Sərhəd kəndlərimiz

Şaxtalı, sazaqlı bir qış günündə muxtar respublikamızın ən ucqar, dilbər guşələrindən sayılan, yerli və xarici qonaqların sevimli ünvanı Şahbuza üz tutarkən gözlərim önündə bu bölgəmizin son illərdəki inkişafından xəbər verən bənzərsiz mənzərələr bir-birini əvəzləyir: İllərin gərgin zəhmətindən yaranan böyük quruculuq dastanının kiçik boyları – sıldırım qayalıqların arası ilə ilan kimi gah qıvrılıb, gah açılan rahat asfalt yol, iş-güc dalınca tələsən insanları müşayiət edən, həmişəyaşıl ağaclarla bəzənən səliqəli səkilər, bir-birinə boyverən müasir sosial obyektlər, sahibkarlıq subyektləri, yaraşıqlı evlər. Yaz-yay aylarında bərəkət ətirli yaşıllıqlara bürünən, indi isə bəyaz yorğanını üzərinə çəkib qış yuxusuna dalan əkin-biçin ərazilərinə, dərələrin arası ilə üzüaşağı şaqqar-şuqqur coşub-daşan, nəfəsi buxağında qırovlaşan çaylara tamaşa etdikcə bu elin böyük mənəviyyat bəxşişi, vətənpərvər şairimiz Məmməd Arazın misraları çınlayır yaddaşımda:

Mən buradan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axan çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.

 

Əvvəllər saatlarla yolçunu yolda, gözləri intizarda qoyan yollar bu gün qısa zamanda ünvana yetişməyimizə vəsilə olur. Budur, artıq üzük qaşı kimi dövrələnən dağların tən ortasında qərarlaşan, dövlət-xalq-ordu həmrəyliyi sayəsində firavanlıq təntənəsini yaşayan Şada kəndindəyik. Dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşən, maraqlı coğrafi quruluşa malik, 175 sakini olan yaşayış məntəqəsinin hər küçəsinə, hər döngəsinə uzanan hamar asfalt yolla piyada şəkildə cana məlhəm təmiz dağ havasını ciyərlərimizə çəkə-çəkə kiçik ekskursiya edirik. Bir qədər gəzdikdən sonra kəndin hündür yerində dayanıb ətrafı nəzərdən keçiririk. Üzüaşağı həyətlərdə qalaqlanan ot tayalarını, qartopu, gizlənqaç oynayan uşaqları, cidd-cəhdlə çalışan ailə təsərrüfatı sahiblərini, tövlədə bəslənən mal-heyvana qulluq edənləri, həyət-bacanın, yol kənarlarının təmizliyinə diqqət yetirənləri görürük. Ulu babalarımızın “Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar” ibrətamiz deyimini xatırlayır, öncə kəndin yaşlı sakinlərindən və ziyalısı olan Bəxtiyar Abbasovla görüşüb söhbət etməyi özümüzə mənəvi borc bilirik. Qışın ən maraqlı əyləncəsinə – qartopu oynamağa başı qarışmış uşaqların şən-şaqraq səslərinin ətrafa yayıldığı Şada kənd tam orta məktəbinin həyətində baş tutur ünsiyyətimiz. Uzun illər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə kimi yaşayış məntəqəsinin sosial-ictimai həyatında fəal iştirak edən, indi isə məktəbdə Ümumtexniki fənlər və fizika fənnini tədris edən Bəxtiyar müəllim deyir ki, bu elin-obanın pis gününü görmüşdük, şükür ki, yaxşı gününə də şahidlik edirik: – Ötən əsrin 80-ci illərinin sonlarında başlayan məlum hadisələr muxtar respublikamızın aran kəndlərinə nisbətən ucqar yaşayış məntəqələrinin sakinlərinə daha ağrılı günlər yaşatdı. Milli kimliyimizdən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanındakı “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən, qorumağa dəyməz” fikrinin acı gerçəkliyi ilə üz-üzə qaldıq, sözün əsl mənasında. Belə ki, düşmənlə bir addımlıqda yaşayan biz şadalılar həm torpağımızın keşiyini çəkir, həm də öz ruzimizi qazanmaq üçün bərəkətli əkin-biçin sahələrimizi becərməyə çalışırdıq. Şəraitsizlik dolanışığımızı çətinləşdirsə də, ulu əcdadlarımızın layiqli davamçısı olduğumuzu sübut etdik, çətin sınaq qarşısında əyilmədik, dözdük. 1990-cı ildə xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikaya gəlişi ilə ürəyimizdə ümid qığılcımı şölələnməyə başladı, birliyimiz-bərabərliyimiz, həmrəyliyimiz sayəsində üzüağ, qalib şəkildə çıxdıq tarixin ədalətsiz imtahanından. Dövlətlə xalq bir yumruq ətrafında birləşdi. Nəticədə, yağılardan qorundu elimiz, obamız. Ulu öndərimizin yoluna sədaqət, əzmkar fəaliyyət nəticəsində dəyişən zaman güzəranımızın da müsbətə doğru dəyişilməsinə imkanlar açdı. Muxtar respublikamızda başlanan yenilənmə, quruculuq tədbirlərindən ilk olaraq pay alan kəndlərdən biri də məhz Şada oldu. Belə ki, 2008-ci ilin sentyabr ayında burada kənd tam orta məktəbi, feldşer-mama məntəqəsi istifadəyə verildi, 2,5 kilometr məsafədən içməli su xətti çəkildi. 2009-cu ildə isə kənd mərkəzi, hərbi hissə üçün əsgəri-məişət-yaşayış kompleksi və zabit ailələri üçün 2 mərtəbədən ibarət 8 mənzilli yaşayış binası istifadəyə verildi, lazımi kommunal xidmətlərlə təmin olundu.

Bəxtiyar müəllim insan üçün həyativacib məsələ sayılan cansağlığının önəmindən, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərdən könül razılığı ilə bəhs edir: – Ən əziz, dəyərli nemətdir sağlam can. Əbəs yerə deyil ki, birinin şad, xürrəm günündə ən çox deyilən, eşitmək istənilən, arzuolunan xoş sözlər sırasında öndə gəlir cansağlığı. Sözsüz ki, sağlam bədənin yoxdursa işləmək, oxumaq, öyrənmək ruhun, istəyin olmayacaq və beləcə, gələcəyin də sual altında qalacaq. Bu baxımdan dövlətimizin həyata keçirdiyi layihələr sırasında insan sağlamlığı amilinin əsas götürülməsi bizi çox sevindirir. Muxtar respublikamızın quruculuq ərməğanına çevrilən Şadada da 2008-ci ildə tikinti işləri çərçivəsində ilk olaraq məhz feldşer-mama məntəqəsinin istifadəyə verilməsi bu mərama əsaslanır, hər birimizin əvəzsiz nemətinə dövlətin həssas münasibətini göstərməklə minnətdarlıq hissimizi artırır, bizə yaşamaq-yaratmaq ruhu, əzmi aşılayır. Şükürlər olsun ki, bu gün canımız sağlam, ruzimiz boldur, övladlarımız da bax bu gördüyünüz yaraşıqlı, gözəl tədris avadanlıqlarına malik məktəbdə təhsil alırlar. Kəndimizdə bütün infrastruktur şəraiti yaradılıb, rabitə, poçt, internet, qaz, su, elektrik xidmətlərindən lazımınca istifadə edirik. “Arxası dağ olanın başı göylərə ucalar”, – deyiblər. Bu gün zəhmətkeş şadalıların arxasında qüdrətli dövlətimiz, ötən il 44 günə düşməni rəzil edən, 30 illik haqsızlığa son qoyaraq bədxahları ata-baba torpaqlarımızdan qovan Qalib ordumuz, məğrur əsgərlərimiz dayanıb. Düşmən nə 90-cı illərdə, nə də ondan sonra bizim qətiyyətimiz qarşısında dayana bilib. Bundan sonra da dayana bilməyəcək. Daim vətəndaşını düşünən dövlətimizin insanların layiqli həyat tərzi yaşamaları ilə bağlı xeyirxah əməlinə, qurub-yaratmaq missiyasına biz şadalılar da töhfələr verməyə çalışır və bundan sonra da çalışacağıq. Bütün kənd camaatı adından bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm. Yaşasın güclü dövləti­miz, var olsun, müzəffər Ordumuz...

Dünyaca məşhur ispan yazıçısı Migel de Servantes deyirdi ki, insan təhsillə doğulmaz, amma təhsillə yaşayar. Bəli, bütün zamanlarda təhsil insanoğlunun prioritet məsələsi olub. Ancaq gün ötdükcə baş verən innovativ yenilikləri nəzərə alsaq, keçmişdən daha çox tələbat var indi təhsilli olmağa, biliklərə dərindən yiyələnməyə. Sovet dönəmindən fərqli olaraq məktəb yaşı müstəqillik illərinə düşən şadalılar, bu mənada, çox xoşbəxtdirlər. Çünki elm ziyasının qapıları onların üzlərinə taybatay açıqdır, müasir şəraiti olan hərtərəfli imkanlara malikdir oxuduqları tam orta məktəb. Valideynlərinin arzusunda olduqları təhsillə təmin olunur övladları. 2015-ci ilin sonunda Şada kənd tam orta məktəbində olan Ali Məclis Sədrinin müəllim və şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək dediyi: “Ölkəmizdə məktəb işinə, gələcəyimiz olan gənclərin bilikli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd yaşayış məntəqəsi olan Şada kəndində gənclər müasir məktəb binasında təhsil alırlar. Ona görə də müəllimlər gənclərin hərtərəfli təhsil alması və vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar. Çünki vətənpərvər gənc gələcəkdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, ölkəsinə və xalqına fayda verəcəkdir” sözləri müəllimlərin məsuliyyətini daha da artıraraq ilbəil daha böyük uğurların əldə olunmasına töhfə verir. 11 sinif otağı, hərbi kabinə, müəllimlər, psixoloq, şahmat otaqları, elektron lövhəli və kompüter sinifləri, idman zalı, zəngin kitabxanası olan məktəbin ötən tədris ilindəki qəbul göstəricisinin 100 faiz olması pedaqoji kollektivin işə yanarlığından, əməksevərliyindən, yaradılan şəraitdən səmərəli istifadə olunmasından irəli gəlir. Təqdirəlayiq haldır ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 19 müəllimdən 17-si aran kəndlərindən gələnlərdir. Təbii ki, bu amil təhsilə qoyulan sərmayənin hədər getmədiyini sübut etməklə yanaşı, “Vətən sərhəddən başlayır” deyiminin əməldə təzahürünü göstərməklə uşaqların vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. Rayonun Daylaqlı kəndindən olan, tarix və ictimaiyyət müəllimi Kəramət Abbaslı 2017-ci ildə bu məktəbə təyinat alıb. Əvvəlcə müəllim, daha sonra dərs hissə müdiri kimi çalışan, 2021-ci ilin yanvar ayından isə təhsil ocağının direktoru vəzifəsinə təyin olunan Kəramət müəllim gənc müəllimlərin işlə təmini istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərə, eləcə də yaradılan gözəl tədris şəraitinə görə məktəbin pedaqoji kollektivi adından minnətdar­lıq edir. Bildirir ki, məktəbin şagirdləri mütəmadi olaraq rayondaxili bilik yarışlarında, müsabiqələrdə qazandıqları uğurlarla müəllim və valideynlərini sevindirirlər. Kəndin sərhəd bölgədə yerləşməsi, eləcə də ötən il qazanılan Böyük Qələbəmiz təbii olaraq uşaqların mənəvi dünyasına, vətənpərvərlik tərbiyəsinə də əsaslı şəkildə təsir göstərib. Təsadüfi deyil ki, məktəbin şagirdi Eminə Musayevanın çəkdiyi şəhid baş leytenant Raqib Hüseynovun portreti ötən il muxtar respublika üzrə müsabiqədə 1300-ə yaxın rəsm və əl işi arasında birinci yerə layiq görülüb. İnanırıq ki, bundan sonra da şagirdlərimiz uğurları, nailiyyətləri ilə bizə fərəh, qürur hissi yaşadacaq...
Kəramət müəllimin ixtisasını nəzərə alıb Şadanın tarixi barədə oxucularımıza qısaca məlumat verməsini istəyirik. Deyir ki, tarixi mənbələrə əsasən Şadada ilk olaraq albanlar yaşayıblar. Yaşlı sakinlərin bildirdiyinə görə, tarixən kəndin aşağısında “Ağdaban” adlı şəhər mövcud olub. Ərazidə yaşayış yerinin qədimliyindən xəbər verən məscid də yerləşir, 2000-ci ildə həmin ibadət ocağı yenidən təmir olunub...
Kəndlə tanışlıq zamanı öyrənirik ki, son illərdə bir sıra yaşayış məntəqələrimiz kimi, Şadada da xeyli sayda ailə təsərrüfatları formalaşıb. Təsərrüfatçıların dediyinə görə, yaşayış məntəqəsi meyvəçilik, əkinçilik, heyvandarlıqla yanaşı, arıçılıq üçün də çox əlverişli şəraitə, perspektivli imkanlara malikdir. İndi bəyaz dona bürünən təpəciklərdə yaz-yay vaxtı çoxlu sayda arı yeşikləri görmək mümkündür. Təsadüfi deyil ki, məhz şadalılar arasında təsərrüfatın bu növü daha çox yayılaraq inkişaf edib, kəndin bu əvəzolunmaz məhsula olan tələbatının daxili imkanlar hesabına ödənilməsinə yol açıb. Təcrübəli arıçılardan Qurban Məmmədov təsərrüfatında 60 arı ailəsi bəsləyir. Deyir, dünyaya göz açıb özümü dərk edəndən həyətimizdə arı yeşikləri, süfrəmizdə bal görmüşəm. Kəndimizin coğrafi mühiti, eləcə də dövlətimizin yaratdığı əlverişli imkanlar ata-baba peşəsini davam, ailə təsərrüfatını inkişaf etdirməyə imkan verib. Arıçılıq gəlirli sahə olmaqla yanaşı, həm də insandan zəhmətkeşlik, əməksevərlik tələb edir. Xüsusilə də qışlama, eləcə də erkən yaz dövrü daha diqqətcil və həssas yanaşmalısan bu işə. Yaxşı məhsul əldə etmək üçün ilbəil daha da həvəslə, öyrəndiklərimizi praktik surətdə tətbiq etməklə çalışırıq. Keçirilən festivallar, yarmarkalar məhsulumuzu geniş alıcı kütləsinə tanıtmaq baxımından əla imkanlar açır. Digər tərəfdən hər arı ailəsinə görə dövlətimiz tərəfindən verilən subsidiya da əlimizdən tutur, köməyimizə yetişir. Şadalı arıçılar adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Kənd sakini Rövşən Həsənov da uğur qazanan təsərrüfat sahiblərindəndir. Təsərrüfatında 35-dən artıq xırda, 10-a yaxın iribuynuzlu heyvan bəsləyən Rövşən kişi deyir ki, Şada örüş əraziləri cəhətdən sərfəli olduğundan bu sahədə işə başlayıb. Qısa zamanda fəaliyyətini genişləndirib, özünə güzəran qurmağa müvəffəq olub. İstehsal etdiyi tələbatdan artıq ət və süd məhsullarını rayon mərkəzindəki bazara, eləcə də Naxçıvan şəhərində keçirilən ənənəvi yarmarkalara çıxararaq sərfəli qiymətə satır. Bundan başqa, pay torpağında taxıl, çoxillik bitkilərin əkinini də həyata keçirir. Keyfiyyətli toxum sortunu “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyini və qısa zamanda bəhrəsini gördüyünü deyən təsərrüfatçı yaradılan imkanlara görə dövlətimizə minnətdarlıq edir.
...Həmrəylik təntənəsinə, dövlət-xalq-ordu birliyinin rəmzinə çevrilən Şadada bir gün daha bitmək üzrədir, solğun bənizli Günəş qüruba tələsir, axşam libasını geyinməyə başlayan dağ vüqarlı kəndimizlə sağollaşmağın vədəsi yetişir artıq. Avtomobilə əyləşmədən öncə dayandığım hündür yerdən müasir sosial obyektləri, çıraqban evləri, gecə-gündüz bu yurdun keşiyində ayıq-sayıqlıqla, mətinliklə dayanan məğrur oğulların məskən saldığı əzəmətli dağları seyr edir, vətəndaş şairimizin bir neçə misrasını dodaqaltı zümzümə edirəm:

Şəhərim çırağban,
                          kəndim çırağban
Kəhkəşan sinəmdən
                            nur alsın, – deyir.
Onun gecəsinin işıqlarından
O tayın gündüzü işıq istəyir.

 Nail ƏSGƏROV