Bu qış heç əvvəlki qışlara bənzəmir. Göy elə bil yerə qar payını əsirgəyib. Qışın böyük çilləsində diyarımızın dağlarına, rayon və kəndlərinə ara-sıra qar yağdı. Kiçik çillə girəndən isə elə bil özü ilə bərabər ruzi-bərəkət rəmzi olan qarı da gətirib. Bu günlər yurdumuza yağan bol qar bizi bir daha sevindirdi. Bir anda hər tərəf ağ örpəyə büründü. Bu qar bizi uşaqlığımızın ən gözəl, sevincli, yaddaqalan xatirələrinə apardı. Gecə qəfil yağan qarı səhər pəncərədən seyr etmək bizi nə qədər xoşbəxt edirdi. Əynimizi qalın edib tələsik həyətə çıxırdıq. Bayırda əvvəlcə göydən əl-üzümüzə düşən sehrli qar dənəciklərini tutmağa çalışır, sonra xüsusi təbəssüm və sevinclə qartopu düzəldib bir-birimizə atırdıq. Bu qartopu oyununun sonu uşaqlardan bir neçəsinin qarın üzərinə yıxılması, digərlərinin də bundan istifadə edib onları qara qərq etməsi ilə bitərdi. Üzümüz, qulaqlarımız qızarmış, əynimiz ağappaq evə gələrdik, amma o gözəlliklərdən doymaz, yenə oynamağa tələsərdik. Əlbəttə ki, həmin xatirələr bu gün üçün də yad deyil... Öz rəngi ilə aydınlıq, təmizlik simvolu olan qarın yağmağına ən çox uşaqlar sevinir. Hər yeri uşaqların şən gülüş səsləri bürüyür. Onlar məktəbə yollanarkən, tənəffüs vaxtı, dərsdən çıxıb evə qayıdarkən küçədə, həyətdə əlləri şaxtadan göynəyənədək, əlcəkləri islananadək qartopu oynayırlar. Qış fəslində qartopu oynamaq, qar adamı düzəltmək, xizəklə sürüşmək onların ən sevimli əyləncəsidir. Uşaqların bu sevincinə balacalar, hətta bir anda uşaqlaşan böyüklərimiz də qoşulur...

Payızda yarpaqlarını tökən çılpaq ağacların qarı özünə libas etməsində, pəncərələrin şüşəsinə dəyib göz yaşı kimi axan damlalarda, saatlarla ağappaq buludlardan ahəstə yağmağa davam edən qarın göy üzü və yerin rəngini eyniləşdirməsində qışın gözəlliyi duyulur. Bu gözəlliklər – havada uçuşan qar dənəcikləri bizi nağıllar aləminə aparır. Yer üzünə döşənən ağappaq xalı çirklənməkdən qorxmadan böyüklü-kiçikli hamıya qucaq açır. Qar yağır, dayanır və tədricən əriməyə başlayır. Yorulur sanki... Özünə güc toplayır və yenidən davam edir yağmağa. Ağ örpəyə bürünmüş dağlara, düzlərə baxanda kiçik qar dənəciklərinin “yaradıcılığı” adamı valeh edir.
Qar gözəl, zərif, heyrətamizdir. Digər fəsillərin hər biri rəngarəngdir. Qışın isə yalnız bir rəngi var – bu, qar rəngidir. Hər dəfə qar yağdıqca, sanki sevimli qonağımız gəlir yurdumuza. Çünki “qar çox olan il məhsul bol olar”,– deyirlər. Qarın gətirdiyi bar-bərəkətə inanan insanlar onu Tanrının göndərdiyi “ruzi payı” kimi dəyərləndirirlər. Deməli, nə qədər çox qar yağarsa, yazda, yayda çaylar, bulaqlar sulu, zəmilər yaşıl, məhsul bol olacaq. Beləliklə, qar həm də növbəti ilin məhsul sevincinin müjdəçisidir. Qar təbiətlə bərabər, insanların sağlamlığı üçün də əhəmiyyətlidir. Belə ki, qarın yağması həm də insanlara təmiz və oksigenlə zəngin hava ərməğanıdır.

Ulduztək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduztək üstümə səpələn, ey qar,
Belə təmizliklə isinmək olar.

Xalq şairi Musa Yaqubun “Ulduztək üstümə səpələn, ey qar...” şeirinin bu bəndində də deyildiyi kimi, bəli, bağışlamaq olar qarın soyuqluğunu. Çünki indi artıq muxtar respublikamızda qarın gətirdiyi qayğılar hiss olunmur. Bu gün Naxçıvan şəhərində, rayon və kəndlərimizdə yaradılan şərait nəticəsində diyarımızın sakinləri qar yağsa da, istilik, elektrik enerjisi, yolların bağlanması və digər problemlərlə qarşılaşmırlar.
Qarın yaratdığı füsunkar mənzərələri seyr etdikcə, bəmbəyaz dona bürünmüş şəhərimizi gəzdikcə insanlara üz tutub demək istəyirəm: Qarın sevincini doya-doya yaşayın, çünki səhər yenidən Günəş çıxacaq, qar əriyəcək... Və yenə növbəti qarı səbirsizliklə gözləməyə başlayacağıq...

 Güntac ŞAHMƏMMƏDLİ