Ötən günlərin birində Ordubad rayonunun ucqar dağ yaşayış məntəqəsi Parağa kəndində olarkən neçə illər əvvəl burada gördüyüm mənzərələri xatırladım. Məlumat üçün qeyd edək ki, 1988-ci ildə baş verən hadisələr zamanı Qərbi Azərbaycan torpaqlarından – öz dədə-baba yurdlarından didərgin düşərək muxtar respublikamıza pənah gətirmiş soydaşlarımız Parağada məskunlaşıblar. Onlara dövlətimiz tərəfindən hərtərəfli köməklik göstərilib, 2003-2005-ci illərdə 18 ailə üçün fərdi mənzillər inşa edilib. Hər ailə üçün 620 kvadratmetr torpaq sahəsi ayrılıb. Artıq 30 ildir ki, soydaşlarımız burada yaşayır, qurub-yaradırlar. Onu da qeyd edək ki, kənddə məskunlaşan ailələr, necə deyərlər, əllərini əllərinin üstünə qoyub oturmayıblar, onların bəziləri hərtərəfli dövlət qayğısından istifadə edərək özlərinə yeni evlər tikiblər. Təbii ki, bu işdə parağalıların torpağa, zəhmətə bağlılıqları da mühüm rol oynayıb. 

2012-ci ildə kənd sakinləri dövlətimizin daha bir qayğısını görüblər. Parağada yeni məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer məntəqəsi istifadəyə verilib. Biləv kəndindən başlayaraq yolun qaydaya salınması, asfaltlanması bu yaşayış məntəqəsinə gediş-gəlişdəki çətinlikləri birdəfəlik aradan qaldırıb.

... Yolun sol tərəfində, yaşıllıqlar içərisində yerləşən kənd mərkəzi, tam orta məktəb binası göylərə boyverən ağacların görünməz etdiyi bir-iki kənd həyətini çıxmaqla, bu yurd yerinə gələnləri ilk qarşılayan obyektlərdir. Ucqar dağ kənd­inə, onun torpağa, zəhmətə bağlı insanlarına göstərilən dövlət qayğısının canlı ifadəsi olan bu obyektlər Parağaya müasirlik gətirib. Belə ünvanlarda böyükhəcmli tikinti tədbirləri həyata keçirməyi təsəvvür etmək heç də çətin deyil. Ancaq bu çətinliklərə baxmayaraq, ilk olaraq yol yenilənib, müasir standartlar səviyyəsində genişləndirilib, qara örtük salınıb.
Yadıma illər əvvəl muxtar respublikanın yaşadığı vəziyyət düşür. Nəinki ucqar dağ kəndində, heç rayon mərkəzlərində belə, yeni tikintidən söhbət gedə bilməzdi. Sovet dönəmində tikilmiş binalar da sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Necə deyərlər, hər kəs öz başının hayındaydı. Gündən-günə çoxalan qayğılar insanları məngənə kimi sıxırdı. Onların bu gündən sabaha ümidləri qalmamışdı. Ancaq çətin günün ömrü çox çəkmədi. Ölkəmizin, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın üzərindən qara buludlar dağılmağa başladı. Yeni günlərin təməli də asan qoyulmadı – bu prosesdə insan amili ön plana çəkildi... Real­laşdırılan tədbirlər həyatımızın bütün sahələrinə nüfuz etdi. Paytaxt şəhərimizdən tutmuş ən ucqar dağ və sərhəd kəndlərinə qədər qurucu­luq işlərinə start verildi. Hər il bir neçə yaşayış məntəqəsi öz əvvəlki görkəmini tamamilə dəyişərək müasirliyə qovuşdu. Bu proses bu gün də davam etdirilir...
...Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Surxay Hüseynov uzun illərdir, bu vəzifədə çalışır. Onunla iki mərtəbədən ibarət kənd mərkəzində həmsöhbət oluruq. Bildirir ki, kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, kənd mədəniyyət evi və 56 yerlik zal yerləşir.
Rabitə xidmətini yaxşılaşdırmaq məqsədilə mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılıb, bank xidməti təşkil olunub. Burada 384 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılıb, mobil operatorların xidməti təmin edilib, 2500 metr fiber-optik rabitə xətti çəkilib. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verib.
Kənd mərkəzində Parağa, Biləv və Behrud kəndlərini əhatə edən polis sahə məntəqəsinin fəaliyyəti üçün də lazımi şərait yaradılıb. Həmçinin burada Tivi, Parağa kənd­lərini və Parağaçay qəsəbəsini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otağı ayrılıb.
Binanın birinci mərtəbəsində yerləşən feldşer məntəqəsi sakinlərə ilkin tibbi xidmət göstərilməsində mühüm rol oynayır. Burada ağxalatlılar üçün müasir iş şəraiti yaradılıb, onlar üçün 4 iş otağı ayrılıb.
Surxay müəllim deyir ki, kənd sakinlərinə göstərilən belə dövlət qayğısı insanlara qəribçiliyi unutdurub. 30 il ərzində burada dünyaya göz açan uşaqlar üçünsə bura daha doğmadır. Kənddə 112 təsərrüfatda 400 sakin yaşayır. Bu yaşayış məntəqəsində dağlıq ərazilər üçün xarakterik olan təsərrüfat işləri parağalıların məşğuliyyət sahələri olmaqla, həm də onların ruzi-bərəkət mənbəyidir. Burada meyvəçilik, arıçılıq, heyvandarlıq üçün münbit şərait var. İnsanların içməli və suvarma suyu sarıdan heç bir problemləri yoxdur. Kəndin müxtəlif ünvanlarında 10-dək bulaq ilboyu çağlayır...
... Yolumuzu kənd orta məktəbinə salırıq. Kənd mərkəzi ilə yanaşı olan məktəbdə qələbəlikdir. Üç ay şagird gülüşlərindən uzaq düşmüş siniflər elə bil cana gəlib. Burada yadıma illər öncə kəndlərimizdə gördüyüm məktəb binalarının görkə­mi düşür. O məktəb binalarını bugünkü şagirdlərə təsvir etsən, əsla inanmazlar. Ancaq fakt faktlığında qalır – çiy kərpicdən tikilmiş yöndəmsiz birmərtəbəli tikililərdə dərs keçməyin çətinliyini görmüşük...
Məktəbin direktor əvəzi Zöhrab Qasımovla, müəllimlərlə görüşürük, onlarla həmsöhbət oluruq. Burada yaşayan insanların məşğuliyyəti, kənddə yaşadılan adət-ənənələr, parağalıların asudə vaxtlarının təşkili barədə onlarla söhbətdən əvvəl, adətim üzrə “Parağa” sözünün nə ilə bağlı olduğunu, hansı məna daşıdığını öyrənmək istəyirəm.
Zöhrab müəllim deyir ki, 1590-cı ilə aid mənbədə qeydə alınmış Parağa 1925-1930-cu illərdə 15 kəndi əhatə edən rayon mərkəzi olub. Bəzi tədqiqatçıların fikrincə, Parağa türk dillərində “para”, “pul” anlamındadır. Digər fikirlərə görə isə toponim “para” və “gah” komponentlərindən ibarət olub, “kənd yeri” və ya “o biri sahildəki (tərəfdəki) yer” mənasında açıqlanır. Tədqiqatçı alim, mərhum Adil Bağırova görə, bu adın ilkin variantı “para” və “ağa” komponentlərindən ibarət olub. Burada “para” “torpaq hissəsi”, “kənd” mənası bildirir, “ağa” isə tituldur. Demək, saitlə bitən “para” sözü saitlə başlayan “ağa” sözü ilə birləşdikdə a səsinin birinin düşməsi nəticəsində “Para + ağa” sözləri “Parağa” şəklinə düşüb. Bu adın mənası “ağaya məxsus torpaq hissəsi”, “ağaya məxsus kənd” deməkdir (Bir qədər sonra kənd meydanından yaşayış məntəqəsini seyr edərkən bunun, doğrudan da, həqiqət olduğuna inandım).
Məktəbi gəzirik. Təhsil ocağının binası müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malikdir. Burada dərslərin müasir təlim üsulları ilə tədrisi üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb. 110 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kompüter sinfi, kimya­-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, müasir idman zalı, internetə qoşulmuş 9 kompüter müəllim və şagird kollektivinin istifadəsinə verilib. Məktəbdəki müasir laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər dərslərin yüksək səviyyədə tədrisinə imkan yaradır. Hərbi kabinədə tədris olunan Gənclərin çağırışaqədərki hazır­lığı dərslərində şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Məktəbin binasında yeni idman zalı yaradılıb, həyətdə açıq idman qurğuları qoyulub. Bu imkanlardan səmərəli istifadə olunmasına ciddi önəm verilir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Surxay Hüseynov deyir ki, burada fəaliyyət göstərən dövlət qurumları əvvəllər şəraiti olmayan binada yerləşirdi. Tikilən yeni kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Parağa kəndində aparılan kom­p­leks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi də tikilib. Xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir.
Yaşayış məntəqəsində bir sıra abadlıq işləri də aparılıb, qaz, içməli su və elektrik xətləri çəkilib, transformator yarımstansiyası quraşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Parağanın muxtar respublikanın abad kəndləri sırasına daxil olması münasibətilə tədbir iştirakçılarını, kənd sakinlərini təbrik edib, kənd mərkəzinin açılışında deyib: “Parağa kəndində aparılan qu­ruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə, onların yüksək həyat standartları səviyyəsində yaşamasına göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə ucqar dağ və sərhəd kəndlərinin inkişafına xüsusi diqqət göstərilir, sakinlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Parağa kəndində həyata keçirilən kompleks quruculuq işləri də, ilk növbədə, əhalinin rahatlığına, kəndin sosial-iqtisadi inkişafına xidmət edir”.
Kəndin zəhmətkeş insanları ilə də həmsöhbət oldum. Onlar muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirdilər. Kənd sakini Rövşən Babayev dedi ki, Parağaya köçəndə burada necə yaşayacağımızı düşünürdük. İlk günlər çətinliklərimiz oldu. Dözdük və bəhrəsini gördük. Gördük ki, arxamızda güclü iqtisadiyyatı olan dövlətimiz dayanıb. O dövlət ki insan amilinə böyük dəyər verir, öz vətəndaşının qeydinə qalır. Göstərilən qayğı bu kəndi bizə doğmalaşdırdı. Əkib-becəririk, hey­vandarlıqla məşğul oluruq, arı saxlayırıq. Elə bir ailə yoxdur ki, hansısa təsərrüfat sahəsində çalışmasın.
Öyrəndik ki, kənddə 200-dən çox arı ailəsi, 2000-dən artıq xırdabuynuzlu, 250 baş iribuynuzlu heyvan saxlanılır. Bol məhsullu meyvə bağları göz oxşayır. Bu isə hər bir parağalı ailəsini ekoloji saf qida məhsulları ilə təmin edir.
Kənd sakini Kamil Mikayılov Parağada məskunlaşmış soydaşlarımıza yaradılmış şəraitdən razılığını bildirərək onlar adından dövlətimizə minnətdarlığını ifadə etdi:
– Belə yaşıllığa qərq olmuş kənd uzunömürlülüyün vacib şərtidir. Burada istehsal etdiyimiz məhsullar – bal, pendir, ət, müxtəlif meyvələr özümüzü tamamilə ödəyir, bazara da çıxarırıq. Parağanın dağlarında müalicəvi otlar da çoxdur. Onları da yığıb istifadə edirik. Kənd adamlarını Parağaya bağlayan dövlət qayğısı davamlıdır. Həmyerlilərim Naxçıvan şəhərində keçirilən müxtəlif festivallarda öz məhsulları ilə iştirak edir, ailə büdcələrinə xeyli gəlir gətirirlər. İllər də bir-birindən uğurlu gəlir. Bu il də məhsulumuz boldur. Bizə belə şəraiti yaradanlar sağ olsunlar.

 Muxtar MƏMMƏDOV