Tarixin ta o üzündən boylanan diyarım Naxçıvan. Zamanın müxtəlif dövrlərinin müxtəlif keşməkeşləri ilə qarşılaşan, hər dəfə də dözümüylə, mətinliyi ilə başını dik tutan, əyilməyən, sarsılmayan  yurdum. Tarix əsrlərdir, səni sonsuz sayda  səhifəyə çevirib vərəqləyir, zaman səni ən maraqlı kitab kimi oxuyur. Hələ də blokadadasan mənim gözəl Naxçıvanım. Düz 30 ildir, tarix zamanın blokada Naxçıvanını sinəsinə alıb. Onu  anası  Azərbaycana  aparan yolları qapayıb.  Bu, səninçün bir sınaqdı,  diyarım. Bu sınaqdan da üzüağ çıxmısan, şükürlər olsun. Sən elə bir tarixi dövr keçirsən ki, bu, bütün dünya tarixində bir ilkdir. Sən illər sonra dünya tədqiqatçılarının mövzusuna çevriləcəksən. Blokada və inkişaf...  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mayın 10-da  qalib ölkənin ilk Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı bu inkişafı təsdiqləyən dəyərli fikirləri: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.  Bu, tarixin hansı dönəmində görünüb? Hansı  diyar əli anasının əlindən kənarda ayaqları üzərində dura bilib? Hələ, üstəlik, gözəlliklər məkanına çevrilib? Hansı diyar çıraq işığının qaranlığını əlləriylə boğub  özünü nura boyayıb? Hansı diyar sənintək 30 ilin əvvəlindəki aclıqdan, səfalətdən ixracatçıya çevrilib? Hansı diyardır ki, öz əlləriylə ağacları kəsib sobada yandırıb, övladlarını ölümdən xilas edib və bir neçə il sonra həmin övladların əlləriylə diyarını yaşıllıqlar məskəninə çevirib? Hansı diyardır, söylə? Hansı diyardır, insanları çörək növbələrindən əliboş qayıdıb, aclığını kimsəyə bildirmədən bu günün ümidini açılacaq digər bir  səhərə bağlayıb?  Hansı diyar blokadanın ilk illərində Azərbaycanın ayrı-ayrı bölgələrində qohum-qardaşının toyunda, büsatında, hüznündə iştirak etməkdən məhrum olub, dərd-sərini köksünə sıxıb dayana bilib? Hansı diyardır, sən söylə, yenə o acınacaqlı illərdə bütün evlərinin başıpapaqlısı bir tikə çörək üçün qonşu ölkələrə yollanan, balalarının gözlərini yollarda qoyan və buna tab gətirən? Hansı diyarda olub qardaşın bacısının toyunda iştirak etməməsi, atlanıb gələn, köçən qızın əllərinə xına yaxılan an elektrikin kəsilərək ətrafın qaranlığa bürünməsi, valideynin xəstə uşağına xəstəxanada isti bir otaq, dava-dərman tapa bilməməsi, ana-atanın  övladının bir şirniyyat istəyini ödəyə bilməməsi, çırağın nefti bitər deyə insanın gecə kitab oxumağa həsrət qalması, aylarla bir tikə qəndə həsrət qalıb ərik, iydə qurusu ilə çay içməsi, soyuq evlərdə donan əllərini nəfəsi ilə qızdırması və ən acınacaqlısı isə çətinliklər məngənəsində əllərin illərlə qoyunlardan çıxmaması... Söylə, olubmu bunların hamısı bir arada haradasa? Yox, olmayıb. Hansısa bir ölkənin diyarı  sənintək çətinliklərə  məruz qalmayıb.

 

Bəs bütün bunlarla başlayan 30 ildə daha nələr baş verib? Bütün bunlar göz qarşısındadır. Blokada ilə inkişafın qoşa addımlaması bir möcüzə yaradıb, diyarım, səndə. Kəndlərin, qəsəbələrin, şəhərlərin büsbütün abadlaşdırılıb, qazlaşdırılıb, elektrik enerjisi ilə təmin olunub.  Ölkə başçısının söylədiyi kimi: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir” .

Naxçıvan şəhərindən - köksündən şaxələnib Şəruruna, Culfana, Ordubadına, Babəkinə, Sədərəyinə, Şahbuzuna, Kəngərlinə uzanan yollar   abadlaşıb, illər öncənin daş-kəsəyin, çala-çuxurun sinəsindən qoparıb atıb. Kəndlərindəki ümumtəhsil məktəblərini qonaqların universitet binalarına oxşadırlar. Ən ucqar kəndində belə, səhiyyə müəssisələri, digər xidmət təşkilatları fəaliyyət göstərir. İnsanlar torpaq sahibinə çevriliblər, əkib-becərir, məhsul əldə edir, təsərrüfatlarını genişləndirir, dolanışıqlarını təmin edirlər.  Hələ sovet dönəmindən bəri illərlə əl dəyməyən, ün yetməyən resurslarınla işıqlandın Naxçıvanımız. Torpaqlarımızı bərəkətə gətirdin. Məhsul, elektrik enerjisi ixracatçısına çevirdin bizi. Turistik məkanların sorağını dünyaya yaydı. Ölkə başçısının söylədiyi kimi: “Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminəm ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq”.

 

 İlbəil tikilənlər-yaradılanlar insan amilinə xidmət etdikcə firavan həyatımız blokadanın acılı günlərini, sadəcə, xatirəyə çevirdi. Milli ordumuzun təməlini qoydu ulu öndərimiz səninlə. 90-cı illərdə Sədərəyin əliyalın insanlarının, şəhidlərinin, Naxçıvanımızın sərhədlərinin təhlükəli vəziyyəti bu ordunun təməl daşları oldu.  Dünənki uşaqlar köksündəki acılı-şirinli günlərin fonunda böyüyüb o qədər vətənpərvər gənc oldular ki, İkinci Qarabağ müharibəsində göstərdikləri rəşadət dillər əzbəri oldu. Ölkə başçısının söylədiyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Digər gənclərin universitetlərində, dövlət qurumlarında, iqtisadi, mədəni, ictimai həyatının ən fəal, nümunəvi fərdlərinə çevriliblər. Tək gənclərinmi? Xeyr, yaradılan şərait, dövlət dəstəyi, göstərilən isti münasibət, qayğı burada yaşayan insanların hər birinin həyat amalına çevrilib illərdir. Bu amalla da hər kəs öz sahəsində öz işi ilə məşğuldur. O tərzdə məşğuldurlar ki, o zəhmətin bəhrəsi bu gün muxtar respublikanın inkişaf göstəriciləridir. Birlik harada varsa, dirliyin orada olmasının təsdiqidir. Bir sözlə, əziz diyarım, inkişafın o qədər qürurvericidir ki,   bu qürur bütün naxçıvanlıların qəlbində sən boyda məhəbbətə çevrilib, rekordsmen diyarları ilə fəxr etmələrinə səbəb olub. Və hər kəs əmindir ki, bu inkişaf yaxın gələcəkdə daha yüksək səviyyəyə yüksələcəkdir. Ölkə başçısının söylədiyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Blokada Naxçıvanı və rekordsmen bölgə... Maraqlı tarixi fakt deyilmi?..

                                                                                                          Mətanət MƏMMƏDOVA

Azərbaycan Respublikasının Əməkdar jurnalisti