Qəzetimizin kollektivi ilə bir əzizimizin yaxınının vida mərasimində eşitdik bu acı xəbəri. Uzun illər birgə çalışdığımız Ruqiyyə Əliyevanın – öz işinə, öz yoldaşlarına, doğma kollektivə sədaqətli bir insanın dünyasını dəyişdiyi, əbədiyyətə qovuşduğu xəbəri içimizi göynətdi, yaman göynətdi... Hələ çox göynədəcək, hər korrektor otağına girəndə, iş yoldaşlarımızın ad günlərində, toy mərasimlərində, digər tədbirlərdə onu görməyəndə bu ağır itki ilə üz-üzə qalmaqdan qaça bilməyəcəyik. Onu da düşünürəm ki, bu itki bizi belə göynədirsə, onun qohum-­əqrəbası buna – Ruqiyyə xanımın yoxluğuna necə ­dözür?
...2002-ci ilin əvvəllərində “Şərq qapısı”nda işə başlayarkən Ruqiyyə Əliyevanın öz işinə necə tələbkar olduğunu gördüm. Tələbkar olduğu qədər də iş yoldaşlarına qarşı mehriban və səmimi bir insan idi. Baş korrektor işlədiyi dövr ərzində qəzetdə yetişən korrektorların hamısının müəllimi o olub desəm, – heç də yanılmaram. Hələ 50 yaşını qeyd etdiyimiz tədbirdə bunu gənc korrektorlar etiraf etdilər. Onun savadlı korrektor olmasının ifadəsi idi ki, öz kitablarını çapa hazırlayan müəlliflər məhz Ruqiyyə xanımdan onların kitablarının korrektoru olmasını xahiş edirdilər. O da bu işi təmənnasız olaraq yerinə yetirirdi. Elə bu sətirlərin müəllifinin 2004-cü ildə çapdan çıxmış “Şam ömrünün nağılı” adlı kitabına da Ruqiyyə xanım “əl gəzdirmişdi”.

Tam səmimiyyətlə onu da deyim ki, Ruqiyyə Əliyeva təkcə korrektə işi ilə məşğul olmurdu, o həm də öhdəsinə götürdüyü yazıları redaktə edirdi. Uzun illər “Şərq qapısı”nın baş korrektoru kimi qüsursuz fəaliyyət göstərən Ruqiyyə xanım korrektor yoldaşlarına hər zaman bunu tövsiyə edərdi: “Qəzetin nəşrində baş redaktorla, müxbirlərlə yanaşı, korrektorlar da böyük məsuliyyət daşıyır. Ola bilsin ki, jurnalist hissə qapılıb hər hansı bir səhvə yol versin. Korrektor bunu vaxtında görüb aradan qaldıra bilməlidir. Hər hansı kiçik bir orfo­q­rafiya səhvi ən mükəmməl bir yazıya xələl gətirə bilər. Buna yol vermək olmaz!”
Ruqiyyə xanımın növbətçi olduğu nömrə əminliklə çapa verilirdi. Hamı bilirdi ki, o, səhifələri dəfələrlə yoxlamamış təhvil verməzdi. Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirən Ruqiyyə xanım həm də jurnalistlərimizin məmnuniyyətlə razılaşacağı maraqlı fikirlər irəli ­sürərdi.
Mətbuatla yaxından əlaqəsi olanlar bu işin çətinliyini təsəvvür edə bilərlər. Ruqiyyə xanımın nümunəvi fəaliyyəti isə hələ sovet dönəmində nəticəsiz qalmamışdı. O, dəfələrlə fəxri fərmanlara, mükafatlara layiq görülmüşdü. 2010-cu ildən isə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adını daşıyırdı. Bu ada layiq olduğu gün redaksiyada əsl bayram sevinci yaşandı. Bütün əməkdaşlar Ruqiyyə xanıma layiq olduğu adın verilməsini, ümumilikdə, qəzetimizin kollektivinə göstərilən qayğı hesab etdi. Və bütün sonrakı fəaliyyəti boyu şahidi olduq ki, o, bu fəxri adın dəyərini tam məsuliyyəti ilə dərk edərək işinə daha ciddi münasibət göstərirdi.
2017-ci ildə redaksiya kollektivi tərəfindən təntənəli şəkildə təqaüdə yola salınan Ruqiyyə xanım sonralar da tez-tez redaksiyada olur, dəyərli tövsiyələrini korrektor həmkarlarından əsirgəmirdi.
Xeyirxah idi, hamıya yaxşılıq etməyi sevərdi. Çətinliyə düşən hər hansı bir əməkdaşımızın köməyinə çatmağa çalışardı. Buna nail olanda onun sevincini görəydiniz. Bu gün də korrektor yoldaşları onun haqqında xoş xatirələr danışırlar. Elə əməkdaşlarımız da. Ancaq o xatirələr bir deyil, beş deyil. Hamısında da bir insan xarakterinin yaxşılıqla yoğurulmuş izləri özünə yer alıb. Bu gün bu izləri “Şərq qapısı” qəzeti əməkdaşlarının hər birində görmək olar.
…Amansız əcəl daha bir insanı – əziz iş yoldaşımız Ruqiyyə Əliyevanı vaxtsız olaraq aramızdan apardı. Bu gün o, cismən bizimlə deyil, lakin qəlbimizdə həmişə ­xatırladığımız insanlar arasındadır. Bu mənəvi haqqı o hələ sağlığında qazanıb.
Ömrünü mətbuatda şam kimi əridən bir insan haqqında saatlarla danışmaq, onunla bağlı xatirələri yada salmaq olar. Bircə onu demək kifayət edər ki, o, həmişə onu tanıyanların qəlbində yaşayacaq – ­səmimiyyəti, xeyirxahlığı ilə. Elə səmimiyyət və xeyirxahlıqla da ­xatırlanacaq...
Qəbrin nurla dolsun, Ruqiyyə xanım!
“Şərq qapısı” qəzetinin kollektivi adından

 Muxtar MƏMMƏDOV