20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması.  Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən  yaratdığı   üçrəngli  bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam.  44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk  qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”. 

Ağ atlı oğulların, ağ duvaqlı qızların oylağı

27 il idi ki, adından “ağ”  sözünü çıxarıb  Qarabağın qara bəxti, qara taleyi  adlandırmışdıq Ağdamı.  Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı.    Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər-bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının  tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabaq atlarının məskəni olan Ağdamın  ağ atlı oğullarından, ağ duvaqlı qızlarında  “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin  qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam etməyəcəkdi. Çünki azərbaycanlıların belə bir deyimi var...

                   Qara günün ömrü az olar

Bəli, qara günün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi  qısaltdı Ağdamın qara günlərin ömrünü. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, o yuxulardakı ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi qısaltı Ağdamın qara  günlərinin ömrünü.  Ali Baş Komandanımızın da söylədiyi kimi Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər  Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və  böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir.  Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

27 sentyabrdan başlanan  hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən, başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevriənlər oldular. Tarix öz siyasi lideri  və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə  Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördüm...

Ağdama gülümsəmək necə yaraşır...

         Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri ötən 27 ildə yerlə yeksan olunub Ağdamımız.  XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb  düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Bu qeyrətli oğulların sayəsində Ağdamın əzan səsi təşnəsinə  də son qoyuldu. Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il ağ çöhrəsinə qara qaşqabaq çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları  ilə birlikdə gülümsəyirdi. Çünki  o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evinin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni novraq bəxş etmək üçün gəlmişdi. Bu üzdən də Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını  bayram edirdi.   Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, Ağdamın da üzünə gülümsəmək necə də yaraşır... Bu gülümsəmənin fonunda   Ağdamın gülməyini təsvir edirəm, əgər...

Dağılan tifaqlar olmasaydı...

Bizdə belə bir qarğış var: tifağın dağılsın. Bəlkə də təsadüfən eşidərkən bu qarğışın çox da dərindən fərqinə varmır insan. Əsəbləşən bir insanın ağzından çıxan bir bəddua kimi qarşılayır onu. Lakin işğaldan azad olunan yurd yerlərimizi televiziya ekranlarından izləyərkən   bu qarğışın tam mahiyyətini anlamağa başladım. Daş üstə daş qalmayan evləri, uçulub dağıdılmış hasarları, soyğunluğa məruz qalmış evlərin dam örtüklərini, qapı-pəncərələrini gördükcə “tufağın dağılsın”nın nə qədər ağır qarğış olduğunu dərk etdim. Əbdürrəhim bər Haqverdiyevin “Dağılan tifaq” faciəsini, əsərin leymotivini- ictimai-əxlaqi tənəzzülə məruz qalmış mülkədarların mənfur  təbiətindən dоğan xarakterləri ilə  tifaqların, оcaqların  dağılmasını xatırladım. “Sən demə tifağın dağılması belə olurmuş” sözlərini dəfələrlə pıçıldadım öz-özümə. Bəs görəsən bu tifaqları dağılmışların, daha doğrusu dağıdılmışların günahı nə imiş. Bu tifaqları dağıdanlar  insan görüntüsündə hansı varlıqlardır?..  Düşündükcə düşünür, insanlığa əsla yaxın belə gəlməyən bu görüntülər qarşısında insan dəhşətə gəlirdim.  Görəsən həyatında bir dəfə daşı daş üstünə qoyub yurd salan bir insan başqa bir yurdu dağıda bilərmi? Mən bu qənaətə gəlirəm ki, bu yurdları bu günə qoyanların evi-eşiyi, övladı ola bilməz. Bu faciələri yalnız insani hisslərdən məhrum olanlar törədə bilərlər.  Lakin qoy bilsinlər ki, bizə tifaqlar yox, torpaqlar lazımdır, çünki...

                            Su gələn arxa bir də gələr...

Bəli,dilimizdə belə bir deyim də var ki, su gələn arxa bir də gələr. Yurd salmaq, ev tikmək nə qədər çətin olsa da, uzun illərə başa gəlsə də, çox insanlar üçün bir ömrə bərabər olsa da, belə imiş  Qarabağ torpaqlarının sakinlərinin alın yazısı. Dağıdılacaqmış illərlə qurub-yaratdıqları. Yeməklərindən, geyimlərindən kəsib daşa, quma verib ucaltdıqları yurdları dağıdılacaqmış.  İçərisində nə  xəyallar qurduqları evlərə həsrət qalacaqmışlar. Nə arzularla əkdikləri ağaclar bar üstündə düşmənin xəyanətkar  əllərinə veriləcəkdi. 27 il bu yurdun insanları köçkün həyatı yaşaya-yaşaya tək təsəlliləri Ağdamın ağ günlərini xəyallarında canladırmaq olacaqdı. Amma bir məsələ də var ki, gedənlərin, itirilənlərin hər birini qaytarmaq olar, tək torpaqdan savayı. Qoy yansın, sökülsün, dağılsın evlərimiz. Ta ki torpaqlarımız özümüzünkü olsun, yadlar ona sahib çıxmasın. Qoy evsiz-eşiksiz qalaq, torpağın üzərində süfrə açaq, çörək kəsək,  evimiz torpağın üzəri olsun, lakin torpağımız özümüzün olsun. Torpaq varsa, onun üzərində hər zaman gözəl, yaraşıqlı evlər qurmaq mümkündür. Su gələn arxa, bir də gələr, deyib atalarımız.  O arxın  varlığı ilə  ona  yenidən su gələ bilirsə, torpağın varlığı ilə də yeni yurdlar salına bilər. Ağdamda da salınacaq o yurdlar. Sevinəcək, güləcək kəndləri, şəhərləri, insanları. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dediyi kimi: İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb...Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur… Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Bəli, bu yaz Ağdama başqa cür gələcək...  

“Qarabağ bülbülləri” bu yaz cəh-cəh vuracaq

 Bu yaz  Günəş bir başqa doğacaq, güləcək Ağdamın üzünə. Torpaq qış yuxusundan ayılan zaman köksündə doğma addımları, tanış əlləri hiss etdikcə yağıdan canının qurtarmasını bayram edəcək. Çəmənlərdə , düzlərdə qələbə çiçəkləri açacaq. Ağdam  yenidən əvvəlki cənnətə çevriləcək. Bağları-bağçaları ilə məşhur bu yurd  öz yeni növrağına qovuşacaq. Bağçalardakı  cəh-cəh vuran bülbüllərdən ilham alan “Qarabağ bülbülləri”  Qarabağ şikəstəsini oxuyarkən bu sədaları eşidən  qonşuluqdan kənar olmasını çox arzu etdiyimiz, lakin  qonşuluğu  alın yazımız olan düşmən məğlubiyyətini bir daha dərk edəcək.  Kaş  onu da əbədiyyən dərk edərdi ki, xalq, millət, milli dəyərlər, tarix, incəsənət, mədəniyyət-tar, kaman, saz, muğam olan yerdə axı erməni necə ola bilər?..  Gərək düşmən  edirsə də, barı  öz mentalitetinə uyğun ərazilərin iddialarını  etsin axı...

Mətanət  MƏMMƏDOVA