Son illər həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın güclənməsində onun rolunu artırmışdır. Keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətədavamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilməkdədir. Muxtar respublikamızda sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, işgüzar fəaliyyət, biznes innovasiyası təşəbbüslərinin fəal şəkildə dəstəklənməsi, maddi rifahın artmasını şərtləndirən iqtisadi fəallığın stimullaşdırılması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunacağını söyləməyə əsas verir.

 

Muxtar respublika iqtisadiyyatının inkişafında sahibkarlığın rolu böyük olduğundan dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri də tətbiq edilir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir.
Son illərdə muxtar respublika iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən qabaqcıl texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi davam etdirilmiş, mebel, ayaqqabı, alma sirkəsi, unlu qənnadı məmulatlarının istehsalı sahələrinin yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə 150 min manat kredit ayrılmışdır.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələr kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunmuşdur. Belə ki, həyata keçirilən layihələr istiqamətində əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülmüş, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatı üzrə 127 layihənin maliyyələşdirilməsinə 3 milyon 999 min manat vəsait verilmişdir. Kənd təsərrüfatına ayrılmış kreditlər, əsasən, heyvandarlıq, quşçuluq, arıçılıq, tingçilik, bağçılıq, limonçuluq, üzümçülük təsərrüfatlarının, gülçülük istixanasının, süd emalı müəssisəsinin, pendir istehsalı və meyvə-tərəvəzin konservləşdirilməsi, yabanı bitkilərin konservləşdirilməsi, kompost və torf istehsalı sahələrinin yaradılmasına yönəldilmişdir.

Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verib, bir sıra kənd təsərrüfatı sahələri ilə məşğul olan çox sayda ailə təsərrüfatları yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında ailə təsərrüfatlarının rolunu nəzərə alaraq cari ilin ötən dövrü ərzində fond tərəfindən 75 ailə təsərrüfatına 1 milyon 192 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Son illərdə xidmət sektoru da sürətlə inkişaf edir, bu sahədə xidmət günün tələblərinə uyğun yenilənir. Cari ilin ötən dövrü ərzində fond tərəfindən bu sahədə xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün 3 layihənin maliyyələşdirilməsinə 577 min manat vəsait yönəldilmişdir.
Muxtar respublikada qadınların iqtisadi sferada fəallığının artırılması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görülür. Qadınların biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, qadınların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir. Bunun nəticəsidir ki, son illərdə qadın sahibkarların sayının artması müşahidə olunur.
Muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. 2021-ci ilin ötən dövrü ərzində bu məqsədlə fond tərəfindən 19 qadın sahibkara 295 min 600 manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir. Qadınların sahibkarlıq fəaliyyətinə marağının artmasının nəticəsidir ki, 2000-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 99 qadın sahibkara 2 milyon 789 min manat həcmində kredit verilmişdir. Bundan başqa, fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə qadınların məşğulluğunun təmin edilməsi məqsədilə daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazır­layır və nümunəvi layihələri sahibkarlara təqdim edir.
Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadi inkişafın prioritet istiqamətləri üzrə müəyyənləşdirilmiş sahələrin maliyyələşdirilməsinə 3 milyon 826 min manatdan çox vəsait ayrılmışdır. Ümumilikdə, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə bu günə qədər 1647 layihənin maliyyələşdirilməsinə 172 milyon 432 min manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.
İl ərzində mütəmadi olaraq fond tərəfindən verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılmış, təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilmiş, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılmışdır.
Sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər muxtar respublikada özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən, əlverişli biznes mühitindən yararlana bilər, dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti