“Şərq qapısı” qəzetində işlədiyim 20 ildir. Dönüb o illərə baxmaq mənim üçün qürurludur ona görə ki, ölkə mətbuatının ən yaşlı üzvünün keçdiyi yolun 20 ilinin canlı şahidi, iştirakçısıyam. İlk iş otağı, redaksiya binasının bir addımlığında yerləşən mətbəə, o dövrlər üçün müasir olan texnologiyalar, ağ-qara və kiçik formatda dərc olunan qəzet muxtar respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatının güzgüsü rolunu oynamağa çalışırdı. Bunun üçün şərait də yaradılmışdı. Redaksiyada səmimi bir kollektiv çalışırdı. Kollektiv üzvlərindən bir çoxu artıq dünyasını dəyişib – ruhları şad olsun, – deyirəm. Onlar sırasında birisi isə həyatımda, gələcək fəaliyyətimdə mənim üçün böyük rol oynayan, bir məktəb yaradan mərhum Səxavət Kəngərlinin öz yeri var...

2001-ci ilin isti iyun günlərinin birində telefonla “Şərq qapısı” qəzetinə işə dəvət olunanda əvvəlcə duruxdum. Qəzetlə müntəzəm olaraq əlaqə saxladığımdan burada ölkə mətbuatında tanınmış və özlərini təsdiq etdirmiş jurnalistlərin çalışdığını bilirdim. Belə təcrübəli qələm sahibləri ilə birgə çalışmağın məsuliyyətini düşünəndə təklifdən imtina etmək istədim. Bir gün sonra redaksiyaya gəlib baş redaktorla xeyli söhbət etdik. Düşündüklərimi ona dedim. Mərhum Məmməd Məmmədovun muxtar respublikada mətbuatın inkişafına böyük qayğı göstərilməsi, bu qayğıya əli qələm tutan ziyalıların əməli işlə cavab vermələri üçün yaradılan şərait barədə söhbətini indi də xatırlayıram. Və o söhbətdən sonra qəzetdə işləməyə razılıq verdim. Bundan sonra baş redaktor mənə Səxavət Kəngərli ilə bir otaqda oturmağı məsləhət bildi:

– Təcrübəlidir, qayğıkeşdir, gənclərlə işləməyi xoşlayır.
Səxavət müəllimə məxsus olan bu keyfiyyətləri onunla birgə işlədiyimiz 10 ildə, demək olar ki, hər saat, hər gün gördüm. Qocaman jurnalist təqaüdə gedəndən sonra da müntəzəm olaraq redaksiyaya gəlir, öz dəyərli məsləhətlərini verirdi.
Bu yazını qələmə alanda Səxavət Kəngərli ilə birgə işlədiyim dövrün bəzi məqamlarını gözlərim önünə gətirirəm. Zahirən zabitəli görünən bu insanın daxilən necə mehriban, qayğıkeş, işinə məsuliyyətli bir jurnalist olduğunu bir daha təsdiqləyirəm.
Səxavət Kəngərli əmək fəaliyyətinə fotomüxbir kimi başlamışdı. Müxbir də işləmişdi, şöbə müdiri də, məsul katib də, baş redaktor da.
1991-ci ildən 2000-ci ilədək “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdı. Qələm dostumuzun çalışdığı bu illəri dəqiq xatırlamaqda məqsədim bir məqamı xüsusi vurğulamaqdır. Bu illərdə Səxavət Kəngərli hər kəsə nəsib olmayan bir ömür yaşamışdı. Ona görə də Səxavət müəllimin ömür yolu, mətbuatdakı fəaliyyəti bugünkü gənclik üçün bir məktəbdir, örnəkdir. O, 1991-1993-cü illərdə bu vəzifədə çalışarkən ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasına rəhbərlik edirdi. Ona görkəmli dövlət xadimi ilə birgə işləmək nəsib olmuşdu.
Özünün söhbətini xatırlayıram: – Blokada şəraitində yaşayan, yolları hər tərəfdən bağlanan Naxçıvan həm də informasiya blokadasına salınmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri seçilənədək redaksiya və deməli “Şərq qapısı”, bağlanmaq üzrə idi. Həftədə bir nömrə çıxara bilirdik. Çünki bütün sistem dağılmış, qəzet yaddan çıxmışdı. Maliyyə vəsaitimiz yox idi. Ölkədən tamamilə təcrid olunan muxtar respublika, doğrudan da, dənizdə sükansız gəmiyə bənzəyirdi. Belə halda kim idi qəzetlə maraqlanan? Bu vəziyyətdə işləməyin, qəzet çıxarmağın, muxtar respublikada baş verən hadisələri geniş oxucu kütləsinə çatdırmağın çətinliyini, özünüz fikirləşin, o vəziyyəti gözləriniz önünə gətirin. Məhz ulu öndər Heydər Əliyevin gündəlik və böyük qayğısı ilə “Şərq qapısı” qəzeti, necə deyərlər, yenidən doğuldu, yenidən həyata qayıtdı. Onun tövsiyəsi ilə həm də səkkiz səhifəlik bülleten buraxmağa başladıq. Həmin bülletenləri 20-25 min tirajla çap edib Bakıya göndərirdik ki, Azərbaycan əhalisi ulu öndərimizin Naxçıvandakı fəaliyyəti ilə tanış olsun, muxtar respublikadakı mövcud şəraitdən məlumat əldə etsin.
...Onu tanıyan jurnalistlər, eləcə də mətbuat üçün kim olub Səxavət Kəngərli?
Bu sualın geniş cavabını yığcam şəkildə belə ümumiləşdirərdim: Bir müxbir kimi öyrənilməli jurnalist. Obyektiv, operativ, müraciət etdiyi mövzuya yaradıcılıqla yanaşan, qərəzsizliyi başlıca meyar kimi götürən bir müxbir. Onunla işlədiyim müddət ərzində bir dəfə də olsun, görmədim ki, o bu gün təhvil verəcəyi yazını, işləyəcəyi kənar müəllif məqaləsini sabaha saxlasın. Özünəməxsus yazı üslubu olan Səxavət Kəngərli həm də jurnalistikanın ən müxtəlif janrlarında qələm işlətməyi bacarırdı. Bu yazını hazırlayarkən redaksiyanın arxivində saxlanılan onlarla qəzet səhifələrini vərəqlədim. Bu qənaətimin doğruluğunu bir daha gördüm. İstər xəbər, zarisovka, reportaj, oçerk, istərsə də felyeton janrlarında yazdıqları bugünkü jurnalistikanın da tələblərinə tam cavab verirdi. Bir-birindən fərqli olan bu janrlarda Səxavət Kəngərli jurnalist istedadını bütün dolğunluğu ilə göstərirdi.
Səxavət müəllim haqqında danışarkən onun redaktor kimi fəaliyyətinə bəzi məqamları da əlavə etmək istərdim. Bu məqamlarla yuxarıdakı sualın cavabı daha ətraflı olacaq. Onun redaktorluğu dövründə mən sıravi kənd müəllimi işləmişəm. Müəllim işləyə-işləyə qəzetlə əlaqə saxlamağım barədə yuxarıda da dedim. Onu da əlavə etmək istəyirəm ki, Səxavət Kəngərlinin redaktor otağının qapısı hamının üzünə açıq olurdu, xüsusilə də qələm sahiblərinin və gənc­lərin. Dəfələrlə otağında olmuşam, söhbətlərini dinləmişəm, tövsiyələrini eşitmişəm. Qəzetə, mətbuata belə ürəkdən bağlanan insanla söhbətlərdən zövq almışam. Hansı mövzuda yazmaq və necə yazmaq barədə tövsiyələri bu gün də əlimdən tutur. Təkcə mənə qarşı yox, qəzetlə əlaqə saxlayan kənar müəlliflərin hamısına belə qayğı ilə yanaşır, iş yeri, çətinlikləri ilə maraqlanırdı.
Dəfələrlə evində olmuşam. Hər il mətbuat bayramı ərəfəsində redaksiya əməkdaşlarının Səxavət müəllimin evində görüşməsi bir adət şəklini almışdı. Bir dəfə soruşdum:
– Səxavət Kəngərlinin həyatında mətbuat...
Üzünə təbəssüm qondu:
– Məşhur sərkərdə Napoleon Bonapart deyirdi: “Mən düşmənin yüzminlik ordusundan yox, yüz qəzet yazarından daha çox qorxuram”. Bu sözlərdə böyük həqiqət var. Çünki yaşadığımız dövrdə mətbuat ən güclü silah rolunu oynayır. Və bu silahdan hər bir jurnalist, qələm sahibi yaşadığı cəmiyyətin inkişafı, mənsub olduğu xalqın daha irəliyə getməsi, dövlətinin iqtisadi qüdrətinin artması naminə istifadə etməyə borcludur.
Mənim həyatımda mətbuatın roluna gəldikdə səmimiyyətlə deyim ki, Səxavət Kəngərli ömrünün mənasını mətbuatda tapıb. 42 il qələmlə yolyoldaşlığı etmişəm. Mən qələmə, qələm isə mənə sadiq olub. Həyatda qazandığım nə varsa, bunun üçün mətbuata borcluyam.
– Mətbuatın bugünkü səviyyəsi, bu sahəyə qayğı barədə nə deyə bilərsiniz?
– Həyatımızın bütün sahələri kimi mətbuat da daim qayğı istəyir. Bir mətbuat işçisi kimi, sevinirəm ki, bu qayğı bu gün yetərincədir. Bu da mətbuatda uğurlar qazanılmasına şərait yaradıb. Mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların əməkhaqlarının artırılması, azad sözə geniş meydan verilməsi, jurnalistlərin fəaliyyətinin qiymətləndirilməsi ölkəmizdə mətbuatın inkişafını şərtləndirən amillərdir. Uzağa getmədən elə doğma diyarımız Naxçıvanda bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinin davamlı xarakter aldığını siz də görürsünüz. Belə şəraitdə heç bir mətbuat işçisinin pis işləməyə haqqı yoxdur.
P.S. Birinci sualımızın cavabında Səxavət müəllim təvazökarlıq edərək mətbuatda qazandıqlarını açıqlamamışdı. Biz açıqlayırıq: Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və nüfuz. Bütün bunlar Səxavət müəllimin mətbuatdakı fəaliyyəti ilə qazandıqları olub.
Bu gün aramızda yoxdur Səxavət Kəngərli. “Şərq qapısı”qəzetinin yüzillik yubileyini muxtar respublikada jurnalistikanın inkişafına dövlət qayğısının növbəti təzahürü olaraq geniş şəkildə qeyd edildiyi bir dövrdə, xüsusilə yeri görünür. Təsəllini onda tapırıq ki, o, doğma “Şərq qapısı”nda Səxavət Kəngərli məktəbi yaradaraq haqq dünyasına qovuşub. Bu gün də o məktəb onu tanıyan jurnalistlərin mətbuatı öyrənmək ünvanıdır. Həqiqəti olduğu kimi söyləmək, rastlaşdıqları neqativ hallara qarşı mübarizə aparmağı öyrənmək ünvanıdır. Həqiqəti olduğu kimi söyləyənlər, rastlaşdıqları neqativ hallara qarşı mübarizə aparanlar artıq 100 yaşı tamam olan “Şərq qapısı”nda Səxavət müəllimin məktəbindən öyrənir, onu minnətdarlıqla xatırlayır və bundan sonra da xatırlayacaqlar.
Ruhun şad olsun, Səxavət müəllim!

 Muxtar MƏMMƏDOV