Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, publisist Hüseyn Əsgərovun “Biz necə mütaliə edirik” (“Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyi, 2017-ci il) kitabını, adətim üzrə, bir neçə dəfə vərəqlədim. Bazar günü isə planlaşdırdığım bütün işləri təxirə salıb bu sətirləri yazmaq qərarına gəldim.

Onu deyim ki, Hüseyn Əsgərovu yaxından tanıyanlar, sözün həqiqi mənasında, bu ziyalı insanın mütaliəsinə yaxşı bələddirlər. Yaşının bu vaxtında da kitab, mütaliə onun ən yaxın yolyoldaşıdır. Bunu bildiyimdən əlimə keçən yeni kitabına bu adı verdiyi üçün təəccüblənmədim. Elə həmin yazıdan da öz yazıma başlıq çıxardım. Bu həqiqəti yüz dəfələrlə yaşamışam, yaşayanların söhbətləri ilə bu həqiqətin doğruluğuna inanmışam...
Həssas oxucu duymamış deyil ki, bu bir damla mürəkkəbin arxasında İlahi söz dayanır. İçimizin duyğularını, düşüncələrini ifadə edən söz o mürəkkəblə yazılır. Bir qədər obrazlı desək, bir milyon insanı düşündürə bilən bir damcı mürəkkəb sözün şəklidir. Hüseyn Əsgərovun yaradıcılığından keçən başlıca xətt onun bu sözə çox həssaslıq və ehtiramla yanaşmasıdır. Bu da Hüseyn müəllimin qələmə aldığı istər sənədli, istərsə də bədii yazılarının dəyərini artıran başlıca amildir. Elə bu kitabda onun “Minimum söz, maksimum məna” adlı yazısında müəllifin sözə münasibətini hiss etmək çətin deyil: “Sözün düzü, bu yazıda az sözlə dərin məna kəsb edən ədəbi nümunələrdən bəhs etmək, onları roman oxumağa vaxtları olmayan oxucularla paylaşmaq istəyirdim. Amma sözə ehya vermək cəhdimdə söz sözü gətirdi, arşın bezi. Ən əvvəl söz haqqında söz demək zərurəti yarandı. Nə etməli, mətləbə keçmək üçün gərək ənənəyə hörmət edəsən”.

Kitab boyu müəllifin bu ənənəyə böyük hörmətini görürük. Hüseyn Əsgərovun publisistikası və tərcümələri toplanılan yeni kitabının publisistika bölməsindəki yazıların özləri müxtəlif janrlardadır. Müəllif qələmə aldığı bu yazılarda sözə ehtiramını qoruyub saxlaya bilib.
Ədəbiyyatımızın korifey və əvəz­olunmaz sənətkarı Mirzə Cəlilin çoxşaxəli yaradıcılığından bəhs edərkən “ədəbiyyatda kiçik adamlar və ya surətlər” ifadəsi ilə tez-tez rastlaşırıq. Bu da onunla bağlıdır ki, həmin obrazlar öz daxili aləmləri, həyata fərdi baxışları, danışıq tərzləri, dilimizin bazisinə söykənən ifadə tərzləri ilə təqdim olunurlar, hər birimizə təbii ovqat aşılayırlar. Hüseyn Əsgərov da o adamlardan böyük məhəbbətlə bəhs edir. Sonra isə müəllifin mütaliə coğrafiyasının genişliyinə düşürük. Həmin o kiçik adamları dünya yazıçılarının əsərlərində görürük. Diqqətimizi cəlb edən onların kiçik bir deyimlə (sözlə) böyük məna kəsb edən ifadələri olur.
“Kiçik adam” obrazları böyük ədəbi uğurların açarı kimi” adlı yazısında Hüseyn Əsgərov Mirzə Cəlillə yanaşı, məşhur söz ustaları Luçiano Vincenzoninin, Mario Püzonun, Quentin Tarantinonun, Fransua Rablenin, Mark Tvenin, Aligyeri Dantenin və başqalarının əsərlərini təhlil obyektinə çevirir. Gəldiyi qənaətlərlə, biz də inanırıq ki, oxucular da razılaşacaq. Çünki həmin “kiçik adamlar” “kiçik” olsalar da, sözləri böyük məna tutumuna malikdir.
Bu bölmədə işıq üzü görmüş, “İstiqlal qığılcımları”, “Ekran arxasındakı adam”, “Füzuli təbib kimi”, “Metroda ehtiyatlı olun”, “Atla müalicə-hippoterapiya”, “Əlahəzrət yalan – o, nə vaxt müqəddəsləşir?” və başqa yazılar mövzulara baxış nöqteyi-nəzərindən öz fərdi məqamları ilə diqqət çəkir. Müəllif həmin fərdi məqamları ümumiləşdirərək oxucunu özü ilə həmfikir edə, düşündürə bilir. Yazıların ədəbi siqlətini gücləndirən bir məsələni də hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm: Bu yazılarda Hüseyn Əsgərovun həyat hadisələrinə, çoxları üçün adi görünən məqamlara güclü duyğu və həssas münasibəti oxucunun yadına tez-tez rastlaşdıqları situasiyaları salır; həmin situasiyalara, adətən, biganə münasibət göstərməyimizi və ya lazım olmayan prizmalardan yanaşmağımızı ortaya qoyur.
Hüseyn müəllim uzun illərdir ki, həm də tərcüməçiliklə məşğuldur. Tərcümələrində müəllifin dilimizin zəngin çalarlarından ustalıqla istifadə etdiyi göz qabağındadır. Dünya ədəbiyyatının tanınmış nümayəndələri Mark Tvendən, Əziz Nesindən, Anton Pavloviç Çexovdan, Mixail Zadornovdan, Efraim Kişondan və başqalarından etdiyi tərcümələri oxuyarkən düşünürsən ki, həmin yaradıcılıq nümunələri doğma dilimizdə yazılıb. Belə demək daha dəqiq olar: Hüseyn Əsgərov tərcümə etdiyi əsərləri “özümüzünküləşdirib”. Təbii ki, bu da müəllifin sözə munis münasibətinin ifadəsi, tərcüməyə ciddi yanaşmasının göstəricisi, dilimizin zənginliyinin təsdiqidir.
Hüseyn Əsgərovun “Biz necə mütaliə edirik” kitabının ərsəyə gəlməsində bir amili xüsusi vurğulamağa ehtiyac duyuruq. Yuxarıda bəhs etdiyimiz “Biz necə mütaliə edirik” yazısı kitabın qayəsini açır. Müəllif yazır: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamını son illər ədəbiyyat adına atılmış ən dəyərli addım, kitab mütaliəsinin təşviqində görülmüş ən mühüm iş hesab edirəm. Hazırda kitaba laqeydliyi, şablon ədəbiyyata sevgini göz önünə alsaq, bir çox ciddi əsərlərin bu formada oxudulmasını dəstəkləyirəm. Yoxsa başqa cür düzələnə oxşamır. Yalnız mütaliəli toplum cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı biri kimi yetişir. Nəhayət, gözlər smartfonlardan çəkilib kitablara dikilməlidir. Nəhayət, gənc­lər kitab seçimində müəyyən vərdişə nail olmalıdır. Çünki insan xarakterində bir sıra digər davranışlar kimi mütaliə də vərdişdir. Yəni işlənməyən kotan paslandığı kimi, mütaliə etməyən beyin də işləkliyini itirir. Bu mənada, gənclər üçün zəruri olan otuz bir ədəbiyyatın müəyyənləşdirilməsi, fikrimizcə, mütaliə vərdişinin yaranması üçün yetərlidir. Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir”.
P.S. Sözlə başladıq, mütaliə ilə bitiririk. Çünki sözə ehtiramı ancaq mütaliə ilə formalaşdırmaq olar. Hüseyn Əsgərovun bu kitabı da mütaliəyə doğma münasibət göstərməyin vacibliyini ortaya qoyur.

 Muxtar MƏMMƏDOV