları olan vərəmum, çiçək tozu, güləm, arı südü və digər xüsusi tibbi əhəmiyyətə malik olan məhsullar istehsal edirlər ki, belə qiymətli məhsullara tələbat ilbəil çoxalır. Bu, bazarın yerli istehsal hesabına təmin edilməsində və məhsulların ixracında da mühüm rol oynayır. Naxçıvan şəhərində mütəmadi olaraq keçirilən “Arıçılıq məhsulları – bal festival”ları digər təsərrüfat sahiblərinin də bu sahəyə marağını artırır.

Dövlətin arıçılığın inkişafına göstərdiyi dəstək muxtar respublikamızın digər bölgələri kimi, Ordubad rayonunda da arıçılıqla məşğul olan ailə təsərrüfatlarının sayını artırıb. Rayonun səfalı təbiəti ilə seçilən Tivi kəndində bu sahəsi ilə məşğul olanlar kifayət qədərdir. Onlardan biri – ailə təsərrüfatçısı Xəqani Cəfərovla həmsöhbət oluruq. O deyir ki, 1993-cü ildən arıçılıqla məşğuldur: – Bu peşə mənə atamdan yadigar qalıb. Atam da kənddə seçilən arıçılardan idi. Mən də uşaqlıqdan ona baxaraq bu işi öyrənmişəm. Hazırda 23 arı ailəsinə baxıram. Şan və süzmə bal, vərəmum hazırlayıram. Muxtar respublikamızda keçirilən kənd təsərrüfatı yarmarkalarında, o cümlədən “Arıçılıq məhsulları – bal festivalı”nda öz məhsullarımla iştirak edirəm. Dövlət tərəfindən hər arı ailəsinə görə mənə hər il 10 manat məbləğində subsidiya ödənilir. Bu gün muxtar respublikamızda arıçılığın inkişafına yaradılan şərait göz qabağındadır. Sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş şərait yaradır. Biz arıçılara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram. Çalışacağam ki, arı ailələrinin sayını artırım, çeşidli məhsullar istehsal edim.
Arıçılığın sirlərindən danışan həmsöhbətim deyir ki, o, böyük zəhmət tələb edir. Arılara övladına göstərdiyin kimi qayğı göstərməli, onlara böyük həssaslıqla yanaşmalısan. Arıçılıq təsərrüfatının inkişafı üçün pətəklərin yerləşdiriləcəyi yer, hava şəraiti nəzərə alınmalı, onların sağlamlığı təmin edilməlidir. Bunun üçün arıların saxlandığı yeri mütəmadi təmizləmək, zərərvericilərdən qorumaq, pətəkləri vaxtlı-vaxtında dərmanlamaq lazımdır. Yaz-yay arılar üçün ən yaxşı fəsillərdir. Bu fəsillərdə gül-çiçək bol olur. Arılar yaxşı qidalana bilirlər. Yay vaxtı onları, əsasən, dağa çıxarırıq. Dağ şəraiti ana arıların ömrünün uzanmasına kömək edir.
Balı Allahın insanlara göndərdiyi möcüzəvi nemət adlandıran müsahibim onun faydalarından da danışdı: – Bilirsiniz ki, Naxçıvan balı hər yerdə adla tanınır. Onun keyfiyyətinə, təbiiliyinə söz ola bilməz. Bu nemət min bir dərdin dərmanıdır. O ən ləziz qida kimi həm də insanların uzunömürlülüyünə şərait yaradır. Baldan müxtəlif məlhəmlər də hazırlanır. Arıçılıqda balı düzgün qablaşdırmaq da mühüm şərtlərdəndir. Ağzı kip bağlanan, paslanmayan metaldan hazırlanmış qabda bal uzun illər qalır.
Tivinin digər bir ailə təsərrüfatçısı, arıçı Nizami Əliyev də 20 ildir, bu sahə ilə məşğul olur. O deyir: – Arıçılıq mənim əsas məşğuliyyət sahəmdir. Hazırda 120 arı ailəsinə qulluq edirəm. Arı məhsullarından – mum propolis, çiçək tozu, güləm və digər məhsullar tədarük edirəm. Pətəkdən ildə bir ton bal götürürəm. Bu məhsullar təmiz və keyfiyyətli olduğu üçün muxtar respublikamızdan kənarda da maraqla qarşılanır, alıcısı çox olur. 2016-cı ildə “Arıçılıq məhsulları – bal festivalı”nda hazırladığım məhsullara görə ikinci yeri tutmuşam. Ötən il mənə dövlət tərəfindən 115 arı ailəsinə görə subsidiya verilib. Allah dövlətimizin bayrağını daim uca etsin. Bizi heç vaxt diqqətdən kənar qoymur. İndi əsas məqsədim təsərrüfatımı inkişaf etdirmək və muxtar respublikamızda bu sahənin daha da irəliləməsinə töhfə verməkdir.
Müsahibim qeyd etdi ki, aprel və may aylarında havaların arabir yağışlı keçməsinə baxmayaraq, builki yaz mövsümü arıçılıq təsərrüfatları üçün əlverişlidir. Yağan yağışlar da təbiətə canlılıq, əlvanlıq qatıb. Ona görə də bu il məhsuldarlıq yüksək olmalıdır.
Hər iki arıçının söhbətindən görünür ki, muxtar respublikamızda bu sahə həmişə diqqətdə saxlanılır. Biz də inanırıq ki, “İxrac ili” arıçılar üçün də uğurlu olacaq, arıçılıq təsərrüfatlarının fəaliyyəti istiqamətində həyata keçirilən mühüm tədbirlər muxtar respublika iqtisadiyyatının inkişafına geniş imkanlar yaradacaq.

 Güntac ŞAHMƏMMƏDLİ