Doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz bayramı rəsmi bayramlarımızdan biridir. Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik mövsümünün başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzunömürlü bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. 

Bu bayram öz gəlişi ilə insanlarda canlanma, xoş əhval-ruhiyyə yaradır. Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunan Novruz bayramı Ordubad rayonunda bir sıra xüsusiyyətləri ilə diqqət çəkir.
Yeni gün, yeni il bayramı hesab edilən Novruza hazırlıq tədbirləri bir neçə gün qabaqdan, çox vaxt elə ilk çərşənbədən başlanır. Bu sırada təmizlik (təzələnmək) işləri xüsusi yer tutur. Tədqiqatçıların sözləri ilə desək, “Ordubadda hələ Novruz bayramına bir ay qalmış evlərdə qapılar, pəncərələr, otaqların yeri, tavanı, divarları, şüşəbəndlər, eyvanlar və sair süpürülər, silinər, yuyular, tozdan-çirkdən təmizlənərdi. Həyətlər, bağçalar çalğı ilə təmizlənərdi. Xalça-palaz, yorğan-döşək, paltar və sair çırpılar, havaya sərilərdi. Ev-eşik, həyət-baca səliqə­-sahmana salınardı”.

Novruz bayramında insanların əsas arzusu yeni ilin bar-bəhərli olması, bolluq-bərəkət gətirməsi ilə bağlıdır. Odur ki, Novruza hazırlıq tədbirləri sırasında ordubadlılar azuqə tədarükünə xüsusi diqqət yetirərlər: “Bayram üçün azuqə – yarma, əriştə, ət (və ya qovurma), yağ, yumurta, düyü, doşab, qənd, şəkər, bal, şirniyyat, quru meyvə, çərəz və sair tədarük olunar, bayram üçün təzə paltarlar, hədiyyələr, ev əşyaları alınardı.
Ordubadda bayrama iki həftə qalmış səməni cücərdirlər. Bayram kökəsi, cəvizli kökə, yağlı kətə və digər şirniyyatlar bişirərlər. Ata-­babadan qalma adətlərdən biri də doğmaların məzarlarını ziyarətdir. Axır çərşənbədən əvvəlki cümə axşamı əvvəl qadınlar, sonra isə kişilər dəstə ilə qəbiristanlığa gedər, məzarları ziyarət edər və dua oxuyarlar. Qəbirüstünə gedilən gün halva çalınması vacib ənənələrdən biridir.
Bayramdan qabaq, ilaxır çərşənbədə qızlar, gəlinlər qulaq falına çıxar, qohumların, qonşuların söhbətlərinə xəlvəti qulaq asar, eşitdiklərini yozarlar. Ona görə də bayram günlərində xoşagəlməz hadisələr haqqında danışılmaz, kədərli xatirələr yada salınmaz, şən əhval-ruhiyyədə olar, xoş sözlər söylənilər.
Axır çərşənbə zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Bayram axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir. Həmin gün əhalinin çox hissəsi ən gözəl libaslarını geyinir. Bu günü həmişə çox şən keçirirlər ki, il insanlar üçün uğurlu və düşərli olsun. Bunun üçün ürəklərindən keçən arzuları, niyyətləri tutub alovun üstündən tullanırlar. Bu zaman deyilir: “Ağırlığım, uğurluğum bu odda yansın”. Səhər sübh tezdən insanlar gedib çaylarda, arxlarda, bulaqlarda əl-üzlərini, ayaqlarını yuyar, su üstündən adlayarlar.
Ordubadda Novruzun ən çox sevilən ərəfəsi məhz “Yeddiləvin”lə əlaqəlidir. Bu, xalq təqviminə görə, köhnə ilin tamam olub, yeni ilin başlandığı vaxtdır. “Yeddiləvin günü” süfrələrə 7 adda cürbəcür nemətlər düzülür. “Yeddiləvin axşamı” tonqallar qalanır. Əhalinin bayram sevincini ifadə edən tonqal həm həyətlərdə, həm də dağların uca nöqtəsində yandırılır. Bu, hamının bayram sevincini birə-beş artırır. Daha sonra hamı Novruzun qədəm qoyduğu günü səbirsizliklə gözləyir.
Martın 21-nə keçən gecə süfrələr açılır, onun üzərinə müxtəlif şirniyyatlar, şəkərbura, paxlava, müxtəlif növ halvalar, kökələr, kətələr, meyvə quruları, cəviz, iydə, mövüc, sucuq, alana və başqa nemətlər düzülür. Geniş süfrə açmaqda məqsəd bolluq, bərəkət dolu bir ilə qədəm qoymaq, eyni zamanda bayram günlərində görüşə gələn qohum-qonşuları qonaqpərvərliklə qarşılamaqdır.
Bayramın birinci günündən başlayaraq hamı bir-birinə “bayramın mübarək olsun!” – deyər, qarşılığında eyni cavabı alar. Uşaqlar bayram günü qapı-qapı gəzib hər bir ailəyə uca səslə “bayramınız mübarək, neçə belə illərə çıxasınız”, – söyləyər, əvəzində ailədən bayram payı, rənglənmiş yumurtalar alarlar.
Novruz həm də insanların həyatına mehribanlıq, firavanlıq gətirir. Bu bayramda küsülülər barışır, incikliklər unudulur, hamı deyib-gülür. Martın 21-dən etibarən əhalinin bayram görüşləri başlayır. Yeni­yetmə gənclər, eyni zamanda kişilər və qadınlar özlərindən böyük bacı-qardaşlarının, valideynlərinin, ağsaqqalların, ağbirçəklərin görüşünə gedər, onlara hörmət əlaməti olaraq bayram payı apararlar.
Martın 21, 22, 23-də Ordubad şəhərində, eləcə də onun kəndlərində “Xanbəzəmə” oyunu təşkil olunur. Şəhərin “Sərşəhər” və ya “Mingis” deyilən meydanında Xan bəzədilir. Bir nəfər hündürboy, zəhmli adamı xan kimi bəzəyib taxt-taca əyləşdirirlər. Xan meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil, üç fərraş, bir cəllad isə onu qoruyur. İki nəfər yelpiklə xanı yelləyir. “Yaraqlı-yasaqlı” fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libasda, əlində balta meydanın aşağı başında gözləyir. Kosa ilə Keçəl tez-tez meydana girib xanı güldürmək istəyirlər.
Xan, adətən, çox ciddi görkəmdə olmalı, oyunun şərtinə əsasən gülməməlidir. Əgər gülərsə, meydanda və ya mərasimin təşkil olunduğu yerdə mövcud olan hovuzda camaat onu suya basır, ya da onu ciddi cəza gözləyir. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə, qaçmayan “xan” rolunu icra edən şəxs xalq tərəfindən mükafatlandırılır.
Bu bayramda uşaqların və böyüklərin sevdiyi nemətlərdən biri də boyanmış yumurtadır. İnama görə, hər bir evdə yumurta boyanmalıdır. Bayram görüşünə gedən hər kəs, əgər evdə balaca uşaq varsa, mütləq boyanmış yumurta aparır. Novruz bayramında yumurta oyunları böyük maraq doğurur. Ordubadda bayramda yaşına baxmayaraq, bütün insanlar bu oyunu oynayırlar. Kimin yumurtanı əlində və necə saxlayacağı, kimin isə üstdən və necə vuracağı razılaşdırılır. Yumurta döyüşdürərkən uduzan tərəf sınıq yumurtanı qalib gələnə verir.
Bayramdan sonrakı adətlərdən biri də bayram vaxtı göyərdilmiş səmənilərin axar suya atılmasıdır. İnanca görə, səməni axar suya atılarsa, ruzi-bərəkət ilboyu bol olar.
Göründüyü kimi, Naxçıvanda Novruz mərasimləri digər bölgələrimizlə müqayisədə özünəməxsus adət-ənənələr ilə keçirilir. Qədim diyarımızın sakinləri milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün el bayramımız olan Novruzu hər zaman böyük sevinclə, təntənəli şəkildə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar. Min illər olduğu kimi, Novruz ənənələri bundan sonra da yaşadılacaqdır.

 Güntac ŞAHMƏMMƏDLİ