Muxtar respublikamızın hərtərəfli inkişafında mühüm rol oynayan, sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı da ilbəil artır.


2021-ci ildə bütün bölgələrimizdə olduğu kimi, Culfa rayonunda da tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Belə ki, infrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-noyabr aylarında Culfa rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 550 min 900 manat vəsait yönəldilib ki, bu vəsaitin 35 milyon 398 min 600 manatı və ya 94,0 faizi tikinti-quraşdırma işlərinin payına düşür. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı üçün yeni binanın tikintisi də hazırda uğurla reallaşdırılır. Layihəyə əsasən, ümumilikdə, 465 kvadratmetr sahədə yerləşəcək bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye, ikinci mərtəbəsində isə direktor otağı və əlavə iş otaqları yerləşəcək. Artıq hər iki mərtəbədə əsas tikinti işləri başa çatıb, fasad hissə travertin daşı ilə üzlənib. Hazırda binanın havalandırma sistemi qurulur.
Əminliklə demək olar ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı üçün yaradılan şərait əhalinin, o cümlədən sahibkar və torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaratmaqla bərabər, rayonun da simasına yeni gözəllik qatacaqdır.

Alim AĞAYEV