Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin noyabr ayı ərzində mülkiyyət hüquqlarının operativ qeydiyyatı təmin edilib, torpaq fondundan səmərəli istifadə diqqətdə saxlanılıb.


Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçiril­məsi məqsədilə ay ərzində Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas, Qarahəsənli, Diyadin, Xanlıqlar, Babəki, Stansiya Daşarx kəndlərinin və Kəngərli rayonunun Xok kəndinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntuları aradan qaldırılıb. Şərur rayonunun Vayxır, Tumaslı, Tənənəm, Təzəkənd və Vərməziyar kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Şahbuz rayonu ərazisində əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldar­lığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun olaraq meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Culfa rayonunun Dizə kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə birlikdə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş karto­qramlar rayonun Dizə və Şurud bələdiyyələrinə təqdim edilib, kartoqramlardan istifadə qaydaları izah olunub.
Ötən ay ərzində 656 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 487 texniki sənəd hazırlanıb, yeni yaranmış 25 daşınmaz əmlak obyektinə ünvan verilib, 92 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 28 vətəndaşın müraciətinə baxılıb, 99 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. 7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 6 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1100 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinin mətbuat xidməti