Səyahət etmək hər fəsildə gözəldir, xüsusilə də yayda. Bu fəsildə insanlar səyahət üçün havası təmiz, sərin, yaşıllıq və ağacların bol olduğu, həm də yaxşıca gəzib tanıya biləcəkləri yer axtarırlar. Deyərdim ki, bu məkan çox uzaqda deyil. Dünyanın istənilən nöqtəsindən gözəl Naxçıvanımıza gəlib onun səfalı bölgələrində dincələ bilərsiniz. Bu qədim diyar başdan-başa bir cənnətdir. Yolları abad, təhlükəsiz, insanları mehriban, qonaqpərvər, gəzməyə isə kifayət qədər tarixi yerlər, mədəniyyət müəssisələri vardır. Haqqında söhbət açacağım bölgə isə meyvələri, limonu, qayğanağı ilə məşhur, qədim tariximizin izlərini özündə yaşadan, “Azərbaycanın incisi” adlandırılan Ordubad rayonudur. Fərqli təbiəti, iqlimi, abidələri, milli-memarlıq nümunələri ilə tanınan bu bölgə indi də öz qədimliyini qoruyub saxlayır. Buraya ayaq basan ­insanları da ilk baxışda məhz bu xüsusiyyət cəlb edir. 

 

Naxçıvan şəhərindən, təqribən, 80 kilometr aralıda yerləşən Ordubad şəhərinə və ətrafındakı kəndlərə mütəmadi işləyən avtobuslar sizi görməyə tələsdiyiniz məkana daha tez çatdıracaq. Landşaft gözəllikləri Naxçıvan şəhərinin çıxışından başlayıb yolboyu sizi darıxmağa qoymayacaq. Zəngəzur silsiləsinin fonunda dərin təəssürat yaradan əzəmətli Haçadağ gözünüzü, Culfa şəhərinə yaxınlaşdıqca Araz çayı mənzərəsini seyr etmək isə könlünüzü oxşayacaq. Ordubad şəhərini şimal və şimal-şərq tərəfdən əhatə edən sərt sıldırımlı dağların mənzərəsi sizi uzaq düşüncələrə qərq edəcək. Bir qolu Ordubadın kəndlərinə, bir qolu Dəstə kəndinə, digər bir qolu isə Ordubada gedən “Dəstəbaşı” deyilən yerə çatdığınızda artıq rayona az bir məsafə qaldığını hiss edəcəksiniz. Özünəməxsus havası ilə seçilən bu rayona daxil olarkən marağı cəlb edən ilk gözəllik Bəlkə və Bərəkə dağlarının görüntüsü olacaq. Bu qeyri-adi şəhərin mərkəzinə doğru irəlilədikcə burada müasirliyin və tarixi gözəlliyin sehrinə qapılacaq, istənilən nöqtədə dayandıqda hansısa bir mənzərəni seyr edə biləcəksiniz. Tarixi binalar, muzeylər, nəhəng Ordubad çinarları, qədim meydanlar – bütün bunlar sizi şəhərlə tanışlığa səsləyəcək. Ordubadı səciyyələndirən Sərşəhər (Şəşəri), Ambaras, Mingis, Kürdatal (mərkəz), Üçtürləngə kimi qədim məhəllələri tanıyacaq, hər məhəllənin meydanı, məscidi, çeşməsi sizdə yeni təəssürat yaradacaq. Hər baxımdan görməli yerləri gəzdikcə heç bir yerdə rast gəlməyəcəyiniz memarlıq üslubu, xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən, planı rəngarəng və özünəməxsus olan yaşayış evləri, materialı cəviz və digər meyvə ağaclarından olan “taqqılbab” və “zəncirbab” qapılar, qədim şəbəkə sənətinin izlərini özündə yaşadan məscidlər, yaşı min illərlə ölçülən, tarixə şahidlik edən çinarlar şəhəri tanımaq marağınızı daha da artıracaq. Füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi Göygöl burada dincəlmək istəyənlərə xüsusi zövq verəcək.
Mənbəyi qar sularından mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, qonaqpərvər, safürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları da valeh edib. XX əsrin əvvəllərində bölgəni ziyarət etmiş səyyah Nefodov yazmışdı: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.

Ordubadın təmiz havası, suyu, təbiəti, tarixi, mədəniyyəti, yerli əhalisinin adət-ənənələri, milli mətbəx nümunələri ilə tanışlığa həvəslənəcəksiniz. Əgər bu yurda ayaq basmışsınızsa, Ordubad limonu ilə verilən çayın dadına mütləq baxacaqsınız. Ölkəmizdən kənarda da adla tanınan bu limon bölgənin zəngin və füsunkar təbiətinin məhsuludur. Rayonun kəndlərinin hansı birində qonaq olsanız, yerli mürəbbələrlə birlikdə qonaq edilən samovar çayının dadına bir də baxmaq istəyəcəksiniz. Şəhərin mərkəzi meydanında, Cümə məscidinin sağında yerləşən çayxana isə nəinki bölgə sakinlərinin, eləcə də bura gələn qonaqların əsl istirahət məkanıdır. Yaşı əsrlərə bərabər olan çinarların kölgəsi bu istirahəti daha da mənalı edəcək.
İqliminə görə ilin bütün fəsillərində gözəl olan Ordubadın cəlbedici xüsusiyyətlərindən biri də vaxtilə ipəkçilik və ticarət mərkəzi kimi məşhur olmasıdır. Tarixi mənbələrə əsasən Naxçıvan və Kirandan sonra üçüncü şəhər sayılan Ordubad XIII əsrdən başlayaraq Azərbaycanın 260 tümən illik hasilatının toplandığı 21 iri şəhəri sırasına daxil olub.
Ordubad həm də Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. İndi də öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyub nəsillərdən-­nəsillərə ötürür. Heç təsadüfi deyil ki, Ordubad tarixi şəhər kimi 24 ok­tyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.
Onu da deyək ki, insanların diqqətini cəlb edən, dünyanın müqəddəs panteonlarından sayılan, dəniz səviyyəsindən 3900 metrdən də artıq hündürlükdə yerləşən Qapıcıq dağının ətəyində fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya abidəsi burada yerləşir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə möcüzəli biçimdə yaranmış bu abidə haqqında ulu öndər Heydər Əliyev demişdir: “O, təkcə təbiətin böyük bir abidəsi olmayıb, eyni zamanda min illərlə insan yaradıcılığının məhsuludur”.
Sərt və sıldırım qayaların üzərində cızılmış insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, piktoqrafik xarakterli rəmzi işarələr və səma cisimləri ilə əlaqədar daş üzərində qazılmış təsvirlər ciddi maraq doğurmaqla qədim türk xalqlarının totemlərlə bağlı inanclarını, həyat və məişət tərzini, mədəni inkişaf yollarını hərtərəfli izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazilərində eramızdan əvvəl II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar da görənləri təəccübləndirir.
Qiymətli su mənbəyi olan kəhrizlər də buranın qədim tarixindən soraq verir. Başqa bölgələrdən fərqli olaraq yeraltı tunellər şəklində tikilən kəhrizlərin bir çoxu qırxpilləlidir.
Qədim tarixi və arxeoloji abidələri bura gələn qonaqlarda rayon haqqında zəngin təəssürat yaradır. 1990-1992-ci illərdə Ermənistanın işğalçılıq cəhdləri nəticəsində Ordubad rayonunun bir sıra kəndlərində məscid və bir neçə tarixi abidə dağıdılmışdı. Sevindirici haldır ki, dövlət qayğısı ilə Ordubad ərazisində mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr yenidənqurma və tikinti işləri nəticəsində əsaslı surətdə təmir və bərpa edilib.
Burada XIV əsrin yadigarları Mingis, Cümə, XVIII əsrə aid Sərşəhər, Təkeşiyi, Üçtürləngə məscidləri, XIX əsrin Ordubad hamamı, XVII əsrin orijinal tikililərindən sayılan Qeysəriyyə (Zorxana), XVIII əsrə aid Pir Eyvaz türbəsi ulu keçmişimizin tarixi yadigarlarındandır. Ordubadda Məlik İbrahim türbəsi, Əfqan qalası, Babək qalası, Şah dağı, Cahartac abidələri, Gürdətal məhəllə qəbiristanlığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu da onun qədim tarixindən xəbər verir.
Şəhərin mərkəzi meydanında ucalan 7 min nəfərlik Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də qonaqları heyrətə salır. 1275-ci ildə tikilən məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb.
Şərqin ən böyük riyaziyyatçısı və alimi Nəsirəddin Tusinin, Azərbaycanın görkəmli yazıçısı Məmməd Səid Ordubadinin, kimyaçı-alim Yusif Məmmədəliyevin və digər alimlərin Vətəni olan Ordubad şəhərində Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin, maarifçi Məhəmməd Tağı Sidqinin ev-­muzeyləri, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi də buraya gələnlərin ən çox ziyarət etdikləri yerlər sırasındadır. Hazırda Tarix-Diyarşünaslıq Muzeyi yerləşən, özünün arxitektura xüsusiyyətləri, ornamentləri, kompozisiya quruluşu və tərtibatı ilə seçilən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Bu bina bir böyük və ona bitişik 16 kiçik günbəzdən ibarət olmaqla, gözəl memarlıq üslubunda tikilib. Burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və yazılı mənbələr, Ordubadın görkəmli elm xadimləri, yetirmələri, qəhrəmanları haqqında məlumatlar sizdə dərin təəssürat yaradacaq.
Rayonun Dəstə, Vənənd, Əylis, Nüsnüs və başqa kəndlərində olan abidə və məscidlər təkcə dini ziyarətgahlar kimi deyil, həm də tikinti, arxitektura xüsusiyyətlərinin orijinal­lığına görə diqqəti cəlb edir. Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XVI əsrin yadigarı olan Qırxkimsənə piri son illərdə ən çox ziyarət edilən yerlərdən biridir.
Ordubad təkcə tarixi abidələri ilə deyil, həm də zəngin mətbəx nümunələri ilə insanları cəlb edir. Qayğanaq, paxlava, daş küftəsi, əriştə aşı, quru meyvələr və adını sadalamadığımız onlarla belə məşhur nemətləri diqqəti çəkir. Bağlar diyarı kimi tanınan Ordubadda yetişdirilən ərik, şaftalı, cəviz və digər meyvələrin misli-bərabəri yoxdur. Tanınmış səyyah Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazırdı: “Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.
Bu gün də özünün yüksək intellektli ziyalıları, zəhmətsevər insanları, dövlətçiliyə sədaqətli əhalisi ilə tanınan Ordubad tanışlıq turizminin əsas mərkəzlərindən biri kimi həm gəzib-görmək və dincəlmək, həm də ağız dadını dəyişmək üçün ən gözəl seçimdir.

 Güntac ŞAHMƏMMƏDLİ