“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən reportaj

Qədim Naxçıvan torpağı canlı təbiət muzeyi, görkəmli şəxsiyyətlərin vətəni, Nuh Peyğəmbərin ayağı dəyən torpaq, müqəddəs bir məkandır. Gəmiqaya ilə başlayan belə müqəddəslik ünvanlarını Naxçıvanın bir sıra yerlərində görmək olar. Onlardan biri və ən mühümü Əshabi-Kəhf ziyarətgahıdır. Naxçıvan şəhərindən 12-13 kilometr məsafədə yerləşən bu müqəddəs məkan inanclara görə, daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır. 

Müqəddəs kitabımız “Qurani-Kərim”in “Əl-kəhf” (Mağara) surəsində bu ziyarətgahdan bəhs olunur. 18-ci surənin 7-ci ayəsində bu barədə deyilir: “Beləcə, (insanları) onları xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu qiyamətin şübhə götürməz olduğunu bilsinlər... Üzərinə bir bina tikin. Rəbləri onları yaxşı bilir”.
Buraya naxçıvanlılarla yanaşı, həm ölkəmizin digər bölgələrindən, həm də xarici ölkələrdən ziyarətçilər gəlir. Çünki bu müqəddəs məkanın sorağı hər yerə yayılıb. Ürəyində niyyət tutub buraya gələnlər ziyarətgahdan ulu Tanrıya dua edə-edə qayıdıblar. Bu yerin müqəddəsliyini gözləri ilə görüblər.

Budur, biz də Əshabi-Kəhfdəyik. Burada ilk olaraq “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin direktoru Qaraş Qurbanovla görüşürük. O bildirir ki, uzun illər bu ünvana ziyarətçilər gəlib-getsə də, bura dövlət nəzarətindən kənarda olub. Ancaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyətinin qadağalarına baxmayaraq, o illərdə xalqımızın dininə, inanclarına hörmət bəsləyir və müqəddəs yerlərə qayğı göstərirdi. Bu qayğını dahi öndər müstəqillik dövrümüzdə də davam etdirirdi. Görkəmli dövlət xadiminin 1998-ci ildə Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir.
Muxtar respublikamızda geniş vüsət alan quruculuq tədbirləri belə müqəddəs ünvanları, dini abidə və ziyarətgahları da əhatə edir. Bunun ifadəsidir ki, 2006-cı ildə Əshabi-Kəhf tarixi abidəsi və ziyarətgahı tamamilə yenidən qurulub. Burada aparılan təmir-bərpa işlərindən sonra məscid binası bir qədər də cəzbedici olub. Məscidin içərisinə kəsmə daşlar döşənib, antik formada şəbəkəli pəncərələr quraşdırılıb. 1769-cu ildən naxçıvanlı Şükürullah xan tərəfindən burada “Qurani-Kərim”in “Əl-kəhf” surəsi yazılan mərmər daşın ətrafı xüsusi kərpiclə hörülüb. Ən mühüm yeniliksə məscidin həyətindəki qara daşın üzərində ucaldılan səkkizbucaqlı, günbəzli tikilidir. İkitərəfli qapısı olan bu günbəz milli memarlıq xüsusiyyətlərini əks etdirən ornamentlərlə bəzədilib. Cənnət bağına qalxmaq üçün quraşdırılan pilləkənlər də möhkəmləndirilib, rənglənib. Damcı mağarada görülən işlər isə xüsusilə təqdirolunasıdır. 21 metrdən yuxarı olan bu yüksəkliyə doğru 50 metr məsafədə geniş pillələr hörülüb, ətrafı dəmir məhəccərlərlə haşiyələnib. Mağaranın içərisində də abadlıq işləri görülüb, sal daşlar düzülüb, xüsusi oturacaqlar quraşdırılıb. Pilləkəndən məscidin həyətinə qədər olan 206 metr uzunluqda məsafəyə 75 metr hündürlüyü qət etməklə inşaat materialları daşınıb. Həmçinin Damcı mağarasında görülən işlər də daxil olmaqla burada tonlarla tikinti materialından istifadə olunub. Bütün bunlar isə heç bir texniki vasitədən istifadə edilməməklə yerinə yetirilib.
Burada 2 çayxana, yerli məhsulların və hədiyyəlik əşyaların satıldığı 2 mağaza fəaliyyət göstərir. Bu obyektlərdə yaradılmış şərait zəvvarların ürəyincədir. Çayxanalarda muxtar respublikamızda yetişən müxtəlif müalicəvi otlardan hazırlanmış çaylar ziyarətçilərə təklif olunur. Xidmət pulsuzdur. Kompleksin mağazalarında muxtar respublikanın emal və istehsal müəssisələrinin məhsulları – sular, şirniyyatlar, həmçinin regionun tarixi-memarlıq abidələrini özündə əks etdirən nəfis əl işləri, dekorativ-tətbiqi sənət nümunələri məmulatları satılır. Bu da həmin məhsulların təbliğində, həm də buraya digər yerlərdən gələn ziyarətçilərdə qədim diyarımız haqqında müəyyən bilgilər yaranmasında mühüm əhəmiyyət daşıyır.
Qaraş Qurbanovun sözlərinə görə, hər il ziyarətgaha minlərlə adam gəlir. Cari ildə 34 nəfərlik qrupla Cəlilabad rayonundan, 18 nəfərlik qrupla İran İslam Respublikasının Tehran şəhərindən, fərdi halda 500 nəfərdən çox Bakı şəhərindən, 300 nəfər isə İran İslam Respublikasından ziyarətə gəlib. Pakistan, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, İsrail, Gürcüstan, Rusiya Federasiyası və başqa ölkələrin vətəndaşları buranı ziyarət ediblər.
Bu gün bu müqəddəs məkan həmişəki kimi yenə də zəvvarlarla doludur. Onlardan biri Türkiyə Respublikasının İqdır vilayətinin Aralıq kəndindən gəlmiş Qurban Turanla hədiyyələr satılan mağazada həmsöhbət oluruq. Bildirir ki, dəfələrlə Naxçıvana gəlsə də, buraya birinci dəfədir ki, ayaq basır. Naxçıvan-Ordubad magistralından ziyarətgaha ayrılan yoldan başlayaraq gördükləri onun çox xoşuna gəlib. Müasir üslubda işlənmiş yol, yol kənarlarında salınmış yaşıllıq zolaqları, kompleksin həyətində həyata keçirilmiş genişmiqyaslı quruculuq tədbirləri muxtar respublikada dini dəyərlərə göstərilən böyük ehtiramın ifadəsidir.
Cavid Zamanov Bakı şəhərindən ailəsi ilə Əshabi-Kəhfi ziyarət etməyə gəlib. Onunla bu ziyarətgahın tarixi barədə söhbət edirik. Müsahibimizin dediklərindən hiss etmək çətin deyil ki, son illərdə muxtar respublikada dini dəyərlərin təbliği ilə bağlı görülən işlər öz bəhrəsini verir. Cavid Naxçıvanda bu tədbirlərin belə geniş şəkildə həyata keçirilməsini naxçıvanlıların doğma yurda, onun tarixinə, xalqımızın min illər boyu yaşadılmış milli və mənəvi dəyərlərinə bağlılıqları ilə izah edir.
Əmir Kabusi tehranlıdır. Hər il buranı ziyarətə gəlir. Deyir ki, Şərq ölkələrinin bir çox ziyarətgahlarını gəzmişəm. Etiraf edim ki, Əshabi-Kəhfdə gördüyüm səliqə-sahman, burada zəvvarlara göstərilən xidmət mənə daha xoş təsir bağışladı. Eşitmişdim ki, Əshabi-Kəhf dünyada ən müqəddəs yer sayılan birinci ziyarətgahdır. Bunu öz gözlərimlə gördüm. Burada sanki insana ulu Tanrıdan güc, qüvvət gəlir. Belə olmasaydı, heç bir ziyarətçi kompleksin ən yüksək zirvəsinə qalxa bilməzdi. Bu gün bu yüksəkliyi uşaqlar da, yaşlılar da, necə deyərlər, birnəfəsə qət edirlər. El arasında deyirlər ki, Əshabi-Kəhfi 7 il dalbadal ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni həmin ziyarətgahlara gedə bilməyənlər Əshabi-Kəhfdə olmaqla savaba çata bilərlər. Əmir Kabusi burada yaradılmış şəraitə görə minnətdarlığını bildirir.
Ziyarətgaha İran İslam Respublikasının Təbriz şəhərindən gələnlər də var. Onlardan ikisi ilə həmsöhbət oluruq. Əhməd Cənnətifər deyir ki, hər il bu ziyarətgaha gəlir. Ürəyində tutduğu niyyətə çatdığından bura inamı get-gedə güclənir. Həmsöhbətim kompleksdə çalışanların zəvvarlarla münasibətlərindən xeyli razılıq edir.
Bəsti Əsliab Əshabi-Kəhfin aşağısındakı 15 dəqiqədən bir qaynayıb-köpüklənən mineral bulaq haqqında danışır: Eşitmişdim ki, sehrli xüsusiyyətlərinə görə bu bulaq insanlar arasında müqəddəs sayılır. Bura müxtəlif xəstəlikləri olan adamlar gəlirlər. Özüm də bunun şahidi oldum. Bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi vaxtdır. İlin bütün fəsillərində beləcə qaynayıb-yatan bulaqda təkcə xəstələr deyil, bəzi zəvvarlar da yuyunub təmizlənirlər. Burada yuyunmaq ziyarətə hazır olmaq deməkdir.
Ziyarətgahda ən uca (yüksək) məqam “Cənnət bağı” adlanan yerdə də oldum. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Bu məqam duaların qəbul olduğu yer sayılır. Ulu Tanrı hamının dualarını qəbul etsin. Bu şəraiti yaradanların ömrü uzun olsun...
...Qısa zaman kəsiyində ziyarətgahda çoxları ilə həmsöhbət olduq. Onların bu müqəddəs məkan haqqında təəssüratlarını dinlədik. Zəvvarların ümumi fikri isə belə oldu: Naxçıvan tolerantlığa hörmət edən, milli və mənəvi dəyərlərə sadiq olan bir məmləkət, həm də müqəddəs bir diyardır. Əshabi-Kəhfdə aparılan genişmiqyaslı quruculuq tədbirləri bu müqəddəsliyi qorumaq, gələcək nəsillərə çatdırmaq baxımından zəvvarlarda xoş duyğular yaradır.

 Muxtar MƏMMƏDOV