Muxtar respublikanın ən böyük rayonlarından olan Şərur tarixin bütün dövrlərini əks etdirən abidələrlə zəngin qədim yurd yerlərimizdən biridir. Bu abidələrə daha çox rast gəlinən ünvanlar içərisində Arpaçay vadisi xüsusi mövqeyə malikdir. Burada Daş dövrünü özündə yaşadan Qazma mağarasından tutmuş Eneolit, Tunc, Dəmir dövrləri, həmçinin Antik dövr də daxil olmaqla, müxtəlif nekropollar, yaşayış yerləri, maddi-mədəniyyət nümunələri də yurd yerinin qədimliyindən soraq verir. 1984-1986-cı illərdə və 2008-ci ildə arxeoloqlar Abbas Seyidov və Vəli Baxşəliyev tərəfindən aparılmış qazıntılar zamanı ərazidə Erkən Tunc dövrünə aid sürtgəc, keramikadan ibarət yerüstü materiallar, dən daşları tapılıb. 

Bir qədər sonra Vəli Baxşəliyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Arpaçay vadisində Ərəbyengicə yaşayış yerini tədqiq edib, maraqlı elmi nəticələrə gəlinib. 0,8 hektar sahəni əhatə edən yaşayış yerində dən daşları, sürtgəc, keramikadan hazırlanmış materiallar tapılıb.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin arxeoloji ekspedisiyası tədqiqatların coğrafiyasını bir qədər də genişləndirib. Burada Erkən Tunc dövrünə aid olan keramika, sümük, müxtəlifformalı tikili qalıqları, ocaq yerləri, əmək alətləri, Orta Tunc dövrü qəbir abidələri aşkara çıxarılıb.

“Torpaq, yurd qədri bilən, öz keçmişinə ehtiramla yanaşan ərəbyengicəlilər yaşadıqları kəndin qədim tarixi ilə qürur duyur, bu tarixi tədqiq edib üzə çıxaran arxeoloqların çətin və xeyirxah əməyini unutmurlar. Artıq Ərəbyengicə də ölkəmizin belə müasirliyə qovuşan yaşayış yerlərindən biridir”. Bu sözləri kompleks quruculuq tədbirləri çərçivəsində inşa olunaraq Ərəbyengicə kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin istifadəsinə verilmiş təhsil ocağının direktoru Valeh Şükürov deyir. Məktəbin pedaqoji kollektivinin hələ də yeni binanın sevincini yaşadığı diqqətimdən yayınmır. Nə isə demək istədiyini hiss etdiyim yaşlı bir müəllimə söhbətə qoşulur:
– Yeni binanın açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dedi ki, məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir, intizam var, tədris müəllim tələbkar­lığı və şagird çalışqanlığı üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, gənclərimiz dövlətimizin yaratdığı bu şəraitdən istifadə edərək özlərinə düzgün həyat yolu seçsinlər, peşə öyrənsinlər. Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlətin isə ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o, təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır.
Ali Məclis Sədrinin bu sözləri bizi işimizi bu istiqamətdə qurmağa, uğurlarımızı daha da artırmağa ruhlandırır. Öyrənirəm ki, o, bu təhsil ocağında uzun illərdir, çalışan Səmayə Rəhimovadır.
Səmayə müəllimənin söhbətinə digər bir müəllim Saleh Şükürov qüvvət verir:
– Artıq Ərəbyengicə muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilib. Yollarımız yenilənib. Yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası qədim yaşayış məntəqəsi olan Ərəbyengicənin simasına yeni çalarlar gətirib. Kənd sakinlərini çox sevindirən amillər içərisində fasiləsiz olaraq elektrik və qaz təminatının, rabitə xidmətinin, sürətli internetə çıxış imkanlarının da yaradılmasını xüsusi vurğulamaq lazımdır. Kəndimizin sakinləri tarixən əkinçilik və heyvandarlıqla məşğul olublar. Bunun üçün məhsuldar torpaqlarımız var, su sarıdan heç bir çətinlik çəkmirik. Yeni istifadəyə verilən obyektlər isə hamımızı öz adını dövlətimizin doğrult­duğu kənddə qurulub-yaradı­lanları qorumağa, təsərrüfatda daha böyük uğurlar qazanmağa sövq edib.
68 şagirdin təhsil aldığı 3 mərtəbədən ibarət olan məktəb 208 şagird yerlikdir. Bu da onu göstərir ki, məktəbin tikintisində kəndin uzunmüddətli perspektivi nəzərə alınıb. Təhsil ocağının binasında 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17 kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik olan kitabxana və idman zalı vardır.
Müasir arxitektura üslubunda inşa olunmuş təhsil ocağında güclü maarifçilik ənənələri yaradılıb. Bu gün də həmin ənənələr qorunub saxlanılır. Bunun ifadəsidir ki, ötən tədris ilində məktəbi bitirib ali məktəblərə qəbul olan məzunlardan biri 500-700 intervalında bal toplayıb.
Kənd mərkəzi muxtar respublikamızda mahiyyət və məzmunca yeni obyekt olmaqla, artıq regionun bir sıra yaşayış məntəqələrində ayrı-ayrı funksiyalar yerinə yetirən dövlət qurumlarının bir ünvanda fəaliyyətini təmin etmək üçün inşa edilir. Belə ünvandan artıq ərəbyengicəlilər də istifadə etmək imkanı qazanıblar. Burada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və 56 yerlik zal yerləşir. Hər birində müasir iş şəraiti yaradılan otaqlar yeni avadanlıqlarla təchiz olunub.
Rabitə evində 288 yerlik yeni nəsil ATS quraşdırılıb, burada poçt bölməsi fəaliyyətə başlayıb. İnternetə çıxış imkanları yaxşılaşdırılıb. Hazırda kənddə 36 internet istifadəçisi vardır. Onu da qeyd edək ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclis Sədrinin 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi barədə aidiyyəti qurumlara verdiyi tapşırıq burada da diqqət mərkəzində saxlanılır.
Yaxınlıqdakı yeni bina isə Ərəbyengicə kənd həkim ambulatoriyasıdır. Ambulatoriyanın baş həkim əvəzi Səadət Cəlilova deyir ki, kəndimizdə səhiyyə ocağı üçün belə bir binanın tikilməsi insanların sağlamlığına göstərilən qayğının ifadəsidir.
Səadət Cəlilovanın sözlərinə görə, burada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı, fizioterapiya kabinəsi və aptek kənd sakinlərinin istifadəsindədir. Ambulatoriya müasir tibbi avadanlıqlarla təchiz edilib.
Baş həkim əvəzi deyir ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar təşkil olunmuş səhiyyə maarifi mərkəzində maarifləndirici stend­lərdən, müxtəlif məlumat kitabçalarından istifadə etmək imkanları yaradılıb.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi otağı və iki anbar yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılıb.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Məzahir Əliyev deyir ki, bu gün Ərəbyengi­cədə 284 təsərrüfatda 1030 sakin yaşayır. Onların bütün problemləri aradan qaldırılıb. İstifadəyə verilən yeni sosial obyektlər kənddə şəhər rahatçılığı yaradıb.
Ərəbyengicənin yol infrastrukturu da tamamilə yenidən qurulub. 10,8 kilometr yola asfalt örtük salınıb, 6,7 kilometr yol isə hamarlanıb. Yolun üzərində 25 su keçidi qoyulub, 280 metrlik beton kanal çəkilib. Rabitə sistemi də müasirləşdirilib, 800 metr fiber-optik kabel xətti çəkilib, 9 kilometrə yaxın rabitə xətləri təmir olunub. Kənddə 500 metrlik elektrik və 384 metrlik yeni qaz xətləri də çəkilib, mövcud elektrik və qaz xətlərində bərpa işləri aparılıb.
Kənd meydanında ikibir, üçbir söhbətləşən ərəbyengicəlilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirdilər.
Kənd sakini Rəhim Məhərrəmov dedi ki, ikinci qrup əliləm. Muxtar respublikada insan amilinə göstərilən qayğını bir daha gördüm. Ərəbyengi­cədə görülən bu həcmdə iş kənd adamlarına bəxş etdiyi sevincdən mənə ikiqat pay düşür. Həyətimə hasar çəkilib, uçulub-dağılmaqda olan bəzi tikililərim yenidən qurularaq istifadəmizə verilib. Bütün bunlara görə ailəmiz adından Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Yeni obyektlərin açılış mərasimindən sonra Ali Məclis Sədrinin sakinlərlə görüşü onların hafizəsindən silinməyəcək. Görüşdə Ali Məclisin Sədri deyib: “Quruculuq işlərindən sonra Ərəbyengicə müasir Azərbaycan kəndinə çevrilmişdir. Bu gün kəndlərin abadlaşması rayonların, rayonların abadlaşması isə ölkəmizin abadlaşması və inkişafı deməkdir. Kəndlərdə görülən bu işlər insanların rahatlığının təmin olunmasına hesablanıb. Uşaqlar müasir məktəbdə təhsil alacaq, dövlət qurumları lazımi şəraiti olan binada fəaliyyət göstərəcək, sakinlərə hərtərəfli xidmət göstəriləcəkdir. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir”.

 Muxtar MƏMMƏDOV