Yallı  ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını,  mifoloji inanclarını aydın şəkildə çatdıran milli rəqsimizdir. Bu gün doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yallı sənəti inkişaf edir, qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
Bildiyimiz kimi, 2018-ci il 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri­­-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Gələcəkdə qədim diyarımızda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq baxımından bu qərar mühüm əhəmiyyət kəsb edir. Biz də sənət xadimlərimizlə həmsöhbət olub mədəniyyətimizin əbədilik simvolu sayılan yallılarımız haqqında onların fikirlərini öyrəndik.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, dosent Gülxarə Əhmədova qeyd etdi ki, bəzi imperialist maraqlara xidmət edən vicdanlar susanda‚ üzərində bu torpaqların bizə məxsus olduğunu sübut edən maddi-mədəniyyət nümunələri dinib-danışmağa başlayır. Etiraz edilib-edilməməsindən asılı olmayaraq, faktlar sübut edir ki‚ indiki Ermənistan ərazisi tarixən Azərbaycana məxsus olmuş türk torpaqlarıdır.
Ermənilərin istifadə etdiyi mahnı və rəqslərin, yallıların İrəvan və Naxçıvan oğuzlarına məxsusluğunu təsdiq edən, XIX əsr rus qafqazşünaslarına aid maraqlı faktları diqqətimizə çatdıran müsahibim vurğuladı ki, 1828-1832-ci illərdə Rusiya hökumətini İrəvan və Naxçıvan xanlıqlarında əhalinin kameral siyahıya alınmasına rəhbərlik etmiş İvan Şopenin bölgənin tarixinə aid yaddaş və təqvim xarakterli əsərində qeyd edir: “Ermənilər heç zaman milli nəğmələrə malik olmayıb. Ermənilər musiqini və nəğmələri azərbaycanlılardan götürüb. Onlar hazırkı­­ rəqsləri və oyunları azərbaycanlılardan iqtibas ediblər”. Bu yaxınlarda Naxçıvana məxsus rəqslərin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi ilə Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin növbəti dəfə qarşısı alınıb.
Ulu babalarımızın öz həyat tərzi, əməyi‚ mübarizəsi‚ sevgisi‚ nifrəti haqqında yaratdıqları sənətkarlıq nümunələri‚ qoşduqları mahnılar və nəğmələrimiz bu gün də yaşayır və yaşayacaq.
Müsahibim bildirir ki, hələ on min il bundan əvvəl Qobustan qayalarında və Gəmiqayada həm fərdi‚ həm də kütləvi rəqslərin ayrı-ayrı məqamları həkk edilib. Xalqımız yüz illər boyu özünün folklorunu‚ musiqisini‚ rəqslərini‚ ifa tərzini‚ hərəkət leksikasını yaradıb. Musiqi folklorumuzun ən geniş yayılmış janrı olan yallılar qədim azərbaycanlıların müxtəlif münasibətlərlə təşkil etdiyi mərasimlərdən yaranıb və inkişaf edib. Yallı xalqımızın qəhrəmanlıq salnaməsi kimi, birlik, həmrəylik, bərabərlik simvoluna çevrilib. Yallı sədaları altında igidlərimiz döyüşə yollanıblar, baba-nənələrimiz qol götürərək yallı tutub oynayıblar. Muxtar respublikamızın Şərur, Ordubad, Şahbuz və digər ərazilərində “Köçəri”, “El yallısı”, “Tənzərə”,“Siyaqutu”, “Dönə-dönə”, “Ürfanı”, “Üçayaq”, “Çöpüdü” (“Qazı-Qazı”), “Tello”, “Dördayaq”, “Naxçıvanı”, “Xələfi” və sair kimi yallılar məşhur olub.
Digər bir müsahibimiz Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevadır.
Yallı Naxçıvanın ənənəvi qrup rəqslərinə daxildir, – deyən müsahibim bildirir ki, Naxçıvanda yallı rəqsləri ad, melodiya, ifa variantları ilə geniş və zəngindir. Variantlılıq yallı rəqslərinin əsas yaşama və yayılma xüsusiyyətlərindən biridir. “Köçəri” yallısının variantlığı və spesifik xüsusiyyətləri bir çox tədqiqatçıların diqqətini cəlb edib. Onlar rəqsi məhz bu xüsusiyyətlərinə görə nota alıblar. 1965-1966-cı illərdə professor Bayram Hüseynli tərəfindən hazırlanmış “Azərbaycan xalq rəqs melodiyaları” adlı (iki dəftər) məcmuənin birinci dəftərinə “Köçəri” yallısı və digər kütləvi xalq rəqsləri (yallı­lar) daxil edilib.
Bu gün həmin rəqslərə sahib çıxmaq, onu gələcək nəsillərimizə çatdırmaq hər birimizin müqəddəs borcudur.
Musiqişünas Samirə Hüseynova isə bildirdi ki, bu gün dünya mədəniyyətinin əsas tərkib hissəsi olan Azərbaycan mədəniyyəti, incəsənəti bəşər sivilizasiyasına əzəmətli sənət əsərləri qazandıraraq onu zənginləşdirib. Təbii ki, yalnız zəngin mədəniyyəti, tarixi, maddi və mənəvi dəyərləri olan bir xalq bəşər sivilizasiyasının inkişafında bu qədər əhəmiyyətli rol oynamağa qadirdir. Bunun da nəticəsidir ki, ölkəmizin bir çox maddi və mənəvi dəyərləri dünya səviyyəli beynəlxalq təşkilatlar tərəfindən qorunan qeyri-maddi irs kimi tanınır.
“Dədə Qorqud” dastanı, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş­bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, tar ifaçılığı, kəlağayı UNESCO-nun Qeyri­-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Qarabağın çövkən ənənəvi atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun Təcili Qorunma Siyahısında yer alıb.
Müsahibim “Köçəri” və “Tənzərə” rəqslərinin doğma yurdumuz Naxçıvanda geniş yayılması, rayonlarımızın folklor kollektivləri tərəfindən repertuara daxil edilməsi və bir sıra mərasimlər, el şənlikləri, toylara xüsusi bəzək verməsi barəsində də danışdı. Məlum olduğu kimi, bir çox maddi və mənəvi dəyərlərimizi mənimsəməyə çalışan ermənilər “Köçəri” rəqsinə vaxtilə göz dikib, hətta Avroviziya mahnı müsabiqələrinin birində erməni nümayəndəsi finalda bu rəqsi erməni milli rəqsi kimi təqdim etməyə çalışıb. Təbii ki, o zaman Azərbaycan nümayəndə­liyinin haqlı etirazı və müdaxiləsi nəticəsində ermənilər bu niyyətlərini də həyata keçirə bilməyiblər. Bu gün Azərbaycan mədəniyyətinə laqeyd qala bilməyən beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətini bir daha etiraf etmiş oldu.
Onu da qeyd edək ki, dekabrın 15-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanışı münasibətilə təşkil olunan konsertdə “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları gurultulu alqışlarla qarşılanıb.
Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcrinin, eləcə də Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin çıxışları da bir daha sübut etdi ki, burada ifa olunan yallılar Naxçıvanın özünəməxsusluğunu, tarixini və zəngin mədəni irsini nümayiş etdirir, əzəldən bu torpağa məxsusdur və bundan sonra da əbədi olaraq qalacaqdır.

 Güntac ŞAHMƏMMƏDLİ