Zəngin maarifçilik ənənələrinin təsiri ilə yaranmış “Şərq qapısı” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 100 il ötür.

1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə  həsr olunmuş yazılar  işıq üzü görmüş,  50 illik yubileyi  qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur.

Müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, yaradıcılıq  imkanları  genişləndirilmiş, rəngli nəşrinə başlanmış, yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur.

“Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf  yolunu gələcək nəsillərə çatdıran salnamədir. Qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.

Muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatındakı yerini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunsun.

 2. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunmasıilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 3. Bu Sərəncam imzalandığı  gündən  qüvvəyə  minir.

 VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri,1 iyun 2021-ci il