Noyabrın 28-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Latviya Biznes-Forumu keçirilmişdir. Tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, metallurgiya, nəqliyyat, turizm, sənaye, əczaçılıq, liman və logistika, plastik və şüşə qablaşdırma, ticarət və digər sektorlar üzrə Latviyadan 70, Azərbaycandan isə 150 şirkətin təmsilçiləri iştirak etmişlər.

    Biznes-forumda muxtar respublikamız müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunmuşdur. Tədbirdə “Gəmiqaya Holdinq”, “Cahan Holdinq” Kommersiya, “Dizayn Holdinq” Şirkətlər ittifaqlarının, “Naxçıvan Avtomobil Zavodu”, “Əlincə Qala” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

 

   Forumda iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə  muxtar respublika nümayəndələri Latviya şirkətlərindən internet və reklam sahəsində ixtisaslaşmış “Amplofy” MMC, “KNC” MMC və “İT Pakalpojumi” MMC, süd məhsulları idxalçısı “Piena Cels” kooporativi və fiziki şəxs “Jaunpils Pienatava”, qara metallurgiya, metal emalı, polad, dəmir istehsalı məhsulları, nəqliyyat sahəsində ixtisaslaşmış “Liepajas Metalurgs” şirkəti, avtomobil yolları, piyada keçidləri, küçə və körpülərin tikintisi ilə məşğul olan “Projekts 3” MMC və avtomobil yağları istehsalı ilə məşğul olan “United Oils”un şirkət nümayəndələri ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparmışlar.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadi İnkişaf Nazirliyinin

 mətbuat xidməti