Oçerk

İş otağımdakı telefon zəng çaldı. Dəstəyi götürdüm. Tanış olmayan bir səs salam verib əhvalımı soruşdu.
– Sağ olun, – deyib bir qədər gözlədim.
– Müəllim, mənəm, Vüqar Süleymanov, Hüseyn müəllimin oğlu... Yanınıza gəlmək, sizi görmək istəyirəm.
Bir-iki dəqiqəlik söhbətdən sonra razılaşdıq ki, kənddə görüşək.
Telefonun dəstəyini yerə qoyduqdan sonra xəyal məni neçə il əvvəllərə qaytardı. O vaxt orta məktəbdə direktor müavini vəzifəsində işləyirdim. Vüqar yaşadığım Ordubad rayonunun Aza kəndinə ucqar dağ kəndi Tividən gəlmişdi. Ailələri kəndə köçən zaman Vüqarın atası Hüseyn müəllim məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdu. Dərslər 1-2 ay idi ki, başlamışdı. Elə bu müddət ərzində o, özünü müəllimlərə sevdirməyi bacarmışdı. Bütün fənlərdən yaxşı qiymətlər alırdı. Məktəbin keçirdiyi tədbirlərdə fəallıq göstərir, müxtəlif səviyyədə təşkil olunan fənn olimpiadalarında yüksək nəticələr qazanırdı. Onda bütün fənlərə güclü maraq vardı. Bunu isə hər bir şagirddə görmək olmaz. Bir dəfə Hüseyn müəllimlə söhbətimiz bu barədə oldu. O vaxt Vüqar 6, ya 7-ci sinifdə təhsil alırdı. Ancaq hansı ixtisası seçəcəyini atasına da deməmişdi.

Sonra Vüqarla bu barədə dəfələrlə söhbətim oldu. Seçimini isə səkkizinci sinifdə oxuyarkən bildik: həkim olmaq arzusunda idi. Səkkizinci sinfi bitirdikdən sonra Bakı şəhərindəki kimya-biologiya təmayüllü internat məktəbinə qəbul olundu. Bu məktəbdən də tez-tez onun xoş sədasını eşidirdik. Yadımdadır ki, təmayüllü məktəbdə oxuduğu illərdə 3 dəfə fənn olimpiadalarının respublika turunda kimya fənni üzrə 1-ci yerə çıxmışdı. 1988-ci ildə eşitdik ki, Vüqar Süleymanov Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1994-cü ildə cərrah ixtisası ilə ali məktəbi bitirib. Fərqlənmə diplomu ilə. Bir il internaturada təhsil alıb. İnstitutda oxuduğu illərdə ikiillik ingilis dili kursunu da bitirib.
...Vüqarla doğulub boya-başa çatdığı evlərinin həyətlərində həmsöhbətik. Atası Hüseyn müəllim də bizimlədir. Qeyri-ixtiyari başımı qaldırıb Hüseyn müəllimin üzünə baxıram. Sevinc və fərəh hisslərini duymaq çətin deyil. Təbiidir, övladı bu gün ata ocağına tibb elmləri doktoru kimi qayıdıb. Vüqardan nə vaxt gəldiyini soruşuram. Gülümsünür, astadan cavab verir:
– Sizə zəng edəndən bir saat əvvəl.
Elə şirin söhbət də bundan sonra başlayır. Stola çay, şirniyyat, həyətdəki bağdan dərilmiş meyvə və üzüm gəlir. Evdə bişirilmiş növbənöv mürəbbələr də öz yerində. Vüqarla söhbətdə onu orta məktəbdə necə görmüşdümsə, indi də elə görürəm. Sakit, utancaq. Danışığında ləhcəsi belə, həmindir. Bircə saçlarında fərq var – ağarmaqdadır...
İnstitutu bitirdikdən sonra 3 il Bakının Kürdəxanı və Pirşağı həkim ambulatoriyalarında cərrah işləyib. Bu, o dövr idi ki, ümummilli liderimiz Heydər Əliyevin Səudiyyə Ərəbistanı ilə imzaladığı müqaviləyə əsasən gənc həkim kadrların həmin dövlətdə işləməsi üçün bu ölkənin Səhiyyə Nazirliyindən gəlmiş nümayəndə heyəti müsabiqə keçirir, müsabiqədə fərqlənənlər Səudiyyə Ərəbistanında işləmək hüququ qazanırdılar. 1996-cı ildə keçirilən müsabiqənin nəticələri 1998-ci ildə bəlli olur. Vüqar Süleymanov həmin ilin iyun ayında Səudiyyə Ərəbistanına yola düşür. Şərq əyalətinin Gübail şəhərinin Mərkəzi Xəstəxanasında əmək fəaliyyətinə başlayır. Dörd il burada çalışır. Bu ölkənin qanunlarına əsasən bir müddət rezident kimi fəaliyyət göstərir. Sonra mütəxəssis və nəhayət, konsultant dərəcəsinə layiq görülür. Bu illərdə ciddi elmi işlə məşğul olur. 2002-ci ilin iyununda Böyük Britaniyanın Edinburq şəhərində Kral Cərrahlıq Akademiyasında “Yanıqların rekonstruktiv cərrahiyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Vüqar Süleymanovun elmi rəhbəri, professor Devin Duraess və opponentləri Corc Sen və Pradipa Duttanın dissertasiya haqqında verdiyi rəylərə baxıram. Açıq-aşkar köksüm fərəhdən qabarır. Devin Duraess yazır: “Mövzu çox az araşdırılmış, tədqiq edilmiş bir sahə olduğu üçün, düşünürdüm ki, dissertantımın çətinlikləri çox olacaq. Onun bu ciddi və xeyli axtarış tələb edən mövzunun öhdəsindən gələ biləcəyinə inamım çox az idi. Bir qədər sonra fikrimdə yanıldığımı gördüm. Başa düşdüm ki, Vüqar Süleymanov özünə qarşı həddindən artıq tələbkardır. Onun əsl elm adamı olacağına inandım. Vüqar bu inamı yüksək səviyyədə doğrultdu. Düşünürəm ki, bundan sonrakı fəaliyyətində o, öz bilik və tədqiqatçılıq qabiliyyətini dəfələrlə ortaya qoya biləcək”.
2012-ci ildən 2016-cı ilədək Kanadanın Kebek əyalətinin Qranvi şəhər xəstəxanasında cərrah kimi çalışıb. Burada xeyli təcrübə toplayıb. Bu illərdə elmi tədqiqatlarını da davam etdirib. Yuxusuz gecələr, müxtəlif elmi kitablar, təcrübələr, polemikalar onun yol yoldaşı olub. O, çox çətinliklərə sinə gərib. Elmin daşlı-kəsəkli yollarında yorulmayıb. Bu yolun sonunun uğurla nəticələnəcəyinə inanıb.
Bu gün Vüqarın elmi rəhbərinin o vaxt ­dedikləri özünü doğruldub. İyul ayının 17-də “Zədələnmiş öd yollarının bərpası” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək alın açıqlığı ilə doğmalarını görməyə gəlib. Bu zirvəyə qədər keçdiyi yol barədə Vüqar təvazökarlıqla danışır. Hazırda Kanadanın Ontario əyalətinin Toronto şəhərinin Seynt-Maykl xəstəxanasında baş elmi işçi vəzifəsində çalışan Vüqar Süleymanov Amerikanın Kral Cərrahlıq Akademiyasının travma üzrə təlimatçısı kimi 2012-ci ildən dünyanın müxtəlif ölkələrinə dəvət olunaraq mühazirələr, seminarlar aparır.
Müxtəlif elmi konfrans və simpoziumlarda iştirakı bu gənc alimin yüksək elmi dairələrdə tanınmasına şərait yaradır. Onun cərrahiyyənin ən aktual problemləri ilə bağlı Fransada, İngiltərədə, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Kanadada və başqa ölkə­lərin nüfuzlu elmi tədbirlərində çıxışları maraqla qarşılanıb.
Vüqar Süleymanov müntəzəm olaraq dünyanın səhiyyə mətbuatında aktual elmi yazılar ilə çıxışlar edir. Onun Amerika Birləşmiş Ştatlarının “ Cərrahlıq arxivləri”, Böyük Britaniyanın “Cərrahlıq” və “Tibb”, Səudiyyə Ərəbistanının “Səudi tibb” və başqa jurnallarda “Xolesistektomiyadan sonra öd yollarında qalan daşların müalicəsi”, “Mezotelyomanın qasıq nahiyəsinin şişi şəklində təzahürü”, “Laparoskopik əməliyyatdan sonra periton önü yırtıqların ilkin diaqnozu”, “Öd yolları zədələnmələrində ilkin bərpanın gecikmiş bərpadan üstünlüyü” adlı yazıları dünya tibb elminə töhfə kimi dəyərləndirilib.
Vüqardan xaricdə rastlaşdığı, yaddaşında iz buraxdığı hadisələr barədə soruşuram. Bir qədər fikrə gedir. Yəqin ki, yaddaşını “işə salır”, sonra üzünə təbəssüm qonur:
– Məkkədəki xəstəxanaların birində mühazirə aparmağa dəvət olunmuşdum. Mühazirədən sonra xəstəxanaya bir xəstə gətirdilər. Onun müayinəsindən sonra keçirilən konsiliuma məni də dəvət etdilər. Xəstənin sənədlərinə baxanda azərbaycanlı olduğunu bildim. Palataya keçib onu öz dilimizdə salamladım. O anı təsəvvürünüzə gətirin: xəstə bir anlığa çəkdiyi ağrıları elə bil unutdu. Bağırsaq keçməzliyindən əziyyət çəkən bu həmyerlimiz ziyarətə gəlibmiş, burada da ağrılar başlayıb. Onu özüm cərrahi əməliyyat etdim.
Bir neçə gün sonra mobil telefonuma zəng edib bildirdi ki, Vətənə qayıdır. İndi də zəng edir, hal-əhval tutur...
Kəndə getmişkən Vüqara orta məktəbdə dərs deyən və mənimlə birlikdə çalışmış müəllimlərlə də görüşdüm. Ömrünün böyük bir hissəsini pedaqoji fəaliyyətə həsr edən və ­hazırda təqaüddə olan Bahadur Məmmədovla, məktəbin direktoru Təvəkkül Məmmədovla həmsöhbət olduq. Onların da Vüqarla fəxr etdiklərini gördüm.
Təvəkkül Məmmədov bildirdi ki, təhsil ocağının belə məzunlarının uğurlarına ­hamımız sevinirik. Ucqar bir dağ kəndindən olan Vüqar Süleymanovun dünyanın tanınmış ölkələrində qazandığı uğurlar, ümumilikdə, gənclərimizin, elmimizin, təhsil sistemimizin uğurudur. Fəxr edirik ki, o, bizim məktəbdə oxuyub, burada ona dərs deyən müəllimlərinin etimadını yüksək səviyyədə doğruldub. Yay tətili günləri olsa da, kollektivimiz qərara aldı ki, Vüqarı məktəbə dəvət edək, onunla görüş keçirək. Tədbirimiz baş tutdu. Vüqar 20 ilə yaxın müddətdə xarici dövlətlərdə çalışdığı elmi-səhiyyə müəssisələrindəki fəaliyyətindən danışdı, bugünkü məktəblilərə tövsiyələrini verdi...

 Muxtar MƏMMƏDOV