“Şərq qapısı” – 100

“Şərq qapısı” redaksiyasının kollektivinə!

“Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız özünəməxsus zəngin və çoxcəhətli inkişaf yolu keçmiş, xalqımızın sosial-mədəni tərəqqisində mühüm rol oynamışdır. “Şərq qapısı”qəzeti də bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Azərbaycanın inkişafında özünəməxsus rol oynamışdır.

“Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”, deyən ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi “Şərq qapısı” qəzetinin də tarixində yeni bir səhifənin açılmasına səbəb olmuş, müstəqillik illərində inkişafının ən yüksək pilləsinə yüksəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı mətbuat işçiləri və “Şərq qapısı” qəzetinin daimi oxucuları tərəfindən sevinclə qarşılanmışdır. Sərəncam təkcə “Şərq qapısı” qəzetinə və onun əməkdaşlarına deyil, muxtar respublikamızda işıq üzü görən bütün şəhər və rayon qəzetlərinə, həmçinin mətbuat işçilərinə verilən yüksək dəyərin ifadəsidir.

Sərəncamda da qeyd olunduğu kimi, “Şərq qapısı” qəzeti Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur.

“Şərq qapısı” qəzeti öz fəaliyyəti ilə muxtar respublikamızda işıq üzü görən bütün mətbu orqanlara, şəhər və rayon qəzetlərinə nümunə olmaqla yanaşı, həm də dövlətçiliyimizin və müstəqilliyimizin dayağı rolunu oynayır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Nuh yurdu” qəzetinin əməkdaşları adından “Şərq qapısı” qəzetinin kollektivini qəzetin 100 illik yubileyi münasibəti ilə təbrik edir, dövlətçiliyimizin və müstəqilliyimizin inkişafındakı bu yolda onlara daha böyük uğurlar arzulayırıq.

Qafar QƏRİB

“Nuh yurdu” qəzetinin redaktoru