Ailə təsərrüfatlarımız

İnkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və kiçik sahibkarlıq subyektləri təşkil edir. Bu cür təsərrüfatlar özünüməşğulluğun nümunəvi modeli sayılmaqla yanaşı, həm də böyük sahibkarlıq subyektlərinin yaradılmasına gedən yolun başlanğıcı hesab edilir. Bu mənada, ailə təsərrüfatlarının yaradılması dövlətimizin marağındadır və bu cür fəaliyyətin nəticəsi ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi inkişafında mühüm rola malikdir.

 

Muxtar respublikada arıçılığın inkişafı üçün münbit təbii şərait var. Son illərdə dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı və arıçılığın gəlirli sahə olması bu işə marağı daha da artırıb. Unutmamalıyıq ki, arıçılıq həm də muxtar respublikada qədim ənənələrə malik məşğuliyyət sahələrindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” arıçılıqda xeyli uğurlar qazanmasına imkan verib. Proqramda arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, kənd əhalisinin məşğulluğunun artırılması, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması kimi bir çox vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda da arıçılıq təsərrüfatı üçün geniş şərait vardır. Hazırda rayonda 574 təsərrüfatda 12 min 939 arı ailəsi mövcuddur.
Rayonun Aşağı Yaycı kəndində də arıçılıqla məşğul olanlar çoxdur. Onlardan biri – qonağı olduğumuz Nəcəflilər ailəsi 20 ildir ki, arıçılıqla məşğuldur. 120 arı ailəsinə qulluq edən ailə təsərrüfatı başçısı Əli dayı dedi:

– Arıçılıq xüsusi diqqət tələb edən işdir, hər arı ailəsinə gərək ayrıca qulluq edəsən. Nə qədər yaxşı qulluq olarsa, məhsul da bir o qədər yaxşı olar. İl ərzində arıçılıqda görülən işlər isə 4 dövrə bölünür: erkən yaz, beçə, bal və ya məhsul dövrləri, nəhayət, qış dövrü. Qışlama dövrünü yaxşı keçirən, yaxşı qidalanan arı ailəsi ili daha yaxşı yola verir, nisbətən zəif qidalanmış ailələr isə tez xəstəliyə tutulur və böyük bir qismi tələf olur. Xəstəliyə tutulmuş arılar yuvadan ayrılmazdan əvvəl mütləq müayinə edilməli, zəif düşmüş arı ailələrinin qidalanmaları üçün pətəklərinə ballı çərçivə qoymaq lazımdır. Əgər ehtiyat bal yoxdursa, yem tələbatını şəkər şərbəti ilə də tamamlamaq olar. Maraqlısı odur ki, son dərəcə təmiz xislətli unikal varlıq yaxşı qida yeri tapa bildiyi halda, növbəti gün öz ailəsini də tapdığı ünvana aparır. Arı uçduğu istiqamətdə, yolu azmadan geri qayıdır, tanıdığı isə iki şey var: öz yeşiyi və xidmətçisi.

Gördüyümüz iş əhalini keyfiyyətli qida məhsulları ilə təmin etməyə imkan verməklə yanaşı, gəlirimizi də artırır. Ötən ilin sonlarında Şərur şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında da iştirak etdim və burada 50 kiloqramdan artıq bal satdım. Yarmarkaya çıxardığım süzmə bal, qaymaqlı bal, doğranmış şan bal, ramka balı, güləm, bərəmum alıcılar tərəfindən rəğbətlə qarşılandı.
Haqqında bəhs etdiyimiz ailə təsərrüfatçısı həm də meyvəçiliklə məşğul olur. Əli dayı ilə söhbətimizə meyvə bağında davam etdik. Deyir ki, 1600 metr həyətyanı sahədə 240 ədəd meyvə ağacı əkmişəm. Danışığından da bəlli idi ki, bu kənd adamı torpağa qəlbən bağlanıb. Bu illər ərzində nazını çəkdiyi bu qiymətli sərvət onun gün-güzəranını xeyli yaxşılaşdırıb. Əkdiyi alma, armud, ərik, şaftalı, hülü ağaclarından mövsümdə xeyli qazanc götürür.
– Bilirsiniz ki, Aşağı Yaycı dağlıq kənddir. Əvvəllər su problemimiz olduğu üçün əkib-becərə bilmirdik. İndi, şükürlər olsun ki, dövlətimiz həmişə təsərrüfatçının yanındadır. İndi bizim bu əlçatmaz yerlərə daimi su çıxarılır. Bunun nəticəsidir ki, illərlə əkilməyən sahələr artıq məhsul verir. Qış aylarında bazarda satmaq üçün məhsulumuzun bir hissəsini soyuducu anbarlarda saxlayırıq. Bununla da əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının bir hissəsinin ödənilməsində bizim də payımız olur. Müştərilər hər zaman məhsulumuzu həvəslə alırlar. Necə deyərlər, ağac barıyla tanınar.
Müsahibimiz gələcək planlarından da danışaraq bildirdi ki, dövlətimiz tərəfindən ailə təsərrüfatçılarına verilən güzəştli kredit götürmək istəyir. Bunun hesabına həm arıçılıq, həm də meyvə təsərrüfatını genişləndirmək fikrindədir.
Bəli, bu gün hər bir kəndli göstərilən dövlət dəstəyini öz üzərində hiss etdikcə daha çox zəhmətə qatlaşır, torpağa sıx tellərlə bağlanır. Görülən işlərdə əsas məqsəd bol məhsul istehsal etməklə ərzaq təhlükəsizliyi yaratmaq və beləliklə, ərzaq təhlükəsizliyinə, ümumilikdə, ölkənin inkişafına töhfə verməkdir.

Heydər MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru