Hərbi liseydə təhsil alan kursantlara da bu hiss aşılanır 


“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və böyük səyləri hesabına 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradıldı. Bununla bağlı ulu öndər deyirdi: “Biz bu işə başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın gələcəyinə baxış idi, Azərbaycanda ilk milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaradacaq”.

Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bazasında Naxçıvan filialının fəaliyyətə başlaması isə görkəmli dövlət xadiminin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamı idi. 

Ulu öndərin milli ordu quruculuğu siyasətini bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılması da bunun ifadəsidir.
Bu gün qürur hissi ilə demək olar ki, Heydər Əliyev adına Hərbi Lisey ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Liseydə gözəl ənənələr yaradılıb və yaşadılır. Bu ənənələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il liseyi bitirən məzunlarla görüşüdür. Cari il iyun ayının 17-də liseyin 20-ci buraxılışı münasibətilə keçirilən tədbir kursantlarda onlara, məzunların gələcək fəaliyyətinə böyük inam və etimadın ifadəsi olub. Tədbirdə Ali Məclisin Sədri deyib: “O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə ümummilli liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər, zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır”.

Bu gün liseydə kursantların hərbi biliklərə dərindən yiyələnmələri üçün yaradılan hər cür şərait də həmin vəzifələrin yerinə yetirilməsinə hesablanıb. Belə ki, liseyin tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. 750 yerlik yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili və istirahəti də təmin edilib, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Liseydə kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş 25 çarpayılıq tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilib.
Liseydə 26 sinif otağı, fənn kabinələri, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter və 2 linqafon otağı vardır. Sinif otaqları müasir avadanlıqlarla təmin edilib, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilib. Hərbi liseydə elektron tədris sistemi vasitəsilə interaktiv dərslərin keçilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə zəngin elektron dərslik bazası yaradılıb, 11 sinif otağında elektron lövhə quraşdırılaraq distant təhsil sisteminə qoşulub.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən hərbi kabinə və atəş hazırlığı sinfi gələcəyin zabitlərində ilkin peşə vərdişlərinin formalaşmasına xidmət edir. Burada quraşdırılan “Gilavar” və “Scatt” tipli atış trenajorları vasitəsilə kursantların real şəraitə uyğun olaraq nişanalma bacarıqları inkişaf etdirilir, yoxlanılır və qiymətləndirilir.
Liseyin müəllim-zabit heyəti bütün bu imkanlardan səmərəli istifadə edir. Keçilən dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır. Bu sırada ilk olaraq onu deyək ki, hərbi lisey təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-2009-cu tədris ilində ölkəmizdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Liseyin kursantları ötən dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 2 “Qızıl”, 1 “Gümüş”, 12 “Bürünc” nişana layiq görülüblər. Eyni zamanda gələcək zabitlər muxtar respublika üzrə keçirilən müxtəlif inşa yazı və şeir müsabiqələrində ön yerlərə sahib olublar.
Ötən tədris ilində liseydə 188 kursant təhsilini başa vurub. Onlardan biri “Gümüş”, biri “Qızıl” nişana layiq görülüb. Məzunlardan 28 nəfəri Türkiyənin, 9-u Rusiya Federasiyasının, 151-i ölkəmizin ali hərbi məktəblərinə qəbul olub. Cari tədris ilində liseydə 205 kursant təhsil alır. Ümumilikdə, 1998-2020-ci illər ərzində hərbi liseyə 4000-dən çox kursant qəbul olunub, 2001-2019-cu illər ərzində liseyi 3300-dən çox məzun bitirib. Liseyi bitirən məzunların 124-ü xarici ölkələrdə (Türkiyə, Rusiya, İtaliya) təhsil alıb, onlardan 95-i (Türkiyə, Rusiya, Cənubi Koreya) hazırda təhsillərini davam etdirir.

Bu liseyin 2000-ə yaxın məzunu zabit kimi Silahlı Qüvvələrimizdə xidmət edir. Onlardan səkkizinin – 2 kapitan, 3 baş leytenant, 2 leytenantın ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalması burada hərbi-vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə formalaşdırılmasının ifadəsidir. Onların şərəfinə liseydə guşə düzəldilib. Elə bu guşənin qarşısında məktəbin bir neçə müəllimi və kursantı ilə həmsöhbət olduq.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, liseydə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Təyyibə Bağırova digər təhsil ocaqlarından fərqli olaraq onların üzərinə daha böyük məsuliyyət düşdüyünü dilə gətirdi:
– Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq məlum hadisələrin nəticələrini o günləri görməyənlər də yaşayırlar. Onlar bugünkü gənclikdir. Təbii ki, bu gün liseydə təhsil alanlar da həmin gənc­lər sırasındadırlar. Onlarda Vətənə sevgi və məhəbbət hissləri formalaşdırmaq, ərazi bütövlüyümüz, haqq işimiz uğrunda şəhidlik zirvəsinə ucalmış eloğullarımız haqqında ətraflı məlumat vermək liseyin pedaqoji kollektivinin qarşısında duran başlıca vəzifədir. Və bu vəzifənin yerinə yetirilməsi üçün kollektivimiz hərtərəfli şəraitlə təmin olunub.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, kursantlara fizika fənnini tədris edən Məryəm Vəlibəyova:
– Bir neçə gündür ki, ölkəmiz müharibəyə cəlb olunub. Biz başlamamışıq bu müharibəni. Biz torpaqlarımızın alınması, ərazi bütövlüyümüzün təmin olunması, işğalçı azğın düşmənin yeni təxribatlarının qarşısını almaq üçün qələbə əzmi ilə vuruşmuşuq. Liseyin kursantlarına uzun illər davam edən ədalətsizliklər, müharibənin gedişi barədə ətraflı məlumatlar veririk. Onların vətənpərvərlik ruhunu bu günlərdə daha dərindən hiss edirəm. Görürəm ki, kursantlarımız bu gün cəhbə bölgəsində qəhrəmanlıqla döyüşən igidlərin yolunu tutmaq istəyirlər. Bu yol haqq yoludur.
Liseyin Tədris şöbəsi rəisinin müavini, mayor Hikmət Hacıyev:
– Ölkəmizdə müstəqilliyin ilk addımları məhz bu torpaqda – Naxçıvanda atılıb. Naxçıvanlılar Vətəni hər şeydən uca tutanlardır. Əmir Teymur kimi dünyanı fəth edən bir sərkərdə 14 il naxçıvanlıların əzmini qıra bilmədi. Bu gün bu qədim diyarda yaşayan gənclik onların övladlarıdır. Və bəziləri bizim liseydə təhsil alır. Onların yüksək mənəviyyatlı, milli dəyərlərə sadiq, fiziki cəhətdən sağlam hərbçi kimi formalaşması üçün əlimizdən gələni əsirgəmirik. Bunun ifadəsidir ki, kursantlar muxtar respublika və Əlahiddə Ümumqoşun Ordu üzrə təşkil olunan idman yarışlarında da fəal iştirak edirlər. Belə ki, liseyin idmançıları ötən ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən yüngül atletika idman növü üzrə birincilikdə komanda hesabında I, oktyabr ayında cüdo birinciliyində komanda hesabında III, noyabr ayında ali və orta təhsil müəssisələri arasında TİR idman növü üzrə birincilikdə I, dekabr ayında kinqboks birinciliyində fərdi yarışda müxtəlif çəki dərəcələrində I, II və III, Əlahiddə Ümumqoşun Ordu üzrə keçirilən cüdo birinciliyində 73 kiloqram çəki dərəcəsində I yerlərə layiq görülüblər.
Ehtiyatda olan zabit Samir Məhərrəmov, valideyn:
– Oğlum Tahir bu liseydə təhsil alır. Özüm də hərbçi olmuşam. Övladımın evdə lisey haqqında etdiyi söhbətlər, özümün də burada gördüklərim belə deməyə tam əsas verir ki, liseydə Azərbaycan Ordusu üçün gələcəyin sağlam, vətənpərvər zabitləri yetişdirilir. Bu isə Azərbaycan Ordusuna töhfə, ölkəmizin hərbi qüdrətinin gücləndirilməsində hərtərəfli zəmindir.
Kursant Hümbət Şəfiyev:
– Hərbçi olmağı, ordu sıralarında zabit kimi qulluq etməyi hələ orta məktəbdə oxuyarkən arzulayırdım. Ordumuz, igid hərbçilərimiz, şəhidlərimiz haqqında yazılanları tapıb oxuyurdum. Hərbi dərslərə xüsusi maraq göstərirdim. Sevinirəm ki, hərbçi olmaq arzusuna çatmaq üçün artıq ilk addımımı atmışam. Hazırda ikinci kursda oxuyuram. Bu iki il ərzində bizə böyük qayğı və tələbkar­lıqla yanaşan zabit və müəllim heyəti hərbi peşənin sirlərini dərindən öyrətməyə səy göstərir. Məşğələlərimizin böyük əksəriyyəti təcrübi şəkildə keçirilir. Keçilən dərslərdə, təcrübi məşğələlərdə ordumuzla bağlı maraqlı söhbətlər aparan müəllimlərimiz bu gün Silahlı Qüvvələrimizin cəbhə bölgəsində göstərdiyi şücaətlərdən danışaraq gələcəkdə bizim də torpaqlarımızın keşiyində mətanətlə dayanmağımızın şərəf işi olduğunu diqqətimizə çatdırırlar. Biz də çalışacağıq ki, göstərilən etimadı doğruldaq.
Vüqar Əhmədov, Tahir Məhərrəmov, Turan Rüstəmli, Telman Məmmədov da kursant yoldaşlarının dediklərinə şərik çıxırlar...
Onların söhbətləri qəlbimizdə qürur hissləri oyadır. Sevinirik ki, burada Azərbaycan Ordusuna layiq kadrlar yetişdirilir.

Son olaraq. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olarkən kursantlar qarşısındakı çıxışında dediyi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”, – sözlər reallıq olacaq.

 Muxtar MƏMMƏDOV