Son illərdə muxtar respublikada qazanılan uğurlar barədə danışarkən öncə bunun təməlində hansı amillərin dayandığını düşünürsən. Cavab birmənalıdır: insan amilinə göstərilən qayğı, onun yaxşı yaşamasını, işləməsini təmin edən şəraitin yaradılması. Bu amillərin tərkib hissəsi isə genişdir: tikinti-quruculuq tədbirlərinin həyatımızın hər sahəsini əhatə etməsi, sənayenin, aqrar sektorun inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi, müxtəlif xidmət sahələrində müasir iş şəraitinin təmin edilməsi və sair.  Bütün bunları bu gün paytaxt şəhərimiz Naxçıvandan tutmuş muxtar respublikanın ən ucqar dağ və sərhəd bölgələrində görə bilərik və görülən işlər, haqlı olaraq, region sakinləri tərəfindən yüksək dəyərləndirilir. Bu baxımdan 2017-ci ilin ötən dövrünün uğurlu nəticələri də təbiidir. Ona görə də yurd, torpaq təəssübünü hər şeydən üstün tutan hər bir naxçıvanlı bu müddət ərzində qazanılan uğurlara sevinir. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa da bu gün tamam özgə bir büsatdadır. 

Dünən belə deyildi

Qədim tarixi olan bu yurd yerinin yaxın keçmişinə qayıdaraq o dövrü xatırlayanlar bugünkü inkişaf və tərəqqi müstəvisində keçmişlə müqayisə belə, apara bilməzlər. Çünki sovet dönəminin ən güclü vaxtlarında burada barmaqla sayılası həcmdə iş görül­məsini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Baxmayaraq ki, Culfa o vaxt hərbçilər və dəmiryolçular şəhəri kimi tanınırdı. Buraya bir ucu Vladivostokdan, bir ucu Kamçatkadan, Sibirdən qonaqlar gəlirdi. Ovaxtkı Culfa Rayon Partiya Komitəsinin, Gömrük İdarəsinin və “İnturist” mehmanxanasının binaları dövrün yeni tikililəri olsa da, ənənəvi layihələrdən seçilmirdi. Digər tikililər də cansıxıcı görkəmilə uzaqdan seçilirdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bu bölgənin də üzünə gün doğdu. Rayonda həyat canlanmağa başladı. Culfa şəhərində və kənd yaşayış məntəqələrində yeni tikililər həyata vəsiqə aldı. 1988-ci ilin sonlarından başlanan hadisələr bu rayonu da iflic vəziyyətə saldı. Ancaq hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanan culfalılar çətinliklərə dözdülər. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da yeni inkişaf dövrünə qədəm qoydu.
Son 22 il ərzində rayonun siması tamamilə dəyişib. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililəri saymaqla qurtarmaq olmaz. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunub. 2017-ci ilin ötən dövründə də bu tədbirlər davam etdirilib.

 Quruculuq işləri rayona müasirlik gətirir

Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyon 685,5 min manat investisiya yönəldilib. Bu dövrdə rayonda tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 20 milyon 305,4 min manat təşkil edib.
Bəhs edilən dövr Culfa üçün əlamətdar olub. Belə ki, yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı, kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək.
Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir.
Culfa şəhərində diametri 500 millimetrdən 200 millimetrə qədər borularla 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib.
Bununla da, Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq təmin edilib.
Tikinti-quruculuq tədbirləri hazırda rayonun Dizə kəndində davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin inşaatçıları tərəfindən Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur. Məktəb binası üçmərtəbəlidir. 216 şagird yerlik tam orta məktəb binasında hazırda son tamamlama işləri görülür.
İnşası başa çatdırılan kənd mərkəzinin binası isə ikimərtəbəlidir. Bu binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, klub, tibb və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı, polis, poçt şöbələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılacaq.
Birmərtəbəli xidmət mərkəzi də istifadəyə hazır olan obyektlər sırasındadır. Bu mərkəz sakinlərin ərzaq və təsərrüfat mallarına olan tələbatlarının ödənilməsinə öz töhfəsini verəcək.
Haşiyə: Bu gün muxtar respublika, sözün həqiqi mənasında, böyük tikinti meydançasıdır. Onu da qeyd edək ki, tikinti-quruculuq tədbirləri hər bir bölgəmizdə aparılır və bu hesaba diyarımızın siması tanınmaz dərəcədə dəyişmişdir. Belə gözəllik qarşısında, hətta xaricdən gələn qonaqlar da öz təəccüblərini gizlətmirlər. Sözümüz bunda deyil. Onu vurğulamaq istəyirik ki, quruculuq tədbirləri daha çox kənd yaşayış məntəqələrini əhatə edir. Elə götürək bu rayonu. Bir rayon mərkəzi və 22 kənddən ibarət olan Culfa rayonunun 20-dən artıq kənd yaşayış məntəqəsində yeni sosial obyektlər inşa olunub.

Torpaq kənd adamlarının ruzi-bərəkət mənbəyinə çevrilib

Dağlıq və dağətəyi zonada yerləşən bu bölgədə müxtəlif sahələrin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı culfalıların bir sıra uğurlara imza atmalarına şərait yaradıb. Bu cəhətdən iqtisadiyyatda öz aparıcı mövqeyini qoruyan kənd təsərrüfatı sektorunun inkişafı bəhs olunan dövrdə də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”na uyğun olaraq rayonda ardıcıl və məqsədyönlü işlər görülür. Bu səbəbdəndir ki, bölgədə cari ilin ötən dövrü ərzində 35 milyon 361,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Culfanın torpaq mülkiyyətçiləri taxılçılıqda xeyli təcrübə qazanıblar. Bu il 4831 hektar buğda əkini sahəsindən 12 min 821 ton, 1217 hektar arpa əkini sahəsindən 3052 ton arpa tədarük edilib. Torpaq mülkiyyətçiləri 2018-ci ilin məhsulu üçün 1 sentyabr 2017-ci il tarixə 715 hektar sahədə payız əkini üçün şum qaldırılmasına nail olublar.
İkinci çörək hesab edilən kartofun əkilib-becərilməsinə rayonda xüsusi diqqət yetirilir. Bu səbəbdəndir ki, culfalılar kartof üçün ayrılmış 275 hektar sahədən 2697 ton taxıl əldə ediblər. Rayonda dən qarğıdalı, günəbaxan əkininə də maraq artıb. Hər iki sahədən tədarük olunan məhsul da bunu sübut edir.
Culfalılar bəhs olunan dövrdə 131 hektar sahədə bostan məhsulları əkib-becəriblər. Bu günədək onlar həmin sahələrdən 1471 ton məhsul götürüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahələrdə xeyli uğurlar qazanılmasını şərtləndirib. Belə ki, rayonda meyvə bağlarından 2578 ton meyvə, üzüm bağlarından 1709 ton üzüm, 339 hektar tərəvəz əkini sahəsinin 96,5 faizindən 4532 ton tərəvəz tədarük olunub.
Onu da diqqətə çatdıraq ki, üzüm və meyvə bağlarının sahələrini genişləndirmək bəhs olunan dövrdə diqqət mərkəzində saxlanılıb, xüsusilə də rayonun kənd yaşayış məntəqələrində yeni bağlar salınıb.
Aqrar sektorda özəl bölmənin xüsusi çəkisi var. Bu səbəbdən də özəl bölməyə qayğı davam etdirilib, sahibkarlar müxtəlif dövlət yardımlarından bəhrələnərək yeni istehsal sahələrinin yaradılmasına ciddi önəm veriblər. Bu isə gündə­lik tələbat malları istehsalı ilə yanaşı, əhalinin məşğulluq probleminin həllinə də əhəmiyyətli təsir göstərib. 2017-ci ilin ikinci rübündə rayonda 39 yeni iş yeri açılıb ki, bunun da çoxu özəl sektorun payına düşür.
Bəhs olunan dövrdə rayonda 5 milyon 197,1 min manatlıq sənaye məhsulu istehsal edilib.

Xidmət sahələri fəaliyyətini gücləndirib

Son illərdə olduğu kimi, 2017-ci ildə də əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi üçün ardıcıl işlər aparılıb. Bu dövrdə rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 2 milyon 509,6 min manat olub.
Rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Culfa şəhərində müasir yeni qapalıtipli 100 kva gücündə yarımstansiya quraşdırılıb, açıqtipli 250 kva gücündəki yarımstansiya ləğv edilərək yeni 250 kva gücündə yarımstansiya ilə, “Təbriz” küçəsindəki 250 ­kva gücündəki transformator yarımstansiyası abonentlərin elektrik enerjisinə olan tələbatını nəzərə alaraq 400 kva gücündə olan yarım­stansiya ilə əvəz edilib. Rayonun Yaycı, Gülüstan, Camaldın, Ərəzin, Əbrəqunus, Qazançı, Xoşkeşin, Xanəgah, Əlincə, Gal və digər yaşayış məntəqələrində müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilib. Köhnə avadanlıqların yeniləri ilə əvəz olunması diqqətdə saxlanılıb.
Əhalinin təbii qaz və istiliklə təmin olunmasına diqqət artırılıb, rayon mərkəzində və kənd yaşayış məntəqələrindəki orta və aşağıtəzyiqli qaz xətlərində cari təmir işləri həyata keçirilib, texniki səbəbdən yararsız hala düşmüş qaz sayğacları yenisi ilə əvəzlənib, yeni tikilmiş fərdi yaşayış evlərinə qaz xətləri çəkilib.
2017-ci ildə əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilib. Bu sahədə aparılan islahatlar aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilib.

Rayon sakinlərinin ürək sözləri

Culfa şəhər sakini, təqaüdçü-müəllim Radiq Şahmərdanov:
– İnsan övladı daim qayğıya ehtiyac duyub. Qayğı olan yerdə hər bir çətinliyi aradan qaldırmaq, problemi həll etmək mümkündür. Culfanı müasir rayon mərkəzinə çevirən yeni tikililər bu qayğının ifadəsidir. Son illər daimi xarakter alan belə qayğı insanların qurub-yaratmaq əzminə öz təsirini göstərib. Müxtəlif idarə, müəssisə və təşkilatlar üçün yeni binalar inşa olunmaqla həmin ünvanlarda müasir iş şəraiti yaradılıb. Şəhərin su problemi həll olunub. Dünənki Culfadan əsər-əlamət qalmayıb.
Yaycı kənd sakini, el ağsaqqalı Cəfər Əliyev:
– Həyata keçirilən tədbirlər rayonun, demək olar ki, bütün kənd yaşayış məntəqələrini əhatə edib. Götürək elə yaşadığım Yaycı kəndini. Bir vaxtlar Yaycıda fəaliyyət göstərən təşkilatların hərəsi kəndin ayrı-ayrı yerlərində uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Kənd mərkəzi istifadəyə verildikdən sonra kənddəki təşkilatların bir obyektdə fəaliyyəti təmin olunub. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi yerləşir. Bütün bunlar əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdir.
Culfa şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Nüsrət Yaqubov:
– 20 ildən bir qədər artıq zaman kəsiyində Culfada görülən işlərin həcminə baxanda adam gözlərinə inanmır. Bu müddətdə Culfa tamamilə müasirliyə qovuşub. Hara baxırsan, təmizlik, gül-çiçək. Küçələr yenilənib, inzibati və ictimai yaşayış binalarına yeni görkəm verilib. İnsanlara asudə vaxtlarını səmərəli keçirmək üçün parklar yaradılıb. Bütün bunlar muxtar respublikamızda son illərdə bərqərar edilmiş sabitlik hesabına mümkün olub. Rayonumuzun bu səviyyədə inkişafı hər bir culfalını ürəkdən sevindirir. Buna görə də dövlətimizə minnətdarlığımı bildirirəm.

* * *

Bu gün tarixi keçmişi ilə müasirliyi qovuşduran Culfa muxtar respublikanın 22 illik inkişaf mərhələsinin ön sıralarında gedən, ölkəmizin inkişaf etməkdə olan, günü-gündən gözəlləşən bölgələrindən biridir. Rayonda həyata keçirilən tikinti-quruculuq işləri buraya müasir görkəm verməklə yanaşı, əhalinin maddi rifah halının yüksəlməsinə də şərait yaradıb. Bütün bunlar muxtar respublikada mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin göstəricisidir.
Culfalılar əmindirlər ki, 2017-ci ili uğurla başa vuracaqlar.

 Muxtar Məmmədov