Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 21 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 1 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.


Muxtar respublikada ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Culfa rayonunun Əbrəqunus kəndində rayon bələdiyyələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirici tədbir keçirilmiş və geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Keçirilən maarifləndirmə tədbirlərində ətraf mühitin mühafizəsi, məişət və tikinti tullantılarının idarə olunması, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır. Ay ərzində ekoloji monitorinqlər də davam etdirilmişdir. Bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 27-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmış, onların aradan qaldırılması üçün icrası məcburi tapşırıqlar verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında hesabat ayı ərzində Araz və Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürül­ərək analiz aparılmışdır. Nəticədə, sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Hesabat ayında yaşıllaşdırma tədbirləri ting və toxumla əkin işləri çərçivəsində davam etdirilmişdir. Həmçinin Quşçuluq, Qoşadizə tinglik sahələrinə və yeni əkilmiş meyvə bağlarına 12 ton üzvi gübrə gətirilmiş, bir qismi ərazilərə paylanmışdır. Ümumilikdə, 12,8 hektar sahədə yeni meyvə bağları salınmışdır. Ötən illərdə salınmış meyvə bağlarında bərpa işləri plan-sxemə uyğun olaraq davam etdirilmiş, ümumilikdə, 17 hektar sahədə bərpa işləri görülmüşdür. Toxumla əkin işləri şırım üsulu ilə davam etdirilmişdir. Ümumilikdə, 25,7 hektar sahədə toxumla əkin aparılmışdır. Ötən ay 16 min 583 müxtəlif meyvə, meşə tingləri, 3248 üzüm kolu, 233 həmişəyaşıl tingindən istifadə olunmuş, 643 kiloqram toxum əkilmişdir. Növbəti illərdə tingə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə Qoşadizə, Xətai və Quşçuluq ərazisindəki tinglik sahələrində 2 hektar sahədə torpaq hazırlığı işləri aparılmış və 1,5 hektar sahədə yeni toxmacarlıq salınmışdır. Noyabr ayı ərzində toxum bölgüsünə uyğun olaraq 620 kiloqram müxtəlif meyvə və meşə toxumları tədarük olunmuşdur.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri Meşələrin İnkişafı İdarəsinin tinglik sahəsində toxmacarlıqların salınması işləri ilə tanış olmuş, onlara yaşıllıqların salınması üçün ting ehtiyatının yaradılması sahəsində aparılan işlər, aqrotexniki qulluq işlərinə dair geniş məlumat verilmiş və tələbələr toxmacarlıqların salınmasında iştirak etmişlər.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə təyin edilmiş ödənişlərin icrasına nəzarət həyata keçirilir, ödənişlərin dövlət büdcəsinə köçürülməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti