Şair Xanəli Kərimlinin poeziyası barədə düşünərkən

“Bədii ədəbiyyat səslər dünyasıdır. Həyatda hər bir kəsin öz yeriş tempi, öz səsi, ifadə tərzi olduğu kimi, ədəbiyyatda da hər bir qələm sahibinin öz “yerişi”, öz səsi və ifadə tərzi olmalıdır. O sənətkar xoşbəxtdir ki, o, səslər dünyasında öz səsini, “yerişini” və ifadə tərzini yad təsirlərdən qoruyub saxlaya bilir. Ən çətin mənəvi və maddi sıxıntılar qarşısında belə, özgələşmir”.
Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin müəllimi Xanəli Kərimli bu azlığa daxil olanlardan biridir və həmin fikir də ona məxsusdur. Ötən əsrin 80-ci illərində ədəbiyyata gələn, o səslər dünyasında öz səsini, “öz yerişini” və ifadə tərzini yad təsirlərdən qoruyub saxlaya bilən, ən çətin mənəvi və maddi sıxıntılar qarşısında belə, özgələşməyən Xanəli Kərimlinin bu qənaəti haqqında düşünərkən akademik İsa Həbibbəylinin sözlərini xatırladım: “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.
Xanəli Kərimlinin daha bir sözünü xatırlamalı oluram: “Öz zəmanəsinə mənsub olmayan bir sənətkar heç bir zəmanəyə mənsub ola bilməz”. Zəmanəsinin şairi olan Xanəli Kərimlinin hər hansı bir şeirini oxuduqdan sonra mütləq onunla daxili dialoqa girirəm. Bu günlərdə onun “Payız duyğuları” kitabını, şair haqqında yazılanları yenidən vərəqlədim. Daxilən onunla yenə də həmsöhbət oldum. Şairə öz şeiri ilə sual verdim: – Sən kimsən, Xanəli Kərimli?

 

Tanrım kəlamlarla, sözlərlə birgə
Göndərdi məni də bu yer üzünə.
Ki, yolunu azmış naşükür bəndə
Heç vaxt ağ olmasın haqqın üzünə.

Mənim yazdıqlarım havayı şeydir,
Ovuda bilmədi bircə qəlbi də.
Mənim yazdıqlarım haraydır, küydür
Nə ayağı burda, nə də qəlbidə.

Bu sözlər də Xanəli Kərimliyə məxsusdur: Əlinə qələm alan hər bir yazı-pozu adamı, yaxşı şair, yaxşı yazıçı olmaqla yanaşı, yaxşı vətəndaş da olmağa borcludur.
Ədəbiyyatımızın əbədi və əzəli mövzusu olan vətəndaşlıq poeziyası elə bir sərvətdir ki, bu sərvətə, demək olar ki, bütün yaradıcı qələm sahiblərində rast gəlmək mümkündür. Ancaq Xanəli Kərimli özünü bütövlükdə bu mövzuya həsr edib, – desək, yanılmarıq:

Bəzən soruşuram özüm-özümdən:
Mən də bu torpağın övladıyammı?
Mən də bu torpağın bir çınqıl daşı,
Bir şam işartısı, köz oduyammı?

Xanəli Kərimli və onun yaradıcılığı ilə tanış olanlar təsdiq edər ki, bu sözlər özündən narazılığın səmimi poetik ifadəsidir. Bu sözlərin arxasında, sözün həqiqi mənasında, Vətənə bağlılıq və borc kimi ülvi hisslər – vətəndaşlıq vəzifəsinə məsuliyyət dayanıb. Deyir ki, xaliqini sevməyən xalqını, xalqını sevməyən xaliqini sevə bilməz. Məni qınayanlar və bəlkə də, tənqid edənlər tapılacaq. Olsun. Əgər bizim ədəbiyyatda “ANA” və “VƏTƏN” mövzularında yazılmış əsərləri tərəzinin bir gözünə, ümumavropa ədəbiyyatında yazılanları o biri gözünə qoysaq, bizim tərəf ağır gələr.
Xanəli Kərimlinin yaradıcılığı barədə “Bir ömrün nağılı” adlı kitabı qələmə almış filosof-alim Sabir Bəşirovun sözləri yadıma düşür: “Vətəni Vətən edən insanlardır – doğma, əziz, yaxın insanlar, səni anlayan dəyərli dostlar, tanışlardır, şəxsən tanımadığın, ancaq əqidəcə, məsləkcə sənə yaxın insanların... varlığıdır. Bir az geniş mənada doğma Vətənin bütün övladları hər bir adama yaxındır – axı biz bu ölkənin vətəndaşlarıyıq!..”
Xanəli Kərimlinin şeirlərinin, poemalarının, bayatılarının böyük bir hissəsi Vətən mövzusundadır və gəlinən qənaət öz doğma yurdunu, torpağını canından artıq sevən hər bir azərbaycanlının qəlbində doğulan munis duyğulardır. Bu duyğular bəzən hayqırır, bəzən kövrəlir, qılınc olur bəzən də. Bu şeirlərdə tribunallıq, pafos da təbiidir:

Bir vaxt Gündoğandan Günbatanacan
Qılınc sıyırmışam, başlar kəsmişəm.
İndi üzün dönsün, ay gidi dünya,
İndi gör kiminlə cəngə düşmüşəm.

Şair vətənpərvərliyi onun bu şeirində ulu tarixin uzaq, dərin qatlarından bu günə gələn yolda biganələrə bir üsyandır. Professor ­Maarifə Hacıyeva yazır: “Şeirlərində “vətəndaş” və “biganə” təzadlarını ustalıqla qələmə alan Xanəli Kərimlinin poeziyasında ana dilinə, yaşadığı Vətən torpağına sonsuz sevgi var. Şair bu hisslərə yad olan biganələrə üz tutur:

Vətən əmanətdir nəsilbənəsil,
Odur hər millətin ən şah əsəri,
Vətənsiz millətin, Vətənsiz elin
Bir nimdaş həsirtək yoxdur dəyəri”.

Bu da Xanəli Kərimlinin sözləridir: – Ustad Məmməd Araz deyirdi ki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Bu gün Naxçıvanda yaşayıb-yaradan şairlərin yaradıcılığında, mən bunu cəsarətlə deyirəm, vətənpərvərlik hissi ölkəmizin digər regionları ilə müqayisədə daha yüksəkdir. Niyə, bunun səbəbi nədir? Çünki Naxçıvan, tarixən diqqətçəkən bir yer olub. Bu da insanlarımıza vətənpərvərlik hissi, mübarizlik aşılayıb. İllərdir ki, Naxçıvan blokada şəraitindədir. Bütün bunların hər biri şair düşüncəsinin dərin qatlarına hopub. Bu, təkcə mənim taleyimdə yox, Naxçıvanda yaşayıb-yaradan, az-çox sözə sahib olmaq istəyən yaradıcı adamların hamısında var. Əgər şair sıxılmırsa, şairi sıxan, narahat edən bir ­qüvvə yoxdursa, o, dolğun düşünməyi də bacarmayacaq.
Şair öz zamanında nəyisə yerinə qoymaqdan ötrü düşünür ki, cəmiyyət üçün faydalı bir iş görə bilsin. Bu düşüncə onun daxili dünyasından gəlir, o, bunu nəyinsə xatirinə etmir, görəcəyi işi doğma Vətən üçün edir. Şairsə bunu şeirləri ilə bacarır. Mən bir daha vurğulayıram ki, Naxçıvan ədəbi mühiti Vətənə bağlılıqdan, naxçıvanlı xarakterindən doğur. Böyük öndərimiz Heydər Əliyev də deyirdi: “Naxçıvanlıların xarakteri ətrafdakı sərt qayalar, dağlar kimidir”. Yəni bu sərt qayalar və dağlar adamlara dözüm və səbir verir.
...Yadıma bir dəfə ona verdiyim sual düşür: – Sizin üçün bədii ədəbiyyat və konkret olaraq poeziya nə deməkdir?
– Ədəbiyyat insan adlı sirli planetin ətrafında fırlanan peykə bənzəyir. Bu peyk həm insan planetindən bəhrələnir və bəhrələndirir. Bədii ədəbiyyata təkcə söz sənəti kimi baxmaq düzgün deyil. Bədii ədəbiyyat həm də böyük elmi kəşflərin yaranması üçün çox vaxt stimul olmuşdur. Başqa sözlə desək, təbiət və kainat sirlərinin elmi ­kəş­finə gedən yol bədii kəşflərdən də yan ­keçməmişdir.
Poeziya nədir? – sualına cavab tapmaq Allah kimdir, yaxud nədir? – sualına cavab axtarmaq qədər çətin və müşküldür. Çünki nə poeziyanın, nə də Allahın bu çağa qədər konkret tərifi verilməyib. Ona görə ki, istər poeziya, istərsə də Allah öz böyüklüyünə və əzəmətinə görə olduğu kimi dərk olunan deyil. Bəlkə, Allahın insan duyğularında, hiss və düşüncəsində yaratdığı möcüzənin adı poeziyadır. İnsan duyğu və düşüncələri də intəhasız və sonsuz olduğundan bu möcüzə, eyni zamanda rənglərin, səslərin, cansız daşların dili ilə özünü bəyan etdirir. Əcəminin Möminə xatın, Səttar Bəhlulzadənin əsrarəngiz tabloları, Ömər Eldarovun daş heykəlləri, Üzeyir Hacıbəyovun musiqi dünyası, Məhəmməd Füzulinin söz dünyası ... bir vahid, müştərək ad altında birləşir: poeziya. Nə qədər mübahisəli görünsə də, deməliyəm: Şeir poeziyanın bir növüdür. Poeziya isə fəlsəfənin ilkin qida mənbəyidir, poeziyasız fəlsəfə yoxdur. Sözlərdə ahəng olduğu kimi, poeziyada da mükəmməl bir ahəng qanunauyğunluğu var. Əgər sözlərdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilirsə, şeirdə, geniş mənada poeziyada hər misradakı sözlərin, hər bənddəki misraların, hər şeirdəki bəndlərin arasında hər cəhətdən ciddi bir ahəngdarlıq olmalıdır ki, bu da şeirin əbədiyaşarlığı üçün başlıca stimuldur. Başqa cür desək, ahəngdarlıq şeirin elmiliyidir... Ancaq min təəssüf ki, özüm bu qanuna­uyğunluğa bir çox hallarda əməl edə bilmirəm. Bu da ondan irəli gəlir ki, yaradıcılıq da insan kimi azadlıq sevir, sərbəstlik istəyir. Yaradıcılıq elə bir qarşısı alınmayan qüvvədir ki, onun qarşısında sənətkar arzusu hüdudsuz görünür.
P.S. Xanəli müəllimin yaradıcılığından danışan ədəbiyyatşünaslar, oxucuları onun şeirlərində, ilk olaraq diqqəti çəkən səmimiyyətdən bəhs edirlər... Filosof-alim Sabir Bəşirov isə bu xüsusda deyir: Xanəli Kərimli şəxsiyyət kimi sadə, səmimi, təbiidir – olduğu kimi görünən insandır. Onun poeziyası da belədir – sadə, səmimi və təbii... Sadə, səmimi və təbii olan vətəndaşlıq ­poeziyası:

Bu da bir ömürdür-bir çay ömürü,
Astarı üzümdür, üzüm də astar.
Sən, ey kölgəmi də qılınclayan kəs,
Məni özgədə yox, özümdə axtar.

 Muxtar MƏMMƏDOV