“Şərq qapısı” – 100


Regionların iqtisadi inkişaf səviyyəsi, hər şeydən əvvəl, burada mövcud olan bütün iqtisadi resursların dövriyyəyə cəlb edilməsi ilə daxili istehsal potensialının yaradılması, məşğulluğun təmini ilə ölçülür. Bu mənada, Naxçıvan Muxtar Respublikasının müasir iqtisadi inkişafında daxili ehtiyatlar hesabına yerli istehsal-iqtisadi potensialın yaradılması prioritet istiqamət kimi öz aktuallığını qoruyur. Bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunması, 350 növdə məhsula tələbatın yerli imkanlar hesabına ödənilməsi də məhz bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. 

 

Təcrübə göstərir ki, uğurlu iqtisadi layihələr əksər hallarda bu məqsədlə zəruri olan ehtiyatların və onların əsasında istehsal edilən məhsulların təbliği və tanıtımı ilə reallaşır. Muxtar respublikamızda özəl biznesin təbliği və təşviqi, yerli məhsulların sərgisi, eləcə də kütləvi informasiya mənbələrinin bu vacib işə dəstəyi qarşıya qoyulmuş məqsədlərə çatmağa mühüm töhfə verir. Bununla yanaşı, 2021-ci ildə 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzetinin səhifələrinə nəzər saldıqda bu təbliğatın hələ müstəqillik illərindən xeyli əvvəl vaxtlarda aparıldığını deyə bilərik.
Hazırda Naxçıvanda, əsasən, yerli xammal hesabına yaradılmış çox sayda istehsal sahəsi fəaliyyət göstərir. Müstəqil ölkəmizin inkişaf edən bir regionu olaraq bu, indi adi hal kimi görünsə də, keçmiş ittifaqda mərkəzin maraqları baxımından ucqar regionların belə inkişafı haqqında danışmaq çətin idi. Ancaq buna baxmayaraq, 50-60 il əvvələ qayıdıb qəzet səhifələrinə baxdıqda Naxçıvanın qiymətli təbii sərvətlərinin istifadəsi, onların təbliği haqqında çox sayda yazılara rast gəlirik. Hələ qəzetin 10 yanvar 1969-cu il sayındakı “Naxçıvanın təbii sərvətləri” adlı yazıya nəzər salsaq, görərik ki, ozamankı müəlliflər ekspert fikirlərinə əsaslanaraq Naxçıvan təbiətinin, yeraltı, yerüstü sərvətlərin istifadəsinə çağırıb, öz torpağımızın sərvətinə özümüzün necə sahib ola bilməyimiz haqqında düşüncələrini cəsarətlə paylaşıblar. Yaxud qəzetin 28 aprel 1971-ci il tarixli sayında dərc olunmuş “Naxçıvan markası ilə” başlıqlı yazı isə tamamən günümüzün aktuallığı çərçivəsində tez-tez mətbuatda yayımlanan və ən çox da ixrac məhsullarımızdan bəhs edən bütün bu mövzudakı məqalələrin, bəlkə də, ən birincisidir. Məqalənin dərc olunma tarixinə diqqət yetirsək, burada digər bir maraqlı məqamın da təsadüfi olmadığını görərik. Buna bənzər digər bir məzmunlu və daha cəsarətli yazı isə qəzetin 28 aprel 1972-ci il tarixli sayındakı “Naxçıvan dünyanı gəzir” adlı maraqlı məqalədir. Yazıda istehsal yeri Naxçıvan olan 40-dan artıq məhsulun keçmiş ittifaqın və hətta xarici ölkələrin istehlakçılarına çatdırıldığı qeyd edilir. Qəzetin 29 iyul 1974-cü il sayında isə “Şad xəbərlər” başlıqlı xəbərdə Naxçıvanın “Badamlı” mineral suyunun keçmiş Almaniya Demokratik Respublikasındakı beynəlxalq yarmarkada uğurla sərgilənməsi və ümumilikdə, Naxçıvanda istehsal edilən bütün mineral suların keçmiş ittifaqın 70 şəhərinə ixrac olunması haqqında məlumatı oxuyuruq. İnsanların milli şüurunun özünəqayıdışı, təbii sərvətlərə sahib çıxma hisslərinin təbliğ olunduğu belə yazılar daha sonra qəzetin 7 noyabr 1976-cı il sayında “Naxçıvan markasının şöhrəti”, 7 aprel 1978-ci il sayında “Xələc mərmərinin şöhrəti”, 30 avqust 1981-ci il sayında “Duz dağının şöhrəti”, 20 oktyabr 1981-ci il sayında “Ordubad konservi şirindir, ləzizdir”, 22 iyul 1982-ci il sayında “Buzqov daşı”, 19 noyabr 1982-ci il sayında “Naxçıvan” markasının şöhrəti” başlıqları ilə dərc olunub.
Bu gün Naxçıvanda ailə təsərrüfatları forması ilə biznesin təşəkkül tapmasında geniş təcrübə əldə edilib. İnsanların sahib olduğu təbii ehtiyatlardan faydalanmaq üçün aparılan dövlət siyasəti bu sahədə öz bəhrəsini verir və hazırda Naxçıvandakı ailə təsərrüfatları geniş çeşiddə yüksəkkeyfiyyətli məhsullar istehsal edirlər. Keçmişə dönüb qısa nəzər saldıqda isə hələ sovet dönəmində Naxçıvanda yaşayan insanların sahibkarlıq düşüncələrinin mövcud olduğunu və motivlər əsasında qəzetdə yazılar getdiyini görə bilərik. Bu mənada, qəzetin 13 may 1983-cü il tarixli sayındakı “Yardımçı təsərrüfat: dünən, bu gün, sabah” adlı yazı o zamanlar iqtisadiyyatda mühafizəkarlıq buzlarının qırılması ilə formalaşan sərbəst iqtisadi düşüncənin qəzetdəki parlaq bir təbliği idi. Daha sonra belə sərbəst sahibkarlıq çağırışları qəzetin digər saylarında da sıx-sıx rast gəlinməyə başladı.
1980-ci illərin əvvəllərindən başlayaraq keçmiş SSRİ-də kooperativlər yaradılmasına icazə veriləndən sonra hər yerdə olduğu kimi, Naxçıvanda da bu sahəyə ciddi maraq yarandı və bu da “Şərq qapısı” qəzetində geniş mövzuya çevrildi. Bu mənada, Naxçıvanda ilk kooperativin fəaliyyətə başlamasından xəbər yerən 5 iyun 1987-ci il tarixli nömrədəki “Ağzınız şirin olsun” adlı yazının rubrikası da olduqca diqqətçəkici idi – “Fərdi əmək, ümumi fayda!” Daha sonrakı nömrələrdə “Kooperativlər, ilk addımlar, imkanlar, problemlər” (10 aprel 1988-ci il), “Müəssisə markası” (14 aprel 1988-ci il), “Kooperasiya tərəqqi yoludur” (7 fevral 1989-cu il), “Naxçıvan dünyaya çıxır” (3 may 1989-cu il) adlı məqalələrə rast gəlmək mümkündür.
1991-ci il sentyabrın 3-də Azərbaycan xalqının həyatında dönüş ili olacaq mühüm bir hadisə baş verdi. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bundan sonrakı dövrlərdə ulu öndər Naxçıvanda iqtisadiyyatın inkişafı, yerli istehsalın genişləndirilməsi üçün əvəzsiz xidmətlər göstərmişdir.
Muxtar respublikamızda müasir dinamik inkişafa keçid mərhələsi olmuş 16 dekabr 1995-ci il tarixdə cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonrakı dövrdə Naxçıvanda bütün sahələrdə, o cümlədən sahibkarlığın inkişafında da yeni mərhələ başladı. Bundan sonra muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər yerli imkanlar hesabına sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və onun dövlət səviyyəsində dəstəklənməsi üzrə davam etmiş, muxtar respublikanın rəsmi dövlət qəzeti “Şərq qapısı”nda da bu istiqamətdə çox sayda yazılar dərc olunmuşdur.


Əli CABBAROV

Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi
münasibətilə keçirilən yaradıcılıq
müsabiqəsinə təqdim edilir.