Əfsanəyə dönən ömürlər

 

2020-ci il noyabr ayının 2-də Naxçıvan Beynəlxalq Hava Limanında bu qədim Oğuz yurdunda qəhrəmanlıq dərsi keçmiş, Qarabağda azadlıq mücadiləsində ən yüksək məqama ucalmış şəhidlərimizin qarşılanması naxçıvanlıların öz igid həmyerlilərinə böyük ehtiramlarının ifadəsi idi.


...Həmin gün Ordubad rayonunun Azadkənd qəbiristanlığı, bəlkə də, mövcudluğu dövründə bu qədər insanın bir mərhumu torpağa tapşırmağa gəldiyini görməmişdi. Məzarlığın sağından Azadkəndə girən yol da adamlarla dolmuşdu. Şəhid Namiq Xəlillini torpağa tapşırmağa – son mənzilə yola salmağa gəlmişdilər rayonun, muxtar respublikanın hər yerindən. Atası Həsən Xəlilovun sözlərini qatillərə ölüm hökmü saydıq həmin gün:
– Namiq ölməyib. Onun yüzlərlə davamçıları var – ordumuzda, hərbi məktəblərimizdə, elə mülki şəxslərimiz içərisində. Ona görə ki, torpağını, yurdunu özünün namusu hesab edir, arxasında güclü komandanın durduğunu, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bilir.
Bu anda yaşadığım qüruru qələmə almağa gücüm çatmır və düşünürəm ki, ancaq belə valideynlərin yetişdirdikləri övladlar düşmən torpağında qalmış torpaqlarımızı işğaldan azad etməyə qadir ola bilər və necə ki, oldu.
Namiq Xəlillinin Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirdiyini bilirdim. Onu da bilirdim ki, liseyi yüksək qiymətlərlə başa vurub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Buranı bitirdikdən sonra hərbi qulluğa başlayıb.
Onu da deyim ki, 2020-ci il sentyabr ayının 27-dək bu liseyin 8 məzunu şəhidlik zirvəsinə ucalıb. Onlar üçün liseydə guşə yaradılıb. Guşədə həmin şəhidlərin keçdikləri şərəfli yol haqqında geniş məlumatlar öz əksini tapıb. Bu yazını qələmə alarkən liseylə əlaqə saxladım. Liseyin Tədris şöbə rəisinin müavini, mayor Hikmət Hacıyevlə telefon söhbəti etdik. Çalışdığı məktəbdə ilk hərbi təhsil almış məzunlarının qazandığı tarixi Qələbədə böyük şücaətlər göstərdiklərini ona xatırlatdım, belə hərbçilərlə xalqımızın qürur duyduğunu dedim. Hikmət müəllim sözünə gözəl şairimiz Məmməd Arazın misralarıyla başladı:
Bu gün gərək hər anımız “Vətən” desin!
Qılıncımız, qalxanımız “Vətən” desin!
Ölənlərin əvəzinə qalanımız “Vətən” desin!
Qəlbimizin hər duyğusu, hər vurğusu “Vətən” desin!
Hər anımızın, qılıncımızın, qalxanımızın, duyğumuzun Vətən deməsini 44 gün ərzində təkcə Azərbaycan deyil, bütün dünya gördü, Odlar Yurdunun öz torpağına bağlılığını gördü, oğullarımızın vətənpərvərliyini gördü. Bu gün ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsi qazanan gənclərimizin böyük Qələbəmizi görməmələri qəlbimizi nə qədər ağrıdırsa, onların həyatda yoxluğu ürəyimizi nə qədər göynədirsə, ölkəmizin, xalqımızın bundan sonra əmin-amanlıqla yaşayacağına sevinirik. Bu sevinci bizə bəxş edənlər içərisində bizim də məzunlarımız az deyil. Onlardan biri Namiq Xəlilli idi. Əlaçı, liseyin daxili nizam-intizam qaydalarına yüksək səviyyədə əməl edən Namiq burada oxuduğu müddətdə kollektivin sevimlisinə çevrilmişdi. Liseydaxili tədbirlərdə, muxtar respublikada keçirilən idman yarışlarında, fənn olimpiadalarında xeyli uğurlar qazanmışdı. Zahirən sakit görünsə də, təbiətən çılğın idi.
Bu gün Namiq təhsil aldığı orta məktəb, hərbi lisey və hərbi məktəblə yanaşı, doğulub boya-başa çatdığı Azadkəndin də adını ucaldıb.
Azadkənd tam orta məktəbinin hərbi rəhbəri Akif Abbasquliyev deyir ki, gənclərin çağırışaqədərki hazırlığı dərslərində Namiq həmişə fəallıq göstərərdi. Bütün fənləri yaxşı oxumaqla bərabər, bu fənnə ciddi yanaşmağı onu hərbçiliyə gətirib çıxardı. Bu gün məktəbin hərbi kabinəsində Azadkənd şəhidlərinin xatirəsinə səyyar guşə düzəltmişik. Guşədə şəhidlərlə bağlı maraqlı materiallar var. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən Namiq Xəlilli barədə göndərilmiş təşəkkür məktubu Azadkəndin hər bir sakinində qürur yaradır, hər bir məktəblini onun kimi vətənpərvər olmağa səsləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş baş leytenant Xəlilli Namiq Həsən oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.
...Bu gün Namiq, onun məsləkdaşları – bu xalqın şəhid oğulları tarixi Qələbə meydanının qəhrəmanlarıdır. Onlar Qələbə tarixini şirin canları ilə yazdılar. Tarix də onları öz səhifələrinə qızıl hərflərlə yazıb. Bu tarix əbədidir. Bu tarixi onlar bizə yaşatdılar. Çingiz, Namiq, Raqib, İbrahim, Saday, Ayaz, Ceyhun, Bağır....

Muxtar MƏMMƏDOV