Muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu isə qədim diyarımızda istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olub. Ötən il sahibkarlara 24 milyon 546 min manat kredit verilməsi, 72 yeni istehsal və xidmət sahəsinin fəaliyyətə başlaması, 37 hüquqi və 3459 fiziki şəxsin dövlət qeydiyyatına alınması da bunu sübut edir. O da qeyd olunmalıdır ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.  

Sahibkar termini müstəqillik ­qazandığımız illərdə leksikonumuza daxil olub. Bu barədə düşünəndə sovet dönəminin bəzi “özəlliklərini” xatırlayıram. Bütün istehsal və emal müəssisələri ancaq paytaxtda və ya böyük şəhərlərdə, çox az hissəsi isə iri rayon mərkəzlərində fəaliyyət göstərirdi. Həmin müəssisələrin özünəməxsus qanun-qaydaları o dövrü yaşayanların, yəqin ki, yadlarından çıxmayıb.

Bəs bu gün? Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın ən ucqar dağ və sərhəd kəndində belə, istehsal və ya emal müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələr daxili bazarda yerli istehsalın çəkisini artırır, məhsul bolluğu yaradır, diyarımızda məşğulluğun genişləndirilməsinə töhfələrini verir. Bu isə bir neçə ailənin maddi rifah halının yaxşılaşdırılması, nəticə etibarilə, insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı deməkdir.
Mətləbdən uzaq düşməyək. Bu gün muxtar respublikanın hansı bölgəsinə üz tutsaq, orada belə müəssisələrin fəaliyyət göstərdiyini görərik. Elə götürək Kəngərli rayonunu. Bu gün bölgədə 30-a yaxın olmaqla, çörək, qapı, pəncərə, şirniyyat, tərəvəz, kərpic, mebel istehsalı sahələri fəaliyyət göstərir. Rayonda son illərdə balıqçılıq və quşçuluqla da məşğul olmağa başlanılıb.
İstehsal sahələrindən biri “Aydın oğulları” adlanır. Rayon mərkəzi olan Qıvraq qəsəbəsində fəaliyyət göstərən istehsal sahəsinin rəhbəri Rövşən Abdullayevdir. Kollektiv öz işinə məsuliyyətlə yanaşır, istehsal etdiyi məhsulların istehlakçı zövqünə cavab verməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edir. Sexdə qapı, pəncərə, pəncərə çərçivələri və bölmələri, güzgülər, şəkillər üçün çərçivələr və mebel istehsal olunur. Hələlik fərdi sifarişlə işləyən müəssisədə Türkiyə Respublikasından gətirilmiş avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqlarla müxtəlif ölçülərdə oyma, tikiş, kənarqatlama, qaynaq işləri həyata keçirilir.

Rövşən Abdullayevin dedikləri:
– Bir neçə aydır ki, fəaliyyətə başlamışıq. Daha doğrusu, yeni binaya qədər uyğunlaşdırılmış bir binada işləmişik. Müasir tələblərə cavab verməyən həmin ünvan çox darısqal idi. Sifarişlərin hamısını qəbul edə bilmirdik. Təbii ki, bu da narazılığa səbəb olurdu, öz gücümüzdən yetərincə istifadə imkanlarımızı reallaşdırmaqda çətinlik çəkirdik. Sağ olsun bizə dəstək göstərən dövlətimizi. Torpaq sahəsi verildi, müasir layihə əsasında bina inşa etdirdik. Yavaş-yavaş hər şey yoluna düşməkdədir. Müasir dövrdə alıcı zövqünü oxşamağın çətinlikləri bəllidir. Buna görə də müasir mebelqayırmada tətbiq olunan yenilikləri öyrənir, bunun üçün paytaxt Naxçıvan və Bakı şəhərlərində, qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən istehsal sahələri ilə sıx əlaqə saxlayır, onların təcrübəsindən yararlanmağa səy göstəririk. Məqsədimiz rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal etməkdir. İndiyədək bizə sifariş verən alıcılar işimizdən razılıq edirlər. Bu da bizi daha yaxşı çalışmağa, yüksəkkeyfiyyətli məhsul istehsalına sövq edir.
Müəssisə rəhbəri ilə birgə sexdəki iş prosesini izləyərkən onu müşahidə etdik ki, burada çalışanlar verilən sifarişləri vaxtında, zövqlə yerinə yetirmək imkanlarına malikdirlər. Bu potensialdan səmərəli istifadə isə sifarişlərin gündən-günə artmasına səbəb olur.
Rövşən belə şəraitin yaradılmasına göstərilən dövlət dəstəyinə görə kollektiv adından bir daha minnətdarlığını bildirdi.
Söhbətimizin əvvəlində rayonda bir sıra sahələr üzrə müəssisələrin olduğunu vurğuladıq. Onlar sırasında Razim Səttarovun rəhbərlik etdiyi çörək və kərpic istehsalı sahələri də var.
Çörək istehsalı sahəsi 2009-cu ildə Yurdçu kəndində fəaliyyətə başlayıb. Burada mətbəx, anbar, sanitar qovşaq tikilib. Bütün sanitar-gigiyena qaydalarına əməl edilən sexdə çalışanlar müvafiq qaydada tibbi müayinədən keçirilir. İşçilər geyim formaları ilə təmin ediliblər. Müəssisədə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Hələlik xammal “Bərəkət” və “Xəyal” un dəyirmanlarından götürülür. Sexdə İran İslam Respublikasından alınan avadanlıqlar quraşdırılıb. Burada 2 növdə çörək istehsal edilir. Sexin istehsal gücü 1 saatda 40 kiloqramdır. İstehsal olunan məhsul müəssisəyə məxsus avtomaşınla satış obyektlərinə göndərilir. Alıcılar məhsulun keyfiyyətindən razılıq edirlər.
Razim Səttarov deyir ki, rayonda geniş həcmdə tikinti-quruculuq işləri həyata keçirilir. Bunu nəzərə alaraq 2015-ci ildə pirket istehsal sexi yaratmışıq. İran İslam Respublikasından gətirilmiş avadanlıqlar imkan verir ki, gün ərzində min ədəd pirket istehsal edək.
Öyrəndik ki, istehsal müəssisəsinin məhsulu üçün sifariş verənlərin sayı get-gedə artır. Kəngərli ilə yanaşı, qonşu rayonlardan da burada hazırlanmış pirket alınır. İşçilər sifarişləri vaxtlı-vaxtında yerinə yetirməyə səy göstərir və buna nail olurlar.
Razim onu da bildirdi ki, artan tələbatı nəzərə alaraq gələcəkdə hər iki istehsal sahəsini genişləndirməyi düşünür. Bunun üçün hər cür imkanlar var.
Kəngərli rayonunda fəaliyyətləri ilə yaxından tanış olduğumuz istehsal sahələrində gəldiyimiz qənaət belə deməyə əsas verir ki, bu gün muxtar respublikamızda sahibkarlıq mühiti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, diyarımızda güclü sahibkarlıq təbəqəsi formalaşdırılıb. Bütün bunlar isə yeni istehsal sahələrinin yaradılmasına imkan verib. Bu da müxtəlif məhsulların başqa yerlərdən və baha qiymətə diyarımıza gətirilməsinin qarşısını alıb. Bu, muxtar respublikada əmin-amanlığın təmin edilməsinin və bu hesaba güclü iqtisadiyyata nail olmağın bariz nümunəsidir.
Bəhs etdiyimiz istehsal müəssisələrinin kollektivləri də bu həqiqətləri dərindən dərk edir və öz fəaliyyətlərini genişləndirmək əzmi ilə çalışırlar.

Muxtar MƏMMƏDOV