Naxçıvan mətbuatının ən yaşlı nümayəndəsi, onlarla jurnalisti “şinelindən” keçirib respublika mətbuatına yaradıcı qələm sahibi kimi verən az qala iyirmi ildir ki,“ Şərq qapisi”kimi nüfuzlu mətbuat orqanında jurnalistlik fəaliyyəti ilə məşğul olan, qəzetin məsul katibi Muxtar Məmmədovun “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam” adlı kitablarından sonra yeni – “Azadlığı istəmədik zərrə-zərrə...” kitabını çapa hazırladığı barədə məlumatım var idi. Burada yer alacaq yazıların böyük əksəriyyətinin ilk oxucularından biri kimi maraqlı yeni nəşrin ərsəyə gələcəyini düşünəndə də səhv etməmişdim. Budur, həmin kitabla üz-üzəyəm. Öncə onu qeyd etməyi vacib bilirəm ki, 44 günlük azadlıq mübarizəmizə həsr olunan ilk kitab kimi müəllif bu addımı ilə ziyalı və vətəndaş mövqeyini ortaya qoyub.

“Zəfər və şərəf tariximizə gələn yol və ya dünən yaşananlar”, “Buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl güzgüyə baxın”, “Vətən sizin qanınız çilənən torpaqdır” və “Tarixi yazanlar tarixdə yaşayacaq” bölmələrindən ibarət olan kitabın hər səhifəsi vətənpərvərlik hissinə bürünüb, bu səhifələr yumruq boyda ürəyə sığan dünya boyda Vətən, yurd, el-oba sevgisindən danışır. Süjet xəttini əvvəldən sonadək vətənpərvərlik mövzusu təşkil edən kitabda müəllif ermənilərin azərbaycanlılara qarşı qan yaddaşımıza hopan soyqırımları, torpaq iddialarından bəhs edən məqalələrini xronoloji ardıcıllıqla sıralayıb. Kitabda ötən əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı ən böyük tarixi ədalətsizlik olan soyqırımlardan, deportasiyalardan, bunların nəticəsində boşaldılmış Qərbi Azərbaycan torpaqlarında ermənilərin üzdəniraq hərəkətlərindən 20 Yanvar, Xocalı faciələrinədək faktlara əsaslanan məqalələr bir-birini əvəz edir. Bütün bu hadisələrin Naxçıvan Muxtar Respublikasına təsirləri, Sədərək hadisələri, Kərkinin işğalı özünəməxsus qələm sahibinin vətəndaş və jurnalist qayəsi ilə oxuculara çatdırılır. Müəllif Günnüt qələbəsi, 44 günlük Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması, dövlət başçımızın xalqa müraciətləri, informasiya savaşındakı müsahibələri əsasında böyük vətənpərvərliklə qələmə alınan yazıları ilə ayrı-ayrı dövrlərdə törədilən soyqırımların, faciələrin cavabını verir, ötən əsrlərin hadisələrini tarixiləşdirməklə yanaşı, onların fonunda özünün qeyd etdiyi kimi, “zəfər və şərəf tariximizə gələn yol və ya dünən yaşananlar”ı yaradır. 

Kitabdakı bütün yazılarda bir amil diqqəti, xüsusilə cəlb edir: müəllif baş vermiş hadisələri təhlil süzgəcindən keçirir, ən incə detallara qədər oxucuya təqdimatında isə paralel olaraq xalqın sabaha böyük inam hisslərini ortaya qoyur – əyilməzliyimizi, məğlubedilməyimizi, haqsızlığa, ədalətsizliyə qarşı barışmazlığımızı həyati faktlarla oxucuya çatdırır. Bunun ifadəsidir ki, kitabda özünə yer alan yazıların hansı birinə nəzər salsaq, oxucunun yazıdan müsbət enerji ilə ayrılmasını görərik. Və elə “Azadlığı istəmədik zərrə-zərrə...” məhz bu xətt üzrə qurulub; həm tərtibat, həm də qələmə alınan mövzuların işlənməsi baxımından. “Müdhiş gecə haqqında düşüncələr” adlı yazıda oxuyuruq: “O gün bir saatın, bir günün içində gəlməmişdi. Çox uzaqlardan başlamışdı o günün bizə qədər gəlib çıxan yolu. Babəkdən, Şah İsmayıldan keçir o yol. Uzaq Sibir çöllərində “Vətən xaini” kimi ömür sürən insanların içini deşən azadlıq, müstəqillik, həmrəylik arzularının yoludur bu yol.
...Bakı qan dənizində çalxalanmağa sürüklənirdi.
...Bu da taleyin bir qisməti idi ki, o azadlıq mücahidlərini Şəhidlər xiyabanında son mənzilə yola salan gün Bakının, Naxçıvanın doğum evlərində dünyaya gələn körpələrin hamısı oğlan uşaqları idi”.
Bu gün düşünürəm ki, 30 ildir, düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edən, qazi kimi evinə qayıdan, şəhidlik zirvəsinə ucalan məhz o uşaqlar idi.
Kitabda zəfər və şərəf tariximizin qəhrəmanları müəllifin təxəyyülü, düşüncəsi və bir də özünəməxsus yaradıcılığı ilə sanballı mətbu nümunələrə çevrilib. Çingiz Vəliyevin, Raqib Hüseynovun, Natiq Xəlillinin, Saday Məmmədəliyevin, İbrahim Məmmədovun, Bağır Ələkbərovun Vətənə, torpağa məhəbbətdən yoğurulmuş ömür yolu hər bir gəncə nümunə gücündə təqdim olunur. Müəllif vətənpərvərliyin hər bir naxçıvanlının qanında və canında olduğunu bildirir, vətənpərvərliyin sonradan qazanılmadığını, qanla gəldiyini vurğulayır, Naxçıvanı vətənpərvərlik sözünün sinonimi adlandırır.
Mən həmişə düşünürəm ki, jurnalist üçün onun yazıları övladlarıdır. Və burada bir ev anlayışı var. Övladlarımız evlərimizdə tərbiyə alır, böyüyürlərsə, buradan cəmiyyətə qədəm qoyurlarsa, yazılarımızın da “evi” kitablardır. Yazılarımız da öz “evlərində”– kitablarda mühafizə olunur, gələcək nəsillərə çatdırılır. Bu nöqteyi-nəzərdən “yazılarınızı itirməyin, saxlayın, bir yerə toplayın, həmişə gərəyiniz olar”, –deyən müəllif də çox haqlıdır. Yazılarını “evli”–kitablı edən müəllifi vətənpərvərlik məcmusu olan yeni kitabı münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Mətanət MƏMMƏDOVA
Azərbaycan Respublikasının Əməkdar jurnalisti