Tarixdən gələn səslər və ya muxtariyyətəqədərki dövrə ümumi baxış

Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərinə səfər edən amerikalı jurnalist və tədqiqatçı Peter Tase yazır: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində XVI əsrə aid olan bazarın yanında hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası yerləşir. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binaları Səmərqənd və Təbrizdədir.

Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.
Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma Odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad – Naxçıvan adlı sevgimin, doğulub boya-başa çatdığım yurdun bir parçası.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.

İlkin yaşayış məskənlərimizdən biri Ordubaddadır. Bu, Nuhun ayağı dəydiyi torpaqdır – Gəmiqaya.
XVII əsr tarixçisi İ.Münşi bu qədim yurd yerimiz haqqında yazırdı: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”.
Ulduzu Günəş olan, tərifi behiştin tərifi ilə yanaşı tutulan bu qədim torpağın tarixini öyrənmək üçün ən etibarlı qaynaq bu şəhərin, bu rayonun tarixi-memarlıq abidələridir. Bu gün iki böyük şəhərin izləri yaşayır Ordubadda – Gilan və Azad şəhərlərinin. Onlar özlərində saxladığı izlərlə tariximizi bizə danışır, bugünkü nəsillərə söyləyir, bu salnaməni qorumağa, yaşatmağa çağırır. Elə bu tarixi özündə hifz edən abidələrə əsasən Ordubad şəhərinin ilkin qurulmasının V-VI əsrlərə aid olması güman edilir. Tarixi mənbələrdə isə adı ilk dəfə VII əsrdə çəkilir.
Ordubad şəhərinin qədim məhəllələrini gəzərkən özünü, sanki İçərişəhərdə hiss edirsən. Sırf bu yurd yerinə məxsus arxitektura üslubunda tikilmiş evlər səni nağıllar dünyasına aparır: insan təfəkkürünün gücünə heyran qalmaya bilmirsən.
...Babək qalası Ordubadın qəhrəmanlıq qalasıdır. Soyuq, Əcnövür, Bəlgə, Fələkbaba, Nəzərə dağlarının hərəsi yağı düşmənə baş əyməyən bir sipərdir. Zorxanası, Buzxanası bu günümüzlə dünənimiz arasında körpüdür.
Ordubadın muxtariyyət tarixini isə iki mərhələyə ayıra bilərik. 1924-cü ildən 1995-ci ilə qədərki dövr və həmin vaxtdan bu günədək olan zaman kəsiyi. Muxtariyyət əldə etdikdən sonra digər bölgələrimiz kimi, bu qədim yurd da yeni bir yola qədəm qoyub. 1969-cu ildən sonra isə tikinti-quruculuq işləri genişləndirilib, rayon mərkəzində və böyük kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər həyata vəsiqə alıb. Bu gün Ordubad şəhərindəki bütün ictimai yaşayış binaları, bir neçə inzibati obyekt muxtariyyət illərinin yadigarlarıdır. Bu illərdə sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində də tədbirlər həyata keçirilib. 1926-cı ildə Ordubadda barama toxumu istehsal edən zavod və corab-kəlağayı fabriki fəaliyyətə başlayıb. Hələ XIX əsrin sonlarından rayonda ipəkçilik inkişaf etdirilməyə başlamışdı. XX əsrin əvvəllərində artıq Ordubadda güclü ipəkçilər yetişmişdi. Onların istifadə etdikləri texnoloji avadanlıqlar burada yüksək­keyfiyyətli ipək istehsalına imkan vermişdi. 1924-1940-cı illərdə bölgədə xam ipək istehsalı 2 min tondan 17 min tona çatdırılmışdı. Bu qiymətli məhsullar 13 dəfə qızıl medala layiq görülmüşdü. Rayon mərkəzindəki baramaaçan fabriki iki növbədə işləməklə yüzlərlə ordubadlının iş yerinə çevrilib.
Naxçıvanda yeyinti sənayesinin bünövrəsi də Ordubadda qoyulub. Belə ki, 1928-ci ildə Ordubadda meyvə-konserv zavodunun fəaliyyətə başlaması burada yeni iş yerlərinin yaradılmasına və bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən istifadə edərək müxtəlif konservlər hazırlanmasına imkan vermişdi. Zavodda cəviz, tut, alma, heyva, armud, şaftalı, gilənar, gilas, qızılgül mürəbbələri, kompotlar hazırlanaraq SSRİ-nin müxtəlif respublikaları ilə yanaşı, xarici ölkələrə də göndərilirdi. Burada yetişdirilən meyvələr dəfələrlə beynəlxalq sərgilərə çıxarılmış, 9 qızıl medal almışdı.
Rayonda yaradılmış ictimai təsərrüfatlarda torpaqlardan səmərəli istifadə olunur, üzümçülük və heyvandarlıq inkişaf etdirilir, istehsal edilən məhsullar rayon iqtisadiyyatının gücləndirilməsinə, ordubadlıların maddi rifah halının yaxşılaşdırılmasına öz təsirini göstərirdi.
400-ə yaxın alim yetişdirən Ordubadda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində də gözəçarpan nailiyyətlər əldə edilib. Ötən əsrin 70-80-ci illərində Ordubad şəhərində, Dəstə, Vənənd, Sabirkənd və başqa yaşayış məntəqələrində təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunub. Bir neçə muzey yaradılıb. Azərbaycan Elmlər Akademiyasının Ordubad şəhərində 2 xüsusi elmi-texniki konstruktor bürosu fəaliyyət göstərib.
Ordubad şəhərinin qoruq şəhəri statusu alması da muxtariyyətin bu bölgəyə verdiyi töhfədir.
Sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq Ordubadın da qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Çünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Moskvadan Naxçıvana qayıtdıqdan sonra Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların ulu öndərimizi necə qarşılaması bu sətirlərin müəllifinin gözləri önündədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ulu öndər bu bölgənin əvvəlki həyat ritminə qayıtması üçün bir sıra işlər görülməsinə nail oldu. Bu isə bu gün də davam etdirilən tədbirlərin təməlidir. Böyük inkişaf və yeni tərəqqi müstəvisində olan Ordubadda son 24 il ərzində həyatın bütün sahələrində güclü yeniləşmə diqqəti çəkir. Bu dövrdə rayonda 29 tam orta, 1 şahmat, 1 uşaq musiqi, 1 sürücülük və texniki peşə məktəbi üçün yeni binalar inşa olunub, 20 kənd mərkəzi istifadəyə verilib. Kənd mərkəzlərinin yerləşdikləri yaşayış məntəqələrində fəaliyyət göstərən klub, mədəniyyət evi, kitabxana, ATS, rabitə evi, polis və baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb. 30 qaçqın və köçkün, 3 şəhid, 12 əlil ailəsi də belə qayğıdan yararlanıb. Tarixi-memarlıq abidələri olan Qeysəriyyəyə, Ordubad hamamına, 1 məbədə, 2 yeraltı abidəyə ilkinliyi saxlanılmaqla yeni həyat verilib. Sovet dönəmində 3 muzeyin fəaliyyət göstərdiyi rayonda hazırda 5 muzey öz qapılarını ordubadlıların və buraya gələn qonaqların üzünə açıb.
Rayonda həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu da xidmət mərkəzləri təşkil edir. Bu cəhətdən də Ordubad rayonu öndə gedən bölgələr sırasındadır. Hazırda 16 xidmət mərkəzi əhalinin istifadəsindədir. Ordubadlıların sağlamlığı keşiyində dayanmaq məqsədilə 25 səhiyyə ocağı yeni binada fəaliyyətini davam etdirir. Ötən dövrdə rayondaxili yollar cari və əsaslı təmir işləri ilə abadlaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli ­Sərəncamı ilə Culfa-Ordubad yolu yenidən qurulur.
Bu dövrdə aqrar sahənin inkişafına xüsusi önəm verilib. Torpaq kənd adamlarının daimi iş yerinə çevrilib. Torpaq mülkiyyətçilərinin torpaqlardan səmərəli istifadəsi üçün meliorasiya və irriqasiya tədbirlərinin aparılması, onların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı, kredit və yardımlarla təmin olunmaları diqqət mərkəzində saxlanılıb. Rayonda güclü sahibkarlıq mühiti yaradılıb. Rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində yeni emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Bütün bunlar əhalinin həyat səviyyəsini yüksəldib.
Bir az əvvəl bəhs etdiyimiz qısa zaman kəsiyi, bu zaman kəsiyində həyata keçirilən tədbirlər rayonun simasını əsaslı surətdə dəyişməklə 95 illik muxtariyyət tariximizin ən şərəfli səhifələridir. Bu səhifələrdə ötən ilin nəticələri də böyük uğurlarla diqqəti çəkir. Bu dövrdə tikinti-­quruculuq işləri davam etdirilib. Ordubad Dəmir Yol Vağzalının yeni binası və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binası, Ordubad şəhərində Rabitə evi istifadəyə verilib. Binanın ətrafı abadlaşdırılıb, yeni istirahət parkı salınıb.
Ordubad şəhərindəki 24 mənzilli yaşayış binası əsaslı təmir edilərək, Dəstə kəndində 900 şagird yerlik yeni məktəb, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, mərasim evi tikilib, daxili yolların abadlaşdırılması işləri başa çatdırılaraq 2019-cu ildə istifadəyə verilib.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında əsaslı təmir işləri tamamlanmaq üzrədir.
Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar cari təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.
Bu bölgə haqqında qeydlərimizi oxuyanlar yazımızın əvvəlində Ordubad haqqında deyilən qürurverici fikirlərə nə isə əlavə etmək istəyində ola bilərlər. Çünki saatbasaat dəyişən, gözəlləşən Ordubad bu gün ayrı büsatdadır. Bu büsatın təməlində muxtariyyətimiz, muxtar respublikanın bütün bölgələrinə göstərilən dövlət qayğısı durur. Qədim yurd yeri belə qayğı işığında daha gözəl sabahlara addımlayır, muxtariyyətin 95 yaşını böyük uğurları ilə qeyd edir.

 Muxtar MƏMMƏDOV
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.