Müdriklərin sözüdür: insanın dəyəri onun əməyindədir. Zəhmət insanı şəxsiyyətə, ölkələri isə qüdrətli dövlətə çevirir. Bu gün Naxçıvan Qurucu Rəhbər əməyi və zəhməti ilə ucadan ucalara ucalır, daha parlaq gələcəyə inamla addımlayır. İndi Naxçıvanda sözü təkcə dəyişən zaman demir, həm də çiçəklənən məkanlar deyir. Bu çiçəklənən ünvanlar sırasına Ordubad rayonunun Dırnıs və Anaqut kəndləri də daxil oldu. Artıq bu iki kəndin məktəbliləri ən müasir təhsil ocağında oxuyur, kənd sakinləri rahat yollarla istədikləri ünvana tez bir zamanda çata bilirlər. Çoxdandır gözlədikləri, bir neçə vacib strukturu özündə birləşdirən kənd mərkəzi artıq onların ixtiyarında olmasının sevincini yaşayırlar…

 

Xüsusilə qeyd etməliyəm ki, bu sevinci təkcə kənd sakinləri yaşamır. Kənddə yaradılan şərait bütün muxtar respublika sakinlərini sevindirdi. Hər il bu kəndlərə gələn turistlərin sayı artmaqdadır. Yüzlərlə turist şəhərlərin səsli-küylü həyatından uzaq olan təbiətin qoynunda dincəlmək üçün üz tutduğu ünvanlar sırasında bu kəndlər və bu kəndlərdən keçərək bir qədər də ucqarlardakı yaşayış məntəqələri də var. Qeyd edək ki, gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinə gedən yol yenidən qurulduqdan sonra bu say daha da artacaq. Bu gözəlliyi görmək istəyən Dırnıs və Anaqut kəndlərindən də keçəcək. Heç şübhə yoxdur ki, kəndlərin abadlaşması, infrastrukturun yaradılması kənd turizminin inkişafına geniş yol açacaq. 2021-ci il iyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vələver, Dırnıs və Kələki kəndlərində həyata keçirilən quruculuq tədbirləri ilə tanış olarkən demişdir ki, belə ucqar yaşayış məntəqələrində quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin min bir zəhmətlə istehsal etdikləri məhsulların satılması və nəticə etibarilə, onların güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.

Vurğulamalıyam ki, Şərur və Naxçıvan şəhərindən sonra Ordubadın Dırnıs kəndi mənim üçün doğma məkana çevrilib. Ayda 4-5 dəfə getdiyim bu kəndin hər qarışını, insanlarını yaxşı tanıyıram. Burada aparılan abadlıq-quruculuq işlərinin sevincini kənd sakinləri ilə birgə yaşadım. 87 yaşlı Adil babanın sevincini isə sizinlə paylaşıram: – Biz yaşlı nəsil 3 müharibə görmüşük. İkinci Dünya müharibəsi uşaqlıq illərimə təsadüf edir, həmin dövrdəki çətinliklər deməklə bitməz, bəlkə də. O zaman təhsilə, elmə vaxt yox idi, bir məqsəd var idi, yaşamaq, acından ölməmək... Birinci Qarabağ müharibəsi dövründə isə məqsədimiz o idi ki, düşməni məhv edək, tapdaq altında olan torpaqlarımızı geri alaq. O gün gəldi ki, biz sürətli inkişafa qədəm qoyduq. Təhsil, elm, hərbi, bütün sahələrdə... Azərbaycanın inkişaf ilə Naxçıvan da inkişaf edib çiçəkləndi. Ordumuzun rəşadəti, inkişafın nəticəsi olaraq biz İkinci Qarabağ müharibəsindən qalib dövlət kimi ayrıldıq. Bu gün Qarabağdan tutmuş ta Naxçıvana kimi hər yerdə abadlıq işləri aparılır. Son günlərdə kəndimizdə istifadəyə verilən yeni binalar da bu inkişafın nəticəsidir. Mən çox sevinirəm, övladlarımın gəncliyi çətin dövrə təsadüf etsə də, nəvələrim inkişaf dövründə təhsil alır, sağlam böyüyürlər. Hər bir kənd sakini yaradılan şəraitdən qayğı ilə, səmərəli istifadə edir. Ali Məclis Sədrinin diqqət və qayğısı bütün kəndlərimizdə görünür. Nəvələrimə, yetişən gənc nəslə hər zaman deyirəm ki, yaradılanları qoruyun və ondan faydalı istifadə edin. Mənim nəvəmin biri Dırnıs kənd tam orta məktəbinin yetirməsi Adil Möhsünov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Onlar hər zaman vətənpərvər, dövlətə sədaqət ruhunda tərbiyə olunurlar. Mən Naxçıvanın çətin günlərini görmüşəm. Bu işıqlı günlərini gördükcə sevinirəm.

Naxçıvan Dövlət Universitetinin magistrantı Təbrizə Bağırova Dırnıs kənd tam orta məktəbinin məzunudur. Onun da ürək sözləri var: – Dünya dəyişir, inkişaf edir. Naxçıvanda bu inkişafı bütün yönləri ilə görmək mümkündür. Sakini olduğum Dırnıs kəndində bir neçə gün əvvəl yeni binaların istifadəyə verilməsi bunun əyani nümunəsidir. Kənd əhalisi üçün böyük əhəmiyyəti olan ağıllı kənd layihəsindən, düşünürəm ki, hər bir kəs qədərincə yararlanacaq. Müasirtipli məktəbdə təhsil alsam da, məktəbi 6 ildir, bitirsəm də, səmimi deyirəm, yeni məktəb binasını görəndə bir daha məktəbli olmaq istədim. Dırnıs kənd tam orta məktəbi məzunları ilə, sözün yaxşı mənasında, hər zaman seçilib. Fikrimcə, bundan sonra daha çox seçiləcək. Hər zaman təhsilə, elmə, səhiyyəyə böyük diqqət ayıran cənab Sədr illər əvvəl – mən səkkizinci sinifdə oxuyarkən təhsildə göstərdiyim uğurlara görə məni də mükafatlandırmışdı. Bu qayğını biz hər yerdə hiss edirik. Bu gün mən yenidən məktəbli olub Dırnıs kənd tam orta məktəbində təhsil ala bilmərəm. Amma mən Ali Məclis Sədrinin Sərəncamına əsasən ölkədə bir ilk olan Texnologiyalar Parkının yaradıldığı Naxçıvan Dövlət Universitetində təhsil alıram, Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərirəm. Muxtar respublika rəhbərinin diqqəti və qayğısı sayəsində biz “kaş ki, heyif” demirik. Və hər birimiz çalışırıq ki, ulu öndər irsinə, Ali Məclis Sədrinin diqqət və qayğısına layiq olaq və bunu qoruyub gələcək nəsillərə çatdıraq.
Ordubad rayonunun Dırnıs kəndində istifadəyə verilən sosial obyektlərə görə kənd sakinlərinin minnətdarlıq hisslərini bir qəzet məqaləsinə sığdırmaq mümkün deyil. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı, minnətdarlıq dolu fikirlər yer aldı, Dırnıs kəndinin yeni görüntüləri yüzlərlə sosial istifadəçi tərəfindən paylaşıldı. Bunlardan birini – həmkarım Sahil Tahirlinin fikirlərini də sizinlə paylaşmaq istəyirəm: – 1992-1993-cü illərdə bizim bir-iki dəftərimiz vardı, kitabımız isə, demək olar ki yox idi. Bütün dərsləri müəllim danışırdı, biz də dəftərə yazırdıq. Qış aylarında isə məktəbdən söhbət gedə bilməzdi. Bir ayaqqabını gündüz növbəsi bir qardaş, axşam növbəsi digəri geyinirdi. Oyuncağımız da sim təkərlər və günəbaxan çubuqlarından düzəltdiyimiz “at”lar idi... Evlərdə işıq, qaz olmadığından günorta yeməkləri, adətən, qatıq, pendir, soyutma kartof idi. Bu günün məktəblilərini görəndə həsəd aparmamaq olmur. Onlar indi 5-ci sinifdə robotexnika ilə işləyirlər. Özü də dünyanın o başında – Dırnıs kəndində. Var olun, cənab Sədr!!!
…2019-cu ildə Ordubad rayonunun Dırnıs kəndində istifadəyə verilən “Allahşükür məscidi” öz əzəməti ilə də diqqəti çəkir. Bir tərəfdə müasir məktəb binası, bir tərəfdə möhtəşəmliyi göz oxşayan məscid. Deyirlər ki, əgər elm dindən ayrıdırsa –uçurum, din elmdən ayrıdırsa xurafatdır. Dırnıs kəndi Naxçıvanda elmlə dinin vəhdət təşkil etməsinin bir nümunəsidir. Bu möhtəşəm məsciddən yayılan azan səsi yurd yerlərimizə xeyir-bərəkət, birlik və rifah bəxş edir. Qoy bu azan səsləri heç zaman kəsilməsin. Qoy bu azan səsilə edilən dualar Qurucu Rəhbərimizin əməyini, zəhmətini, nəfəsini Naxçıvanımızın üzərindən əskik etməsin…

Sara ƏZİMOVA
Naxçıvan Muxtar Respublikası Televiziya
və Radio Şurasının üzvü