Mərkəz tabeli gömrük orqanlarındakı iş prosesinin kameralar vasitəsilə izlənilməsi və əldə olunan məlumatların analizi nəticəsində çatışmazlıqların operativ qaydada aradan qaldırılması, gömrük sahəsində hüquqpozma hallarının aşkarlanması, iş prosesinə ikili nəzarətin təmin olunması, gömrük əməkdaşlarına xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq istiqamətlərin verilməsi və səmərəliliyin artırılması funksiyasını yerinə yetirir. Komitə də daxil olmaqla, bütün gömrük orqanlarına kameralarla nəzarət təhlükəsizliyin təmin olunması baxımından da əhəmiyyətlidir.

Məlumat üçün qeyd edək ki, muxtar respublika gömrük orqanlarında nəzarət və təhlükəsizlik məqsədilə 73 kameradan istifadə olunur. Onlardan 7-si hərəkətli, 66-sı sabit kameradır və hər biri “Hədəf mərkəzi”nə bağlıdır. Yüksək görüntü effektinə malik olan kameralar gömrük nəzarəti zonalarını və gömrük orqanlarının ərazisini hərtərəfli müşahidə etməyə imkan verir. “Hədəf mərkəzi”ndə quraşdırılmış 1,74 x 4,10 ölçülü müşahidə ekranı və idarəetmə sistemi bu sahədəki ən son texnoloji nümunələrdəndir.

Mərkəzdə gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələrinin hərəkətlərini məsafədən izləmək, gömrük prosedurlarının başa çatmasına tam nəzarət etmək mümkündür. Nəqliyyat vasitələrinin hərəkət marşrutu onlarda quraşdırılan qlobal mövqetəyinetmə sistemi, yəni GPS vasitəsilə mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu isə, öz növbəsində, nəqliyyat vasitələrinin təyinat-gömrük orqanlarına vaxtında çatdırılmasına nəzarət məqsədilə vizual gömrük müşayiətinə imkan yaratmaqla risklərin idarə edilməsini və risklilik dərəcəsinin minimuma endirilməsini təmin edir. 
Tabeli gömrük orqanlarında yüklərin rentgen qurğularla müayinəsinin görüntüləri də ikili nəzarət məqsədilə “Hədəf mərkəzi”ndən izlənilir. İkili müşahidənin təşkili gömrük nəzarətindən yayınma hallarını tamamilə aradan qaldırır.
Mərkəzdə nəzarət fasiləsiz olaraq həyata keçirilir. Müşahidələr növbəli iş rejiminə uyğun olaraq, günün 24 saatını əhatə edir və komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin mobil gömrük bölməsinin əməkdaşları tərəfindən aparılır. Quraşdırılan avadanlıqlar görüntülərin 6 ay müddətində yaddaşda saxlanılmasına imkan verir.
Komitədə yaradılan “Hədəf mərkəzi” ilə bərabər, Culfa, Şahtaxtı, Sədərək, Naxçıvan Hava Nəqliyyatında və Naxçıvan Şəhər Gömrük idarələrində də müşahidə otaqları fəaliyyət göstərir. Müşahidə otaqları idarələr çərçivəsində “Hədəf mərkəzi”nin funksiyalarını yerinə yetirir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti