Həyatı jurnalistikasız təsəvvür etmək mümkün deyil. Müasir dövrdə isə çoxsaylı texnoloji vasitələrin çoxluğu informasiya mənbələrinin sayını artırsa da, peşəkar jurnalistikaya daha çox ehtiyac duyulur. Çünki informasiya peşəkarların əlində olanda cəmiyyətə daha obyektiv çatdırılır. Bu mənada, jurnalist kadrların hazırlığı dövrün ən aktual məsələlərindən biridir. Regionun mötəbər ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə fəaliyyəti ilə seçilir. Belə ki, bu il universitetdə Jurnalistika ixtisasının fəaliyyətə başlamasının 20 ili tamam olur. Elə bu yazıda da cəmiyyətdə baş verən hadisələrə düzgün yanaşmağın, obyektiv, qərəzsiz olmağın yollarını öyrədən jurnalistika kafedrasının keçdiyi şərəfli yola nəzər salmaq istədik. Müsahibimiz Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyevadır.


– Şəhla xanım, Jurnalistika kafedrasının fəaliyyətə başlaması tarixinə nəzər saldıqda ilk illəri necə xatırlayırsınız?
– Muxtar respublikanın jurnalist kadrlarla təmin olunması məqsədilə 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə universitetdə Jurnalistika ixtisası açılmış, 2002-ci ildə jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılmış, 2005-ci ildən etibarən isə Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanmışdır. Jurnalistikanın ilk tələbələri, həqiqətən, müəllimlərin yaddaşında intellektli, savadlı, çalışqan məzunlar kimi yadda qalıblar. İlk illərdə fənlərin tədrisində müəyyən çətinliklərin olmasına, ixtisasla bağlı kitabların çatışmazlığına baxmayaraq, tələbələr dərslərə çox həvəslə yanaşırdılar. İxtisasın açıldığı ilk illərdə Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bir neçə dəfə universitetimizə dəvət olunmuş, tələbələrlə seminar təşkil edilmişdir. Jurnalistika və media idarəçiliyi üzrə mütəxəssis Emin Hüseynzadə müəllim və tələbələr üçün “İnternet jurnalistika” mövzusunda seminar keçmiş, eyni zamanda tələbələr ASA-nın (Azerbaijan Study Academy) Azərbaycan Tədris Məktəbinin nitq mədəniyyəti və jurnalistika təlimçisi, tanınmış jurnalist İlhamə Novruzovanın Naxçıvanda keçdiyi təlimlərdə iştirak etmişlər. Bəxtiyar Sadiqov, İlham Tumas, Əflatun Amaşov, Rəşad Məcid və digər tanınmış jurnalistlərlə görüşlər tələbələrə jurnalistika sənətinə sevgi aşılamaq, peşə səriştəliliyi öyrətmək baxımından faydalı olmuşdu.
– Siz jurnalistikanı necə sənət hesab edirsiniz fitri istedadın bəhrəsi, yoxsa peşə bilikləri sayəsində sonradan qazanılan?
– Jurnalistika deyəndə, ilk növbədə, bir peşə olduğunu düşünürsən. Məlumdur ki, jurnalistin vəzifəsi cəmiyyəti operativ şəkildə informasiya ilə təmin etmək, xəbər çatdırmaq, məlumatlandırmaqdır. Jurnalistika praktik cəhətdən bir peşə sayılsa da, eyni zamanda həm də bir elmdir. Digər elm sahələrindən fərqli olaraq jurnalistikada təcrübə nəzəriyyəni üstələyir. Yəni nəzəriyyəni öyrənib təcrübəyə tətbiq edə bilməsən, jurnalist kimi çalışmaq qeyri-mümkündür.
– Bu gün jurnalistikanın missiyası və rolu barədə müxtəlif mülahizələr söylənilir, bəs, sizcə, bu peşənin əsas missiyası nədən ibarətdir?
– Jurnalistikanın əsas missiyası cəmiyyəti ictimai maraq kəsb edən, maraqlandıran informasiya ilə təmin etməkdir. Bu informasiyanı çatdırarkən həm də cəmiyyətdə ictimai rəy formalaşır. İctimai rəy məişətdən tutmuş dövlət idarəçiliyinə, siyasətədək bütün sahələrə öz təsirini göstərir. Cəmiyyətə xidmət edən jurnalist çiynində ictimai yük daşıyır. Buna görə də jurnalistika həm də həqiqətə xidmət etməlidir, yəni həqiqəti deməli, həqiqəti yazmalıdır. İnformasiya doğru, dürüst, dəqiq, qərəzsiz olmalıdır. Bundan başqa, bildiyimiz kimi jurnalistikanın üç əsas funksiyası da var ki, bunlara bilgiləndirmək, maarifləndirmək və əyləndirmək kimi fundamental keyfiyyətlər daxildir.
– Hazırda gənclər arasında jurnalistikaya meyillilik kifayət qədərdir. Amma, sanki bəzilərini efirə çıxmaq, tanınmaq daha çox maraqlandırır. Bir müəllim kimi siz bunu necə qiymətləndirirsiniz?
– Əslində, jurnalist tələbələrdə televiziya və radioya meyillilik elə ilk kurslarda hiss olunur. Bunun səbəblərindən biri tanınmaq, efirdə görünməkdirsə, digər səbəb teleradioda çalışmağın mətbuata nisbətən daha asan olmasını düşünmələridir. Düzdür, hər birimizin efirdə görünmək, məşhurlaşmaq kimi həvəsimiz ola bilər. Bu, çox normaldır. Amma televiziyaya meyil edən tələbələrin əksəriyyəti bunun məsuliyyətini dərindən dərk etmirlər. Çünki yaxşı müəllif, aparıcı olmaq üçün ciddi yaradıcılıq yolu keçməli, çalışmalısan. Məncə, jurnalistikanın təməli mətbuatdan başlayır. Mətbuat jurnalisti çox asanlıqla televiziya və ya radio sahəsində də uğur qazana bilər. Çünki televiziyada da, radioda da hər bir verilişin müəyyən planı, ssenarisi olur. Yaxşı ssenari olmadan maraqlı, keyfiyyətli veriliş hazırlamaq olmaz. Deməli, efirdə görünmək həvəsi hələ əsas şərt deyil, əsas şərt bilikli olmaqla yanaşı, yazı qabiliyyətinin, özünəməxsus üslub və yenilikçi fikirlərin, ideyaların olmasıdır.
– Jurnalistika kafedrası 20 yaşını hansı hesabatla və ovqatla qeyd edir?
– Naxçıvan Dövlət Universiteti muxtar respublikanın yüksək səviyyəli yerli jurnalist kadrları ilə təmin olunmasında fundamental baza rolunu oynayır. Bu 20 il ərzində 203 nəfər jurnalist məzunumuz olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri istedadlı və qabiliyyətli jurnalist məzunların iş yerləri ilə təmin olunmasına hər zaman xüsusi qayğı və həssaslıqla yanaşır. Jurnalist məzunlarımız bu gün Azərbaycanın, o cümlədən muxtar respublikanın ən müxtəlif kütləvi informasiya vasitələrində məsul vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Hətta məzunlarımızdan biri, Kazım Kazımov Türkiyənin TV5 kanalında Xarici xəbərlər departamentinin populyar jurnalistlərindəndir. Ümumiyyətlə, muxtar respublikamızın demək olar ki, bütün dövlət orqanlarında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin işçiləri bizim məzunlarımızdır. Məzunlarımızın böyük əksəriyyəti Azərbaycanın tanınmış kütləvi informasiya vasitələrində, informasiya agentliklərində peşəkar jurnalist kimi fəaliyyət göstərirlər. Qürurverici haldir ki, məzunlarımızdan Səadət Əliyeva, Samir Tarverdiyev, Məmməd Babayev, Çinarə İsmayılova bu gün universitetimizdə jurnalistikanın tədrisi ilə uğurla məşğuldurlar.
– İyirmi yaşlı Jurnalistika kafedrası yeni mərhələyə hansı planlarla qədəm qoyur?
– Ali Məclis Sədrinin 15 fevral 2021-ci il tarixdə Universitet televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı, Jurnalistika ixtisasında dərs deyən müəllimlər, media mərkəzinin işçi heyəti və gənc jurnalistlərin xüsusi bacarıq və səyi nəticəsində Universitet televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayımına başlayıb. Bu gün peşəkar jurnalistlər formalaşdırmaq, gələcək kadrların inkişafı və təcrübəsi üçün əlverişli şərait mövcuddur. Naxçıvan Dövlət Universitetinin televiziyası, “Nuhçıxan” radiosu, “Yeni fikir” qəzeti tələbə-jurnalistlərin yüksək səviyyədə yetişməsi üçün praktik baza rolunu oynayır. İnanırıq ki, muxtar respublikada daim yenilik, yaradıcılıq axtarışında olan, dövlətçilik və vətənpərvərlik ruhunda formalaşan, dünya jurnalistikasının ən son nailiyyətlərini mənimsəməklə inkişaf və inteqrasiya yolunu tutan gənc kadrlar milli jurnalistikanın inkişafına bundan sonra da öz sanballı töhfələrini verəcək.
– Müsahibə üçün çox sağ olun.

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin Jurnalistika
ixtisası üzrə III kurs tələbəsi
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə

keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.