Mürəkkəb tarixi dövrdən müasir təhlükəsiz diyara

Naxçıvan Muxtar Respublikasında çoxşaxəli dinamik inkişafa nail olunması, uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının reallaşdırılması doğma yurdumuzu nəinki ölkəmizin regionları arasında liderlik səviyyəsinə yüksəldib, həm də onu beynəlxalq sferada yüksək tərəqqi tempinə malik, çiçəklənən bir diyar kimi tanıdıb. Ümummilli lider Heydər Əliyev siyasətinin muxtar respublikamızda əzmkarlıq və sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan dünyada elm, təhsil, iqtisadi-mədəni əməkdaşlıq baxımından ən etibarlı bir tərəfdaş hesab edilən bir diyara çevrilib. İftixarla demək olar ki, bu gün muxtar respublika 10-dan çox ölkəyə 10 adda, 120-dən çox çeşiddə məhsul ixrac edir, bir çox beynəlxalq layihənin iştirakçısıdr. Bu gün Naxçıvan Dövlət Universiteti 50-yə yaxın dünya universitetləri ilə beynəlxalq əlaqələrə malikdir və heç də təsadüfi deyildir ki, dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbə təhsil almaq üçün məhz bu ali təhsil ocağına üstünlük verib. 2019-cu ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist səyahət üçün məhz Naxçıvanı seçib.

Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisinə 40 minə yaxın miqrant daxil olub. Bütün bu uğurların əsasında isə heç şübhəsiz ki, ictimai-siyasi sabitliyin bərqərar olması, asayişin qorunması dayanır. Müstəqilliyin əldə edildiyi ilk illərdə bir tərəfdən mənfur erməni qəsbkarlarının davamlı işğalçı hücumları ilə müharibə yuvasına çevrilməsi, digər tərəfdən isə ölkədə hakimiyyət uğrunda gedən daxili çəkişmələr, başabəla ölkə rəhbərlərinin yarıtmaz fəaliyyəti və biganə münasibəti ilə “təklənmiş ada”ya çevrilən diyarımız nəinki turistlər, xarici iş adamları, öz həmvətənlərimiz üçün belə “arzuolunmaz məkan”a çevrilmişdi. Heç də təsadüfi deyil ki, 1990-cı il iyul ayının 22-də ümummilli liderimiz Heydər Əliyevi Naxçıvanda qarşılayan 100 minlik izdiham, 1991-ci il sentyabrın 3-də isə ulu öndərin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri vəzifəsinə seçilməsini israrla tələb edən çoxsaylı əhali görkəmli dövlət xadiminin ətrafında sıx birləşməklə bütün maddi çətinliklərin, iqtisadi böhranın fövqündə Naxçıvanın müdafiəsini və burada ictimai-siaysi sabitliyin, asayişin bərqərar olunması arzusunu ifadə etmişdi. Təxminən 30 ilə yaxın bir dövrdə muxtar respublikada dinamik sosial-iqtisadi tərəqqi, əhalinin sosial rifah halının gücləndirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait yeni iş yerlərinin açılması, özünüməşğulluq problemlərinin ortadan qaldırılması nəticəsində ictimai-siyasi sabitlik də bərqərar olub. Muxtar respublikada aparılan məqsədyönlü dövlət siyasətinin əsasında isə o dururdu ki, sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq mümkün deyil. Bu gün Naxçıvan artıq, ən təhlükəsiz, əminamanlıq dolu bir diyar kimi dünyanın diqqət mərkəzindədir. Müxtəlif dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin rəsmi səfərlərinə məhz buradan başlaması, Avropanın məşhur iş adamlarının, mədəniyyət xadimlərinin, turistlərin məmnuniyyətlə buranı seçməsi, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı, Türk Şurası Gənc Liderlərinin ilk forumu, ənənəvi Beynəlxalq Şahmat Festivalı kimi mühüm  dünya əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi edə bilməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” adını bütün dini və mənəvi dəyərlər ehtiramı, yüksək təşkilatçılıq baxımından doğrultması iftixar və qürurvericidir. Uzun illər ərzində yürüdülən düşünülmüş siyasət, həmrəyliklə aparılan mübarizələr nəticəsində dayanıqlı xarakter almış ictimai-siyasi sabitlikdə, ictimai təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə, xüsusilə də daxili işlər orqanlarının faəliyyətlərinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir”. 

 

     

İnsan amili və qanunun aliliyi başlıca meyar olanda

Ali Məclisi Sədrinin cinayətkarlığa qarşı mübarizə sahəsində insan amilinə üstünlük verərək profilaktik və hüquqi maarifləndirmə tədbirlərinin daha effektli və əsaslı həyata keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına ciddi riayət edilməsi nəticəsində Daxili işlər orqanlarının da fəaliyyətində uğurlar əldə edilməkdədir ki, bu da yüksək etimad və nüfuzun qazanılmasına səbəb olub. Muxtar respublika rəhbərinin tövsiyə və tapşırıqları əsasında uğurla həyata keçirilən islahatlar və struktur dəyişiklikləri, əməliyyat şəraitinin yenidən qurulması və mövcud olan çatışmazlıqların aradan qaldırılması muxtar respublikada kriminogen vəziyyətə təsir edən amillər müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində öz bəhrəsini verməkdədir. Nəticədə, Daxili İşlər Nazirliyi və prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb. Muxtar respublikada ictimai qayda və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, cari ilin 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınan cinayətlərin sayı 2 vahid azalıb, ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və sursat təhvil götürülüb. 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib. 2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib.  Təxminən, 30 il bundan qabaq ayrı-ayrı qruplaşmalar, baş alıb gedən oğurluq və cinayət hadisələri üzündən hava qaralanda bayıra çıxa bilmədiyimiz bir diyarda artıq şəxsi avtomobil qarajları tarixə düşüb, ən ucqar kəndlərdə belə, toyuq-cücə, mal-qara dolu həyət-bacanın qapısı tam əmin-amanlıqla axşamadək açıq saxlanılır. Vaxtilə böyük Nizaminin əsərlərində təsvir etdiyi ideal cəmiyyət nümunəsi bu gün  sözün əsl mənasında özünü Naxçıvanda doğrultmaqdadır.                                                        

Bu sahədə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması məqsədilə polisin əhali ilə sıx təmasda olması və cəmiyyətin fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsi kimi effektli profilaktik üsullardan istifadəyə üstünlük verməsidir. Ailə münasibətlərinin qorunması, ailə münaqişəsi zəminində baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması, profilaktikasının təmin edilməsi məqsədilə həmin ailələrin yaxın qohumlarının, münaqişəyə müsbət təsiretmə gücünə malik digər nüfuzlu şəxslərin cəlb olunması hüquq-mühafizə strukturlarında milli mentalitetimizə əsaslanan uğurlu prinsiplərdir.     

                      

Muxtar respublikamızı fərqləndirən cəhətlərdən biri də bu gün yol hərəkəti təhlükəsizliyinin unikal şəkildə gözlənilməsidir. Azərbaycanın digər ərazilərində, hətta bir çox inkişaf etmiş müasir Avropa ölkələrində belə avtoxuliqanlıq nəticəsində hər gün kütləvi şəkildə yol-nəqliyyat hadisələri, çoxsaylı ölümlə nəticələnən qəzalar haqqında tez-tez məlumat alırıq. Diyarımızda isə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tam nəzarətdə saxlanılır. Muxtar respublika paytaxtındakı “Təhlükəsiz şəhər” sistemi çərçivəsində quraşdırılan yeni təhlükəsizlik kameraları, Şərur, Ordubad və Culfa rayon mərkəzlərindəki müşahidə kameraları istər-istəməz inzibati məsuliyyət hissimizi artırmaqla, yol hərəkəti qaydalarına ciddi əməl etməklə baş verəcək faciəvi yol qəzalarından həyatımızı sığortalayr. Bu sahədə də inzibati cəza tədbirləri görülməsinə daha geniş yer verilir. Belə ki, əhali ilə maarifləndirici söhbətlər aparılır, orta məktəblərdə “Yol hərəkəti qaydaları və mən” adlı televiktorina, bir qrup gəncin təşəbbüsünə əsasən isə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Daxili İşlər Nazirliyi ilə birgə “Diqqət, piyada!” devizi altında aksiya keçirilib, “Yol hərəkəti təhlükəsizliyinə dair piyadalar üçün buklet”lər paylanılıb. Eyni zamanda təbliğat məqsədilə səsli mətnlər hazırlanaraq elektron kartlara köçürülüb gündəlik marşrutlarda həmin səsyazıları anons edilir. Nəticədə, cari ilin 6 ayında yol qəzalarının sayında 2019-cu illə müqayisədə 16,7 faiz azalma müşahidə olunub. Bu, eyni zamanda yerli əhalidə qanunun alililiyinə riayət mədəniyyətinin daha da inkişafına, hüquq-mühafizə sistemi əməkdaşları ilə vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə əsl nümunədir.                                

Ölkəmizin digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi və ya digər səyyar xidmətlər göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi əməkdaşlarının Bakı şəhərinə ezam olunaraq Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti  fəaliyyət göstərmələri isə muxtar respublikada insan amilinin hər şeydən üstün tutulmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə bariz nümunədir. Çoxumuzun yararlandığı bu təşəbbüs əhali tərəfindən böyük razılıqla qarşılanır.

Ənənələrə varislik, nəsillərarası əlaqə –  xidməti məsuliyyət, dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda yetişən gənclik

Yetmişillik “cinayətkar yaxalayan”, “ədalət simvolu” olan sovet milis sistemindən xilas olduqdan sonra – müstəqilliyin ilk illərindən Naxçıvanda xalqına, dövlətinə, Vətəninə sadiq, qanunpərəst hüquq-mühafizə sistemi əməkdaşları yetişdirilməsinə başlanıldı. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müdafiə Komitəsi yaradıldı, polislərimiz də həmin komitə ilə, vətəndaşlarımızla çiyin-çiyinə torpaqlarımızın qorunması uğrunda cəsurluqla mübarizə apardılar. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən 16 polis əməkdaşı şəhid oldu, 76 polis işçisi yaralandı. Muxtar respublikada həyata keçirilən məqsədyönlü humanizm və düzgün idarəetmə prinsiplərinin davamı olaraq bu sahədə də mövcud müsbət ənənələr yaşadılır və təbliğ olunur. Polis veteranları ilə işin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və onların fəaliyyətlərinin hüquqi-təşkilati əsaslarının müəyyən edilməsi məqsədilə 2018-ci ilin oktyabr ayında nazirliyin Veteranlar Şurası yaradılıb. Bu ictimai qurumun təşkilində məqsəd veteranların timsalında şəxsi heyətə vətənpərvərlik, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət ruhunun aşılanması, əməkdaşların peşəkarlığının artırılması, cinayətlərin üstünün açılması istiqamətində veteran polislərin təcrübəsindən istifadə olunması, onların hüquqlarının qorunması və sosial müdafiəsidir. Bu, ümumilikdə, veteranlara dövlət qayğısı, həssas münasibətin təzahürü olmaqla gənclərin vətənpərvər ruhda, milli dövlətçiliyə sədaqət ruhunda formalaşmasında, onların zərərli vərdişlərə, radikal dini cərəyanlara qoşulmasının qarşısının alınması kimi bir mühüm mərama da xidmət edir.                   

Xüsusi xidmət orqanlarının qarşısına qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini şərtlərindən amillərdən biri də  ixtisaslı kadrların  hazırlanmasıdır. Vaxtilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində xüsusi  təhsili olmayan şəxslərin xidmətə qəbul edilməsi sonrakı mərhələdə ciddi çətinliklər yaradırdı. Belə əməkdaşlar üçün təşkil edilən əlavə ixtisasartırma kursları da gözlənilən nəticələri vermir, səriştəli polis əməkdaşlarının yetişdirilməsi uzun zaman tələb edirdi. Bu ixitisası seçən gənclərimizin əksəriyyəti xüsusi təhsil almaq üçün muxtar respublikadan kənara çıxmaq məcburiyyətində qalırdı ki, bu da müəyyən sosial qayğılar, əlavə vaxt  itkisi, maliyyə vəsaiti xərclənməsi demək idi. Yaranan maddi və mənəvi çətinliklər üzündən çoxları bu arzunu ürəyində boğmalı olurdu.                                                                                

Muxtar respublikada daxili işlər orqanlarının fəaliyyətinə müntəzəm dövlət qayğısının bir bəhrəsi də müasir tədris bazasının yaradılmasıdır. Uğurlu kadr siyasətinin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması zərurəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb, 2019-cu ilin oktyabr ayında istifadəyə verilib. Bu təhsil müəssisəsi Daxili İşlər Nazirliyi sisteminin peşəkar kadrlarla zənginləşdirilməsi ilə yanaşı, muxtar respublikanın təhlükəsizliyi, gənclərdə dövlətçiliyə xidmət əzminin formalaşması, vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından da mühüm tarixi əhəmiyyətə malikdir. Ötən dövrdə məktəbə qəbul üçün 150-dən çox müraciət edilmişdir ki, bu ixtisasa maraq və tələbatın göstəricisi olmaqla yanaşı, həm də hüqüq-mühafizə sistemi işçilərinə rəğbətin artması deməkdir. Burada gələcəyin polislərinə nəzəri və praktik biliklər, qanunvericilik bazası öyrədilir, eyni zamanda məsuliyyətlilik, mətinlik, iradəlilik və peşəkarlıq, ümumi dünyagörüşü, müasir təfəkkür tərzi aşılanır. 

Biz birlikdə güclüyük!

      Son aylar bütövlükdə bəşəri problemə çevrilən, çoxsaylı insan ölümü, iqtisadi tənəzzül, ölkələrarası və xalqlararası əlaqələrə mənfi təsirlə nəticələnən pandemiyanın ağır dünyəvi fəsadlarını hər birimiz acı təəssüf hissi ilə izləyirik. Pandemiyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində görülən qabaqlayıcı tədbirlər, düşünülmüş idarəetmə diyarımızda yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib. Yəqin ki, hamılıqla təsdiqləyərik ki, bu uğurda Daxili İşlər Nazirliyi əməkdaşlarının da fədəkar əməyi danılmazdır. Gücləndirilmiş iş rejimində  çalışan daxili işlər orqanları əməkdaşları muxtar respublikaya girişlərin ciddi nəzarətə götürülməsindən tutmuş xüsusi karantin rejiminə ciddi əməl edilməsinə, zəruri ehtiyac yarandıqda vətəndaşların səhiyyə ocaqlarına çatdırılmasına qədər fəal köməklik göstəriblər. Bu müddət ərzində, ümumilikdə, 7450 nəfər vətəndaşımız karantin nəzarətində saxlanılıb. Onlar içərisində Türkiyə Respublikasından gələn və ölkəmizin digər regionlarından olan 160 nəfər vətəndaşımız Duzdağ Fizioterapiya Mərkəzində, 417 nəfər isə Şərur rayonunda yerləşən karantin mərkəzində ciddi rejimdə saxlanılıb, karantin müddəti başa çatdıqdan sonra isə çarter reyslər vasitəsilə Bakı şəhərinə yola salınıb. Yoluxan və onlarla əlaqəsi olmuş muxtar respublika sakinləri, o cümlədən Türkiyə Respublikasından və Bakı şəhərindən qayıdan 6873 nəfər vətəndaşımız isə 2749 ünvan üzrə 21 gün ev şəraitində karantin nəzarətində saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və sağlamlıqlarına dair müsbət rəy verildikdən sonra karantin nəzarətindən çıxarılıb. Bunlar hər birimizin ətrafda müşahidə etdiyimiz reallıqlardır. Hansısa doğmamızın, tanıdıqlarımızın ailəsinə karantin müddətində bayırda var-gəl edə-edə keşik çəkən, lazım gəldikdə ərzaq, iynə-dərman və digər zəruri vasitələrin alınmasında, evə qapanmaq məcburiyyətində qalan tənha ahıllarımıza, sağlamlıq imkanları məhdud insanlara sosial qayğı, mənəvi dəstək olan polislərimiz çətin sınaq günlərimizdə yaxın dostumuza çevrilib. Şəhərdaxili və rayonlararası fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkətinə tətbiq edilən məhdudiyyətlərin gözlənilməsinə, karantin rejimi ilə əlaqədar fəaliyyətləri müvəqqəti dayandırılan, eləcə də müəyyən vaxt məhdudiyyəti tətbiq olunan ticarət və ictimai iaşə obyektlərinin karantin qaydalarına riayət etmələrinə polislərimiz tərəfindən ciddi nəzarət edilməsinin hər birimiz şahidi olmuşuq. Mövcud vəziyyətlə bağlı  psixoloji sarsıntı keçirib emosiyalarımızı cilovlaya bilməyəndə polis əməkdaşlarının cəzalandırmaqla deyil, inzibati tənbeh, profilaktik tədbirlərlə kifayətləndiyini görüb biz də vətəndaş kimi toxtayıb  bütün bunların muxtar respublikada insan amilinə verilən dəyər, sağlamlığımıza qayğı olduğunu dərk etmişik. Və nəticədə, həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikamızda pandemiya ilə bağlı vəziyyəti tam nəzarət altında saxlandığını, virusa yoluxma halları minimum səviyyədə qeydə alındığını görəndə açıqca qürrələnmişik. Polis orqanlarında çalışanlarımız insanların sağlamlığı naminə fədəkar fəaliyyətləri ilə əsl dövlətçiliyə sədaqət, vətəndaşa həssas münasibət və qayğı nümayiş etdiriblər. Təsadüfi deyil ki, Daxili işlər orqanlarının pandemiya ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərində fəal iştirakı muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və ötən dövr ərzində 982 nəfər polis əməkdaşı, o cümlədən Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının 223 nəfər şəxsi heyəti birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.                                                                

Bütün bunlar son illər muxtar respublikada sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcək istiqamətində aparılan uğurlu siyasətin bəhrələridir. Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının, əməkdaşlarının isə sosial müdafiəsinin gücləndirilməsi, yaradılan şərait bu sahədə çalışanların fəaliyyətinə böyük stimul verir. İnamla deyə bilərik Naxçıvan polisi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilən bu siyasəti əldə rəhbər tutaraq insan hüquq və azadlıqlarının beynəlxalq konvensiyalar çərçivəsində müdafiə olunmasının təmini, cinayətkarlıqla mübarizədə peşəkar tədbirlərin həyata keçirilməsi vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcək, öz göstəricilərinə görə Azərbaycan Respublikası daxili işlər orqanları arasında öncül mövqeyini qoruyub saxlayacaqdır. Biz naxçıvanlılar da doğma diyarımızın cinayətsiz region statusunun bundan sonra da qorunması kimi ülvi bir məramın gerçəkləməsində onlara dəstək olacaq, əsl vətəndaş həmrəyliyi nümayiş etdirəcəyik. Biz birlikdə güclüyük!..

 

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti