Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilmiş, quruculuq işləri aparılmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır. Bu dövrün ən mühüm hadisəsi mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur.

Səfər zamanı dövlət başçısının iştirakı ilə “Naxçıvan” Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, eləcə də Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışı olmuşdur. Həmçinin ölkə Prezidenti Naxçıvan şəhərində ulu öndərin abidəsini və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, “ASAN” Xidmət Mərkəzinin və “Ordubad” Su Elektrik Stansiyasının tikintisi, eləcə də Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmuşdur.
Muxtar respublikanın inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.
2021-ci ilin birinci yarısında muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər sosial-iqtisadi tərəqqiyə öz töhfəsini vermiş, dayanıqlı və tarazlı inkişaf təmin olunmuşdur. Cari ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 1 milyard 328 milyon manat olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür.
Ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 18 milyon manata yaxın kredit verilmiş, 55 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda muxtar respublikada 384 növdə məhsulun istehsal olunması dayanıqlı inkişafın nəticəsi kimi mühüm əhəmiyyətə malikdir.
Ötən 6 ayda muxtar respublikada 116 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 168 obyektin tikintisi və yenidənqurulması isə davam etdirilmişdir. Xüsusilə Duzdağda yeni şaxtanın istifadəyə verilməsi mühüm iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də təbii sərvətimiz olan duzun müasir metodlarla çıxarılması, emalı və ixracına geniş imkanlar açmışdır.
2021-ci ilin birinci yarısında muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində də sistemli tədbirlər görülmüş, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 meqavat gücündə Günəş-Külək Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın enerji tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji mənbələrinin payını artırmışdır.
İlin birinci yarısında əldə edilmiş sosial-iqtisadi inkişaf bundan sonra da davam etdirilməlidir.

Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına nəzarət tədbirlərini gücləndirməli, büdcə vəsaitlərindən təyinatdan kənar və qanunsuz istifadənin qarşısı alınmalı, əlavə xərclərə yol verilməməlidir.

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasını nəzarətdə saxlamalıdırlar.
Araşdırmalar zamanı məlum olmuşdur ki, bəzi hallarda sahibkarlıq subyektləri vergi ödəyicisi kimi qeydiyyata alınmazdan əvvəl müvafiq lisenziya, icazə və digər zəruri sənədlərlə təmin olunması yoxlanılmır. Dövlət Vergi Xidməti məsələni diqqətdə saxlamalı və nöqsanlar təkrar olunmamalıdır.
Ailə təsərrüfatlarının və sahibkarlığın inkişafı qarşıda duran əsas vəzifələrdir. Hər il muxtar respublikada bu məqsədlə tədbirlər görülür, kreditlər verilir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və İqtisadiyyat Nazirliyi muxtar respublikada kredit təşkilatları tərəfindən ailə təsərrüfatlarının, sahibkarlıq subyektlərinin kreditləşdirilməsinə və kreditlərin təyinatı üzrə düzgün istifadəsinə nəzarəti artırmalı, Dövlət Vergi Xidməti ilə birlikdə nağdsız ödəniş dövriyyəsinin artırılması məqsədilə tədbirlər görülməlidir.
Bir çox hallarda sahibkarlıq müəssisələri yaradılarkən daxili tələbat və ixrac imkanları düzgün təhlil edilmir ki, bu da rentabellik göstəricilərini aşağı salır. İqtisadiyyat Nazirliyi yeni istehsal sahələri yaradılarkən daxili bazarın tələbatını və ixrac imkanlarını, həmçinin ixrac bazarlarında baş verən tendensiyaları və biznes planları düzgün təhlil etməli, yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına üstünlük verilməlidir.
Muxtar respublikada sahibkarlıq müəssisələrinin fəaliyyətinə müdaxilə hallarının qarşısı alınıb. Lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə əsassız müdaxilələri müşahidə olunmuşdur. Yol verilən bu nöqsan bir daha təkrarlanmamalıdır.
Muxtar respublikada aqrar islahatların əhatə dairəsi xeyli genişləndirilmişdir. Xüsusilə mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, subsidiyaların verilməsi kənd təsərrüfatına marağı artırmışdır. Lakin hələ də mütərəqqi əkin metodlarını tətbiq etməyən, ayrılan subsidiya və gübrələrdən təyinatı üzrə istifadə etməyən təsərrüfat sahibləri vardır. Kənd Təsərrüfatı Nazirliyi və icra hakimiyyətləri qeyd olunan məsələ ilə bağlı ciddi ölçü götürməli, subsidiyalardan təyinata uyğun istifadə edilməli, intensiv metodlara üstünlük verilməli, əkin atlaslarından istifadə diqqət mərkəzində saxlanılmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yarmarkaların təşkilini, soyuducu anbarlara məhsul qəbulunun tələbata uyğun davam etdirilməsini və ehtiyatların yaradılmasını diqqətdə saxlamalıdır.
Babək, Şərur, Ordubad və Şahbuz rayonlarında kənd təsərrüfatına yararlı torpaqlardan qanunsuz istifadə və zəbt halları daha çox müşahidə olunur. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidməti və aid icra hakimiyyətləri birlikdə kənd təsərrüfatına yararlı torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı və həmin torpaqlar əkin dövriyyəsinə qatılmalıdır.
Hər il muxtar respublikada geniş meliorasiya və irriqasiya tədbirləri həyata keçirilir, yeni hidrotexniki qurğular istifadəyə verilir. Buna baxmayaraq yerlərdə suvarma suyu təminatından, xüsusilə Babək rayonundan Ali Məclisə müraciətlərin daxil olması işin düzgün təşkil olunmadığını göstərir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan düzgün istifadə və mövsüm ərzində suvarma tədbirlərinin səmərəli təşkilini diqqətdə saxlamalı, əkin sahələrinin su təminatı qaydalar daxilində həyata keçirilməlidir.
Muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirlərinin miqyasının ildən-ilə genişlənməsinə baxmayaraq, bəzi hallarda mühəndis-texniki tələblərə əməl olunmadığını görürük. Bu da qeyd olunan istiqamətdə nəzarətin daha da gücləndirilməsini zəruri edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işlərinin keyfiyyətinə nəzarəti artırmalıdır.
Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisində keyfiyyət amilini diqqətdə saxlamalı, Dövlət Nəqliyyat Xidməti ictimai nəqliyyatda xidmətin səviyyəsini yüksəltməli, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır.
Bir vaxtlar elektrik enerjisini idxal hesabına təmin edən muxtar respublikada bu gün enerji təhlükəsizliyi tam təmin edilib, ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri qazlaşdırılıb. Dövlət Energetika Xidməti və Qaz İstismar Xidməti yerlərdə itkinin minimum həddə saxlanılması üçün tədbirlər görməlidir.
Muxtar respublikanın ərazisi sürətli və dayanıqlı internetlə təmin olunub, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyalar tətbiq olunur. Rabitə və Yeni Texnologiyalar Nazirliyi rabitə və internet xidmətlərinin keyfiyyətini daha da yüksəltməli, internet verilişində qırılmaların qarşısı alınmalı, ixtisaslı kadrların hazırlanması davam etdirilməlidir.
Təhsil Nazirliyi təhsil müəssisələrində maddi-texniki bazadan və yaradılan tədris imkanlarından düzgün istifadə etməli, müəllimlərin ixtisas və peşə biliklərinin artırılması davam etdirilməli, STEAM təhsil metodunun tətbiqi bu ilin sonunadək başa çatdırılmalıdır.
Muxtar respublikanın mədəniyyət müəssisələrində nöqsanlar aşkar olunmuşdur. Xüsusilə musiqi təhsili müəssisələrinin fəaliyyəti düzgün qurulmamış, kadr hazırlığı sahəsində nöqsanlara yol verilmişdir. Mədəniyyət Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların peşə hazırlığının artırılmasına və düzgün yerləşdirilməsinə nəzarəti gücləndirməli, fəaliyyət günün tələbləri səviyyəsində qurulmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublikada əhalinin səmərəli məşğulluğuna yönəldilən tədbirləri davam etdirməli, əmək yarmarkaları keçirilməli, özünüməşğulluq proqramı üzrə görülən işlərin nəticəli olmasına çalışılmalıdır.
Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiya təyinatını qanunvericiliyin tələblərinə uyğun aparmalı, bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Həmçinin Səhiyyə Nazirliyi tibbi xidmətin keyfiyyətini yüksəltməli, həkim hazırlığı işinə diqqəti artırmalı, yoluxucu xəstəliklərə qarşı tədbirlər davam etdirilməli, sanitariya-gigiyena normalarına riayət olunması müntəzəm nəzarətdə saxlanılmalıdır.
Qarşıda duran əsas vəzifələrdən biri də rayonların iqtisadi potensialından səmərəli istifadə etmək, özəl bölməyə qayğı göstərmək və ailə təsərrüfatlarının yaradılmasına dəstək verməkdir. Etiraf etmək lazımdır ki, icra hakimiyyətlərinin bu sahədəki təşəbbüskarlığı zəifdir. Hər bir rayonun potensialı düzgün təhlil edilməli, icra hakimiyyətləri yeni sahibkarlıq müəssisələrinin yaradılması və ailə təsərrüfatlarının inkişafı ilə bağlı təkliflər verməlidir.
Dövlət Sığorta Xidməti muxtar respublikada sığorta işini təkmilləşdirməli, könüllü sığortanın və səyyar xidmətin əhatə dairəsini genişləndirməlidir.
Sosial-iqtisadi inkişafın təmin olunması işin bir tərəfidir. Əsas məsələ isə düzgün statistik təhlil və proqnozların hazırlanmasıdır. Dövlət Statistika Komitəsi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə işi düzgün təşkil etməli, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanan hesabatların təhlilli, obyektiv və müqayisəli işlənməsinə nail olmalı, qanunvericiliyə uyğun olaraq sosial-iqtisadi inkişaf göstəricilərinin ictimailəşdirilməsi təmin edilməlidir.
Hər il muxtar respublikada yüzlərlə hektar yaşıllıq salınır, ekoloji tədbirlər görülür. Lakin bəzi hallarda laqeydlik nəticəsində yaşıllıq zolaqlarının quruduğunun şahidi oluruq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra orqanları ilə birlikdə mövcud yaşıllıq zolaqlarının qorunmasına diqqəti artırmalı, muxtar respublikanın su mühitinin və onun tərkibinin yoxlanılmasını diqqətdə saxlamalı, payız əkini dövründə yeni bağlar salınmalı və bərpa əkinləri aparılmalıdır.
Bu gün baytarlıq təbabətinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bundan sonra da epizootik vəziyyəti nəzarətdə saxlamalı, süni mayalanma işinə və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, bu sahədə mütəxəssis hazırlığına diqqəti artırmalıdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tələbata uyğun müasir texnika və texnoloji avadanlıqların, suvarma sistemlərinin və arıçılıq ləvazimatlarının, eləcə də gübrələrin alınıb gətirilməsini və lizinq yolu ilə satışını davam etdirməli, yeni alınmış texnikalar əsasən bu sahədə təcrübəsi olan şəxslərə verilməli və onlardan səmərəli istifadəyə nəzarət olunmalıdır.
Gənclik böyük potensialdır. Ondan düzgün istifadə isə sağlam gələcəyin təminatıdır. Gənclər və İdman Nazirliyi gənclərlə işə diqqəti artırmalı, idman federasiyaları ilə birgə yarışlar keçirilməli, dövlət proqramının icrası təmin edilməlidir.
Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, müasir inkişafı və digər xüsusiyyətləri turizmin inkişafı üçün geniş imkanlar açır. Lakin bu sahədə internet resurslarının və sosial medianın imkanlarından səmərəli istifadə olunmur, turizm-informasiya siyasəti günün reallıqlarını əks etdirmir. Turizm Departamenti post pandemiya dövrünə hazır olmalı, muxtar respublikanın turizm potensialı ilə bağlı düzgün təbliğat mexanizmi müəyyənləşdirməli, yerli və xarici turizm şirkətləri ilə əlaqələr qurmalıdır.
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna dair qanunvericiliyin tətbiqini nəzarətdə saxlamalı, dövlət qrumlarında attestasiya, sertifikasiya və işə qəbul imtahanlarının mərhələli keçirilməsinə nail olunmalı, test bazası mütəmadi zənginləşdirilməlidir.
Dövlət Arxiv İdarəsi “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını davam etdirməli, arxiv işi təkmilləşdirilməlidir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə müəssisələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətini qurmalı, icbari tibbi sığorta haqlarının düzgün istifadə olunmasına nəzarəti artırmalıdır.
Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının təyinatına və məcburi dövlət sosial sığorta hesabına ödənişlərin verilməsinə nəzarət etməli, növbəti ildən dövlət icbari şəxsi sığortasını həyata keçirmək üçün tədbirlər görməlidir.
Muxtar respublikada yaradılan şərait elmin inkişafına və istehsalatda tətbiqinə geniş imkanlar açır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçvan Bölməsi elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, gənc tədqiqatçıların hazırlanması və elmin istehsalatda tətbiqi ilə bağlı konkret təkliflər verməlidir.
Muxtar respublikada digər təhsil pillələri ilə yanaşı, ali təhsil üçün də hərtərəfli şərait yaradılıb. Ali təhsil müəssisələri mövcud imkanlardan səmərəli istifadə etməli, xarici tələbələrin sayı artırılmalı, tədris və elmi-metodik iş günün tələbləri səviyyəsində qurulmalı, startap hərəkatı və innovativ metodların təhsildə tətbiqi əsas istiqamət kimi götürülməlidir.
Gənclər Fondu gənclərin bilik və bacarıqlarının, vətənpərvərlik hisslərinin artırılması sahəsində tədbirlər görməli, onların könüllülüyə cəlbinə nail olmalı, Yaradıcılıq birlikləri fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalıdır.
Hüquq mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, ictimai asayişin və sabitiyin qorunması daim diqqətdə saxlanılmalıdır. Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daha da yüksəltməli, ehtiyatları qoruyub saxlamalı və artırmalı, payız-qış mövsümünə hazırlıq görülməlidir.
Ədliyyə Nazirliyi sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlər görməli, məhkəmə qərarlarının vaxtında icra olunmasına və bələdiyyələr tərəfindən torpaqlardan qanunauyğun istifadəyə nəzarəti gücləndirməlidir.
Daxili İşlər Nazirliyi yol polisinin fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasını nəzarətdə saxlamalı, bu sahədə xidmət edən əməkdaşların hüquqi bilikləri artırılmalıdır.
Fövqəladə Hallar Nazirliyi taxılın və digər sahələrin yanğından mühafizəsinə diqqəti artırmalıdır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunların icra və tətbiq olunmasına nəzarəti daha təsirli formada həyata keçirməlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi həkim komissiyalarının fəaliyyətinə nəzarəti artırmalı, uçot-qeydiyyat sənədlərinin düzgün yazılmasını diqqətdə saxlamalıdır.
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində hərbi nizamnamənin tələblərinə əməl olunmasına nəzarət etməli, hərbi nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidir.
Muxtar respublikanın kütləvi informasiya vasitələrində fəaliyyət üçün geniş imkanlar yaradılıb. Lakin maddi-texniki bazadan və yaradıcılıq imkanlarından səmərəli istifadə sahəsində nöqsanlara yol verilir. Xüsusilə aparılan islahatlardan sonra Naxçıvan teleradiosunda fəaliyyət yeni tələblər əsasında qurulmalı, “Şərq qapısı”, şəhər və rayon qəzetləri informasiya-məlumatlandırma işinin keyfiyyətini artırmalıdır.
Hörmətli sessiya iştirakçıları!
Məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirməkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Sağ olun!