Həmkarımız Rauf Əliyev 7 ilə yaxın bir müddətdə doğma “Şərq qapısı” qəzetində çalışıb, öz zəhmətkeşliyi ilə kollektivin hörmətini qazanıb. O, Azərbaycan Dövlət İnformasiya Agentliyinin “AZERTAC” Naxçıvan bürosunun rəhbəri kimi, muxtar respublika ilə bağlı informasiyaların mərkəzi informasiya agentliyində operativ və dolğun çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir, təcrübəli jurnalist kimi gənc əməkdaşların yetişməsində fəallıq göstərib. Öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.


Yenicə çapdan çıxmış “Əsrə bərabər illər” kitabı Rauf Əliyevin məhsuldar fəaliyyətinin bəhrəsidir. 6 fəsildən ibarət olan kitabı annotasiyada da qeyd edildiyi kimi, “Naxçıvanın 6 ilinin ensiklopediyası” da adlandırmaq olar. Çünki burada 2015-2020-ci illərdə qədim diyarımızın hər gününün inkişaf və tərəqqi tarixi özünə yer alıb. Bu dövrün Naxçıvanını öyrənmək istəyənlər üçün, sözün əsl mənasında, arxivə, digər mənbələrə istinad etməyə lüzum yoxdur.
Kitabın məziyyətləri ilə bağlı burada bir neçə məqam xüsusi qeyd olunmalıdır. Müəllif qələmə aldığı hər bir yazıda faktla, görülən işlə, həyata keçirilən tədbirlə yanaşı, həm də onların mahiyyətini ortaya qoyur, bir jurnalist kimi münasibətini bildirir. Müqayisələr, paralellər aparır. Bütün bunlar yazılardan qırmızı xətt kimi keçir. Görülən işlərin təməlində dayanan məsələlərə müəllif bir aspektdən yanaşır: dünənə ehtiram, bu günə cavabdehlik, sabaha məsuliyyət.
İstər tikinti-quruculuq, istər iqtisadiyyat, istər təhsil, səhiyyə, mədəniyyət, rabitə, istər insanların məşğulluq problemləri ilə bağlı tədbirlərin oxucuya təqdimatında Rauf Əliyev təfərrüata varmır; bu işlərin hər birimiz üçün dəyərini ortaya qoyur. Sürətli tərəqqi və inkişafdan danışırsa, bunu təbii hesab edərək fikirlərini bildirir. Nizam-intizamın inkişafın, yüksəlişin, yeni-yeni uğurların başlıca səbəbi və aparıcı qüvvəsi olmasını sanballı dəlillərlə oxucuya çatdırır. Güclü iqtisadiyyatın formalaşmasını, yeni rifaha yol açılmasını, çox doğru olaraq xalqın iradəsi ilə rəhbərin dühasında, xalq-dövlət birliyində görür və bunları əsaslandırır.
2018-ci ilin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar qələmə alınmış yazılarda müəllif bunun üçün vacib olan və dünya praktikasının qəbul etdiyi amilləri zənginliyi ilə izah edir. Eyni zamanda ölkəmizin Gənclər Paytaxtı kimi Naxçıvanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini həyati faktlarla göstərir; qədim diyarımızda insan kapitalına verilən qiyməti yüksək dəyərləndirir. Müasir Naxçıvanı böyük zəhmətin, fədakarlığın, vətənpərvərliyin, dövlətə və xalqa sarsılmaz sədaqətin təcəssümü hesab edir. Müəllim Naxçıvanın davamlı yüksəlişinin təmin edilməsini burada müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyasının həyata keçirilməsinin məntiqi nəticəsi olduğu qənaətinə gəlir. Qədim diyarımızın XXI əsrdə ən uca zirvəyə yüksəlməsini təbii proses kimi qələmə alır, yəni seçilən yolun düzgün olduğunu diqqətə çatdırır. Bunun ifadəsi kimi Naxçıvanda tarixi keçmişimizə dərin hörmətin, gələcəyə sarsılmaz inamın və insanların qurub-yaratmaq əzminin daha da artması, aparılan uğurlu islahatlar, maddi dəyərlərin insan kapitalına çevrildiyi məkanın regional cazibə mərkəzinə çevrilməsinin hər bir naxçıvanlını ürəkdən sevindirməsini müəllif zəngin faktlarla qələmə alır. Kitabda “Son söz əvəzi və ya dahilərin arzularındakı Naxçıvan” yazısı “Əsrə bərabər işlər”in məntiqi sonluğu kimi diqqəti çəkir.
Həmkarımız Rauf Əliyevi “Əsrə bərabər illər” adlı ilk kitabının çapdan çıxması münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.

Muxtar MƏMMƏDOV