29 Mart 2024, Cümə

Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalını və bu sahəyə marağı artırır, əl əməyini yüngülləşdirir.

Martın 31-də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat vermişdir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı texnikaları verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada fermer və torpaq mülkiyyətçiləri formalaşmışdır. Son illər muxtar respublikaya 3282 texnika və texnoloji avadanlıq alınıb gətirilmiş, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilmişdir. Vasif Məmmədov bundan sonra da işlərini günün tələbləri səviyyəsində quracaqlarına söz vermiş, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı qurbanlarının əziz xatirəsini yad edirik. Belə hadisələrin təkrar olunmaması üçün ölkəmiz daim güclənməli, iqtisadi qüdrətini daha da artırmalıdır. Çünki iqtisadi və siyasi qüdrəti olan ölkəyə qarşı soyqırımı törətmək də mümkün deyil.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə iqtisadiyyatın əsas qollarından biri olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Bu gün təqdimatı keçirilən kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. O ölkədə inkişaf təmin olunmuş hesab edilir ki, həmin ölkənin inkişafı kənd təsərrüfatının üzərində qurulur. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması bütün dövrlər üçün vacibdir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada da kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir.

Ali Məclisin Sədri demişdir: Ötən ilin mart ayında muxtar respublikada kənd təssərrüfatı texnikalarının təqdimatı keçirildi. Həmin vaxtdan ötən dövrdə 366 adda yeni kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilmiş, onlardan 106-sı sahibkarlara verilmişdir. Yaradılan şəraitin və görülən işlərin nəticəsidir ki, muxtar respublikada kənd təsərrüfatı inkişaf edir, yeni sahibkarlar və fermerlər sinfi formalaşır, ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaranır. Həmçinin bu sahənin vacibliyi nəzərə alınaraq müzakirələr aparılır, yeni qərarlar qəbul edilir, gələcək planlar müəyyənləşdirilir və həyata keçirilir. Artıq bir neçə ildir ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti texnika və avadanlıqları sahibkarların sifarişi əsasında alıb gətirir.
“Kənd təsərrüfatı sahəsində əl əməyi nə qədər yüngülləşərsə, bu sahəyə maraq o qədər artar, məhsul istehsalı yüksək olar”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, subsidiyaların verilməsi, güzəştlərin tətbiq olunması da kənd təsərrüfatına marağı artırmış, inkişaf təmin olunmuşdur. Ona görə də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin əsas vəzifələrindən biri bundan sonra da sahibkarların sifarişləri əsasında yeni texnoloji avadanlıqları alıb gətirməkdir. Cəmiyyət bununla yanaşı, eyni zamanda sahibkar və fermerlərə servis xidməti də göstərməlidir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi müasir əkin və suvarma üsulları ilə bağlı əhali arasında maarifləndirmə işləri aparmalı, dövlətimiz tərəfindən bu sahədə qəbul olunmuş qərarlar tam icra olunmalıdır.

Ali Məclisin Sədri “Hər bir texnika bir ailənin iş yeri deməkdir. Hər bir texnika məhsul istehsalı, məhsuldarlığın artırılması deməkdir. Ona görə də texnikalar qorunmalı, onlar uzun müddət muxtar respublikanın kənd təsərrüfatı sahəsində istifadə edilməlidir”, – deyərək yeni texnikaların alınıb gətirilməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Sonra yeni alınmış texnikalara baxış olmuşdur. Qeyd olunmuşdur ki, 2020-2021-ci illərdə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün 366 kənd təsərrüfatı texnikası və texnoloji avadanlığı alınaraq muxtar respublikaya gətirilmişdir. Müasir traktorlar, taxılsəpənlər, kartof əkini, becərilməsi və yığımında istifadə olunan texnikalar, toxum istehsalı avadanlıqları, kotan, ekskavator-buldozerlər, suvarma sistemləri və digər texnikalar kənd təsərrüfatı işlərində əl əməyini xeyli yüngülləşdirəcək, məhsulun itkisiz yığımına və tədarükünə imkan verəcəkdir. Texnikalar alınarkən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlərin sifarişlərinin nəzərə alınması isə məhsul istehsalının artırılmasında başlıca şərtdir. Bu ilin ötən dövründə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınmış texnikalardan 106-sı, ümumilikdə isə 2020-2021-ci illərdə 368 texnika və texnoloji avadanlıq lizinqə verilmişdir. Bununla yanaşı, bu il Türkiyə Respublikasından bələdiyyələr üçün 15 qoşqu da alınmışdır.

Muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdə tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Yeni innovativ texnologiyaların tətbiqi həm də əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına, bazarda yerli məhsulların üstünlük təşkil etməsinə, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir.
Bildirilmişdir ki, cəmiyyətin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.
Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulamış, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, əkin sahələrinə nəzarət olunması, yerlərdə baytarlıq apteklərinin yaradılması, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisası tələbələrinin bu işlərə cəlb edilməsi, alınan texnikalardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına cəlb edilmiş ailə təsərrüfatlarına da təqdim edilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR