“Şərq qapısı” – 100

“Şərq qapısı” məktəbində təhsil alan

tələbələrdən biri kimi...

Balaca yaşlarımdan, hələ məktəbdə oxuyarkən müəllimimiz inşa yazmağı tapşıranda tükənməz sevgi ilə yazar, qələm və kağızdan heç ayrılmaq istəməzdim. Bu, heç olmasa həftədə, on gündə bir olardı. Qələm və kağız ən yaxın sirdaşım olmuşdu. Evimizdə qarşıma çıxan qəzetləri saatlarla oxumaqdan böyük zövq alar, efir qarşısında əyləşib, müxbirlərin hazırladıqları verlişlərə baxmaqdan yorulmazdım. Böyüyəndə jurnalist olmaq həvəsi ilə kökləmişdim düşüncələrimi. Lakin anamın ən böyük arzusu bacımla mənim müəllim peşəsinə yiyələnməyimiz idi. Nəhayət, anamın arzusu gerçəkləşdi, İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul oldum. Belə bir deyim var: Sən saydığını say, görək fələk nə sayır. Niyyətim hara, mənzilim də ora oldu. Düz 14 il bundan əvvəl təhsil aldığım ali təhsil ocağından çıxıb evimizə deyil, “Şərq qapısı” redaksiyasına tərəf yollandım. Bu sahədə əldə etdiyim uğurların hər biri həyat hekayəmin başlanğıc səbəblərindən biri oldu. Mənim bu peşəyə olan vurğunluğum birə-beş artdı.


Yaxşı xatirimdədir. Doğma qəzetdə ilk məqaləm 2007-ci ilin mart ayının 16-sı dərc olundu. Qəzet səhifəsində imzamı görəndə dünyanın ən xoşbəxt insanı hesab etdim özümü. Axı təkcə muxtar respublikanın deyil, ölkəmizin ən yaşlı və tanınmış, qələm sahiblərindən ibarət güclü jurnalistlər məktəbi yaratmış kütləvi informasiya vasitəsi sayılan “Şərq qapısı” qəzetində yazılarımın dərc olunduğunu görmək çoxdankı arzum idi. Qeyri-ixtiyarı həmin yazını qəzet səhifəsində dəfələrlə oxuyub, sonra təkrar qəzeti bükmüşdüm. Və elə o zaman anlamışdım ki, əgər bir insan gördüyü işi sevərəkdən edərsə, bütün çətinlikləri aşmağa hazır olar. Beləcə, günlər bir-birini əvəz etdikcə “Şərq qapısı” adlı məktəbdə “təhsil alanlar” sırasına mənim də adım yazıldı. Nə xoş mənə ki Muxtar Məmmədov, Səxavət Kəngərli, Cəfər Əliyev kimi peşələrinin vurğunu olan jurnalistlərlə bir yerdə çalışmaq nəsibim oldu. Müəyyən zaman kəsiyindən sonra ailə vəziyyətimlə əlaqədar “Şərq qapısı”ndakı müxbirlik fəaliyyətim başa çatsa da, bir jurnalist kimi həm “Şərq qapısı”nda, həm də digər qəzet və jurnallarda yazılarım dərc olunur.

Qocaman mətbu orqanın keçdiyi yol…

Xalqımızın ümummilli lideri Heydər Əliyev “Şərq qapısı”ndan haqqında bəhs edərkən deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. Ulu öndərin bu fikirləri, ümumilikdə, milli mətbuatımıza verilən yüksək dəyərin əyani ifadəsidir. İnsanları maarifə çağıran, nura qərq edən, diyarımızın yaşadığı çətin və xoş günlərinin bələdçisinə çevrilən “Şərq qapısı” qəzeti muxtar respublikanın mətbuat tarixində böyük xidmətləri ilə seçilməkdədir. XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra “Şərq qapısı”nın həyatında yeni dövr başlanmış, 1990-1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuat orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan “Şərq qapısı” da xeyli bəhrələnmiş, qəzetin maddi-texniki bazası gücləndirilmiş və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Doğma diyarımızın canlı tarixini yaşadan, düz bir əsr əvvəl – 1921-ci ilin payızında işıq üzü görən “Şərq qapısı”qəzetinin nəşrində çətinliklər də az deyildi. Ancaq o dövrdə bu qəzetdə çalışan ziyalılar heç bir çətinliyə baxmadan öz vəzifələrinin öhdəsindən gəlməyə çalışır və buna nail olurdular.
Qəzet həmin dövrdə muxtar respublikamızda fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur.

“Şərq qapısı”na göstərilən dövlət
qayğısı və muxtar respublikada
jurnalistikanın inkişafı...

Qürur hissi ilə deyə bilərik ki, bu gün “Şərq qapısı” qəzeti yüksək dövlət qayğısı ilə əhatə olunub. Belə ki, 2010-cu ildə qəzet redaksiyası üçün yeni bina tikilib istifadəyə verilib və hər cür şərait yaradılıb. Redaksiya və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verildikdən sonra qəzetin rəngli nəşrinə başlanılıb. 2012-ci ildə isə qəzetin www.serqqapisi.az saytı istifadəyə verilib. Saytı dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Qeyd edək ki, sayt qəzetin arxiv bazasını təşkil edir. Cəsarətlə və qürurla, demək olar ki, “Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamə vəzifəsini uğurla yerinə yetirir. Qəzet bu gündə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı isə göstərilən qayğının daha bir ifadəsidir. Sərəncamda deyilir: “1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur”.
Bir sözlə, muxtar respublikamızda jurnalistlərə göstərilən qayğı, jurnalistikanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönül tədbirlər, söz, mətbuat azadlığının təmin olunması hər birimizin qəlbini fərəhlə doldurur. Mətbuat dövrün, zamanın salnaməsi, güzgüsüdür. Ali Məclis Sədrinin sözləri ilə desək: “Mətbuat bu günümüzlə gələcəyimiz arasında həm də mənəvi bir körpüdür, bağdır”. “Şərq qapısı” məktəbində formalaşan bir gənc olaraq bu gün qəzet səhifələrində muxtar respublikanın qaynar həyatı ilə bağlı reportajların, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrlə bağlı yazıları oxuduqca qol-qanad açıb uçuram. Qəzetdə işlədiyim dövrdə “Şərq qapısı” qəzetinin arxivdə saxlanılan nömrələrinin saralmış səhifələrindən bir vaxtlar naxçıvanlıların yaşadıqları ağrılı-acılı günlərlə bağlı xeyli yazı oxumuşam. Artıq qəzet səhifələrində gündən-günə müasirləşən, gözəlləşən, insana yaşamaq və yaratmaq əzmi bəxş edən yazılar oxuyuruq.
Yeri gəlmişkən, nə az, nə çox düz yüz ildir ki, keşməkeşli yol gələn, çətinliklərlə rastlaşsa da, yorulmayan doğma qəzet ötən il II Qarabağ müharibəsinə şahidlik etdi. Torpaqlarımızın düşməndən azad edilmə xəbərlərini, cənab Prezidentimizin müraciətlərini və digər silsilə yazıları öz oxucularının ünvanına tez bir zamanda yetirirdi.
Bu gün qocaman mətbu orqanın 100 illik yubileyinin işığına yığışmışıq. Baş redaktorun yüksək jurnalist peşəkarlığı, yorulmaz səy və fədakarlığı sayəsində kollektiv canla-başla çalışır, günün nəbzi ilə səsləşən materialları qəzet səhifəsində yerləşdirməkdə əzmkarlıq nümayiş etdirir. Böyük iradə, güc və zəhmət tələb edən qəzetin ərsəyə gəlməsində birlik olub çalışan kollektivə uğurlar diləyir, doğma qəzet, yubileyin mübarək olsun, deyirəm.

Nuray ƏSGƏROVA
jurnalist

Məqalə “Şərq qapısı” qəzetinin
100 illiyi münasibətilə keçirilən
yaradıcılıq müsabiqəsinə təqdim edilir.