Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Bakı şəhərində keçirilən “Ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışının həll­edici mərhələsi Naxçıvan rabitəçiləri üçün uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, müsabiqəyə noyabr ayının 15-də Bakı Şəhər Abşeron Telekommunikasiya Qovşağı ərazisində start verilib. Müsabiqə 6 peşə sahəsi üzrə ən iri müəssisələr arasında keçirilib.
Yarış iştirakçıları verilən yarım saat vaxt ərzində 30 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktik işi normativə uyğun icra etməli idilər.
Üç gün davam etmiş müsabiqədə naxçıvanlı rabitəçilərdən ikisi birinci, üçü ikinci və biri üçüncü yerlərə layiq görülüblər.
“Optik kabel calayıcısı” və “Poçtalyon” nominasiyaları üzrə birinci yerlərə Naxçıvan Şəhər Rabitə İdarəsinin işçiləri İlkin Aslanov və Elşən Əsgərov layiq görülüblər.
“Kross işçisi”, “Montyor” və “Kabel lehimləyicisi” nominasiyaları üzrə ikinci yerlərə Babək Rayon Rabitə İdarəsinin işçisi Cəmil Abbasov, Kəngərli Rayon Rabitə İdarəsinin montyoru Vüsal Məmmədov və Şərur Rayon Rabitə İdarəsinin kabelçisi Rizvan Bayraməliyev sahib olublar.
“Poçt əməliyyatçısı” nominasiyası üzrə üçüncü yerə isə Şahbuz Rayon Rabitə İdarəsinin əməliyyatçısı Türkan Əliyeva çıxıb.



Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin mətbuat xidməti