Bütün dünya hadisələrinə rəğmən öz yolu ilə ahəstəcə addımlayan füsunkar baharın ətrafdakı gözəllikləri əhatəsində bu günlər bir musiqi adamı ayaq saxlamağa, onu dinləməyə vadar edir… Bu musiqi, sanki barmaqların notların üzərində hərəkətilə birdən zilə qalxıb, birdənsə bəmə enməklə təbiətin ucsuz-bucaqsızlığında uzaqlaşır, yaxınlaşır. Ətrafdakı çiçəklərin bir-birinə qarışan rayihəsi bu musiqinin ifaçılarından “söhbət açır”. Çünki o ifaçıların həyatı bu rayihənin onları çiçəyə çağırışı ilə başlar, kiçicik, sadə daxmalarında bitər. Musiqi nə qədər gözəl olsa da, lakin ilk ağıla gələn həmişə eşitdiyimiz bu söz olur: arı vızıltısı… Yox, əsla vızıltı deyil bu. Kim arıların səsini belə adlandırmış görəsən? Bu sözün ilk səslənməsi belə, adama xoş gəlmir, haradasa insanı narahat edən, başağrısı gətirən bir səs təsirini bağışlayır. Nə qədər yanlış imiş, bununla əsla razılaşmaq olmaz. Axı bu səs vızıltı deyil, gözəl bir musiqi əsəridir – balladadır. Adama bal kimi şipşirin gələn balladanın xorla oxunan nəğmə, musiqi ilə müşayiət olunub, dramatik oyunlar və rəqslərlə başa çatan bir xalq poeziyası nümunəsi olduğuna nəzər saldıqda bu janrın, bəlkə, elə arılara istinadən yaradılması adamı çox düşündürür. Bəli, arıların balladası, bal balladası. Ağacların, güllərin, çiçəklərin bu möhtəşəm simfonik orkestrin üzvləri, təbiətin özünün isə dirijoru olduğu, şövqlə ifa olunan böyük bir musiqi bəstəsidir. Arıların zəhmət nəğməsidir. 

 

Bahar gəlişi ilə qışboyu “evlərindən” bayıra çıxmayan arıları yeni həyata, təbiətin qoynuna səsləyib. Dünyanın ən kiçik, lakin ən zəhmətkeş, kiçicik can-cüssələri ilə “evlərində” yaratdıqları qayda-qanuna, gördükləri işin keyfiyyətinə, ortalığa çıxardıqları zəhmət bəhrəsinə görə bütün canlılardan üstün olan arılar isə bu çağırışla yeni iş mövsümünə başlayıblar. Budur, minlərlə arı güllü-çiçəkli çəmənlərdə, bağçalarda iş başındadır. Diqqətim bu kiçik canlılardan birinin səhərdən bəri çiçəyin üzərindəki mücadiləsində ilişib qalıb. Bu kiçik varlığın simasında milyonlarla arını Yer kürəsinə bəxş edən Ulu Yaradanın onlara əmrini xatırlayıram: “Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)…Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!.. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlifrəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunu da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” Və bir də həmin arının simasında Yaradanın bu kiçicik canlara sığdıra bildiklərini, onların fizioloji cəhətdən özlərindən dəfələrlə böyük varlıqlara faydalarını düşünürəm. Düşünürəm ki, Ulu Yaradanın şüur bəxş etdiyi biz insanların bəzən 4-6 nəfərdən ibarət ailələrimizdə yarada bilmədiyimiz düzəni böyük ailələr şəklində yaşayan, bir-birlərini yalnız qoxuları ilə tanıyan, hər birinin öz işi, əməyi olan, günləri saniyəbəsaniyə zəhmətə hesablanan arılar necə də gözəl şəkildə qura bilirlər. Bu bir arının timsalında milyonlarla arının yaranışını, yaşamını göz önünə gətirirəm: onların yumurtadan çıxmalarını, bu yumurta qabıqlarını yenicə çırtıb həyata boylanan kiçicik vücudlarını, qısa bir zamanda özlərindən böyüklərdən aldıqları “təlim və təhsillə”, sanki illərin zəhmətkeşi olduqlarını düşünürəm. Budur, çiçəkdən-çiçəyə o incə qanadlarını ahəstəcə titrətməklə uçuşurlar. Kiçicik canları ilə saniyədə 250 dövrə vurur, bir saatda 15 kilometr sürətlə uça bilirlər. Çiçəklərin şirəsini topladıqca vücudları ağırlaşır, lakin bu onların uçuş cəldliyinə mane ola bilmir. Bu bapbalaca varlıqların çiçəklərdən şirəni sormaq üçün dili, əşyalara toxunub qoxusunu duymaq üçün bığcıqları, özlərini qorumaq üçün neştərləri var. Həmin neştərlər insana toxunanda necə acı verirsə, (Ulu Yaradanın hikməti ilə bu acıda da dərdlərə dərman, çarə var ) bu bədəndən axan baldan dadanda bir o qədər şirinlik duyulur.
Çiçəyin üzərindəki mücadiləsini tamamlayıb uçmağa başlayan bu arının gedəcəyi ünvanı düşünürəm. Həyatları pətəkdən çiçəyə, çiçəkdən pətəyə qədər olan məsafəyə hesablanan arı hara gedə bilər ki? Təbii ki, pətəyə – mənzilinə. Budur pətək… Kənardan sadə, çox kiçik bir qutu kimi görünən bu mənzildə ən müasir texnoloji avadanlıqlarla işləyən böyük fabrik və zavodların gündəlik istehsal gücündən dəfələrlə artıq bir iş prosesi var. Bu proses təbii yolla, sadəcə, böyük zəhmətlə gerçəkləşir. Burada heç bir xammal kənardan alınmır. Nə mum, nə süd, nə şəkər, nə də su… Budur, bayaqkı ballada indi pətəyin ətrafında səslənir. Arılar bədənlərindən mum ifraz edib şan hazır­layanların əməyini tamamlamaq üçün pətəyə can atırlar. O şanlarda insanların etdiyindən fərqli şəkildə, metrsiz, xətkeşsiz, ölçüsüz, lakin çox böyük dəqiqliklə hazırlanan hücrələri öz nektarları ilə doldurmağa, çölün-çəmənin min bir dadda, ətirdə olan çiçəklərindən topladıqlarını insan üçün nemətə çevirmək naminə ilahi bir əmrlə uçuşurlar. Pətəkdə qızğın, bir o qədər də sirli iş prosesi var. Balı muma çevirənlər, mumdan şan düzəldənlər, şanı üfüqi, şaquli hissələrə bölənlər, hücrələr toxuyanlar… Erkək arılar, sürfə qoyub yeni minlərlə arının dünyaya gəlməsini gözləyən ana arılar, dünyaya gələn “bacı-qardaşlarını” südlə qidalandıran bəsləyici arılar, təmizlik işləri görən arılar, işə tələsən işçi arılar, pətəyin keşiyini çəkən arılar...
Bəli, 2016-cı ildən başlayaraq muxtar respublikamızda hər il keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda gördüyümüz çeşid-çeşid bal, bal məhsulları, sən demə, bax belə, minlərlə arının dəyişilməz süjet xətti üzərindəki həyat tərzindən, zəhmətindən, bir də ki, yorulmadan səsləndirdikləri əmək balladasından hasil olurmuş. Dadarkən çiçək ətri duyulan, nərgizi, bənövşəni, ərik, şaftalı, alma çiçəklərini burnuna yaxınlaşdırırmışsan kimi hiss olunan, elə bütün bunlara görə də ölkə bazarlarında əl-əl axtarılan Naxçıvan balı... Arıların balladasında da, çiçəyə, ətrə, şirəyə yönələn uçuşlarında da bu gözəl diyarımızdan aldıqları ilham, bu cənnətməkanın onlara verdiyi güc, ruh duyulur. Kiçik, lakin böyük hissiyyata malik bu varlıqlar təmiz, oksigenlə bol, günəşli havanı hiss etmədən pətəkdən bayıra çıxarlarmı? Çiçəklərin ətri, güllərin rayihəsini almadan uçuşarlarmı? Bunlar olmasa, heç arılar var ola bilməz. Onların diyarımızı özlərinə məskən seçməsinin də, elə arıçılığın bu yerlərdə daha geniş kənd təsərrüfatı sahəsi kimi formalaşmasının və ildən-ilə inkişaf etməsinin də səbəbi muxtar respublikamıza Yaradanın bəxş etdiyi bu füsunkar təbiət, əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazasıdırsa, digər səbəb isə bu bəxşişi dəyərləndirənlərdir. Arıçılığın inkişafı ilə bağlı imzalanan dövlət sənədlərinin, sonuncu – 2017-2022-ci illəri əhatə edən dövlət proqramının hədəfi ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, arıçılıq məhsullarının ixracının stimullaşdırılması, muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi idi ki, bunlar artıq reallaşıbdır. Bu sahə üzrə müxtəlif tədbirlərin, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi, arıçılara yaradılan münbit şərait – sahibkarların pulsuz dərman preparatları ilə təmin edilməsi, arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə kreditlərin verilməsi, arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsinin yaradılması, arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin yaradılması son illər bu sahənin inkişafına, cari ilin əvvəlinə olan məlumata görə, arı ailələrinin sayının 99 min 798-ə, bu sahə ilə məşğul ailə təsərrüfatlarının sayının isə 4884-ə yüksəlməsinə səbəb olmuşdur ki, bu rəqəmlər 20-25 il bundan əvvəlki dövrlə müqayisə olunmayacaq səviyyədədir. Hər il keçirilən festivalda Ali Məclis Sədrinin iştirakı, arıçılarla görüşməsi, onların qayğıları ilə maraqlanması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. Muxtar respublikamızda “İxrac ili” olan 2020-ci ilin arıçılar üçün uğurlu il olacağı da sözsüzdür.
Çiçək, rayihə, musiqi, sevgi... Deyirlər ki, bal min bir dərdin dərmanıdır. Nə üçün? Nəzər salaq. Əgər dünyada tibbin üzünü ağ edən təbiətin min bir adlı bitkisindən, çiçəyindən hazırlanan dərmanlardırsa, koma vəziyyətinə düşən, ölümlə mücadilə edən insanı bəzi tanış qoxular yenidən həyata qaytarırsa, xəstəliklər var ki, musiqi ilə çox effektiv müalicə olunursa və nəhayət, dünyanı sevgi xilas edirsə, bu dörd ünsürdən yaranan bal niyə də dərdlərin dərmanı olmasın ki?..
Və son olaraq Albert Eynşteyn deyirdi ki, “Əgər arılar yer üzündən yox olarsa, insanın, sadəcə, dörd il ömrü qalar. Arı olmazsa, tozlanma, bitki, heyvan və insan olmaz”. Bu bahar, həm də dünyamızı pandemiyanın ağuşuna aldığı bu bahar milyonlarla arının səsləndirdiyi ballada “deyir ki” həyat öz gözəllikləri ilə davam edir…edəcək…

 Mətanət Məmmədova