İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsində X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulub. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov kompleksin istismara verilməsi mərasimində qeyd edib ki, “SHMİTH HCVG” markalı rentgen nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin, onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da, qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.
Rentgen nəzarət-yoxlama kompleksi haqqında məlumat verən Culfa Gömrük İdarəsinin Texniki nəzarət vasitələri bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Hüseyn Abdullayev bildirib ki, binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metrdir. Kompleks dəmir beton qurğularla inşa edilib.
Binanın girişində yoxlamaya cəlb olunan nəqliyyat vasitələrinin hərəkətini tənzimləməkdən ötrü işıqfor və şlaqbaum sistemi qurulub, avtomatik nömrəoxuyan cihazlar və kameralar quraşdırılıb.

Nəqliyyat vasitəsi nəzarət-yoxlama kompleksinə gətiriləndən sonra sürücü mal-müşayiət sənədləri ilə birgə binanı tərk edir. Kompleksin giriş və çıxış qapıları bağlanır. Radiasiyadan qorunmaq və təhlükəsizlik baxımından müayinə zamanı binanın içində heç kim olmamalıdır. Qeyd edək ki, rentgen qurğusu aktiv olarkən dörd bir tərəfindən xəbərdarlıq siqnalları verilir. Bununla belə, binanın ətrafında və daxilində baş verə biləcək fors-major (təhlükəli) halların aradan qaldırılması üçün prosesi ani olaraq dayandırma sistemi mövcuddur. 
Rentgen qurğusu yaxınlıqdakı əməliyyat otağından idarə olunur. Xidməti otaqlar da rentgenqoruyucu xüsusi örtüyə malikdir. Əməliyyat otağında 1 ədəd radiasiya stansiyası, eləcə də 2 ədəd əl radiostansiyası və radiometr mövcuddur. Radiometrlə radiasiyanın səviyyəsi nəzarətdə saxlanılır. Nəzarətçi operator qurğunun yerləşdiyi binanın içini vizual müşahidə etdikdən sonra mikrofon vasitəsilə rentgen qurğusunun işə salınması barədə xəbərdarlıq edir və yoxlama başlayır.
Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 23 ədəd nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Yoxlama X-Ray şüasının köməyilə aparılır. Bu şüa maksimum 400 mm qalınlıqda olan metaldan keçiriciliyə malikdir. Ümumi çəkisi 27 ton olan qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Müayinə bitdikdən sonra kom­pyuterdə avtonəqliyyat vasitəsinin istənilən nöqtəsinə rəngli və ağ-qara formatda baxılır, dəqiq yoxlama və analiz aparılır. Əks­etdirmədə üzvi və qeyri-üzvi maddələr rənglərlə avtomatik olaraq fərqləndirilir. Radioaktiv materiallar da ayrıca görünür. Yad cismlər sıxlığına və quruluşuna görə ayırd edilir.
Əməliyyatçılar bu sahədə ölkəmizdə və xaricdə keçirilən kurs və təlimlərdə iştirak etməklə X-Ray rentgen nəzarət sisteminin işlədilməsi sahəsində lazımi bilik və təcrübə qazanıblar. Qeyd edək ki, rentgen nəzarət-yoxlama kompleksi istifadəyə verilən gün müayinə olunan avtonəqliyyat vasitəsində əvvəlcədən nümunə olaraq gizlədilmiş odlu silahı asanlıqla aşkar etmək mümkün olub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti