Muxtar respublikamızda kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, kommunal xidmətlərin daha da yaxşılaşdırılması, məişət tullantılarının vaxtında yığılaraq daşınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, həmçinin bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınaraq istifadəyə verilir. İstifadəyə verilən yeni texnikalar kommunal xidmətlərin yaxşılaşdırılması ilə bərabər, ekoloji-sanitar təmizliyin də qorunmasına müsbət təsirini göstərir. Məhz bunun nəticəsidir ki, koronavirus infeksiyasının muxtar respublika ərazisində nəzarətdə saxlanılmasına nail olunub, yoluxma sayı digər regionlarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı səviyyədədir.


Qürur hissi ilə deyə bilərik ki, müasir üslubda tikilən kənd mərkəzlərində bələdiyyələr üçün müasir iş şəraiti yaradılır, fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi infrastruktur formalaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəltməkdən ibarətdir. Hazırda muxtar respublikada 170 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Qanunvericiliyə müvafiq olaraq bələdiyyələrin bir vəzifəsi də bələdiyyə ərazilərinin abadlaşdırılması, məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısının alınmasından ibarətdir. Təbii ki, həmin vəzifələrin yerinə yetirilməsindən ötrü bələdiyyələrə hərtərəfli şərait yaradılmalıdır.

2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir.
Bələdiyyələr öz ərazilərində məişət tullantılarının yığılmasını, nəzərdə tutulan müvafiq sahəyə daşınmasını və zərərsizləşdirilməsini həyata keçirir. Qeyd edək ki, son illərdə 62 ədəd kommunal təyinatlı nəqliyyat vasitəsi, 4 ədəd xidməti minik avtomobili, 1360 ədəd məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal müəssisələrin istifadəsinə verilmişdir ki, bu da, öz növbəsində, onların daha operativ işləmələrinə şərait yaratmışdır. Alınmış 1360 ədəd məişət tullantısı konteynerinin 1123 ədədi bələdiyyələrə verilmişdir. Cari ilin noyabrında muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, 2 “NAZ Lifan-330” markalı avtomobilin təqdim olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Məlumat üçün qeyd edək ki, yeni kommunal təyinatlı 16 traktor və qoşqusu Şərur rayonunun Gümüşlü, Kürçülü, Oğlanqala və Dərvişlər, Babək rayonunun Vayxır, Yuxarı Uzunoba və Didivar, Ordubad rayonunun Aşağı Əndəmic və Üstüpü, Culfa rayonunun Əlincə və Kırna, Şahbuz rayonunun Kükü və Külüs, Kəngərli rayonunun Çalxanqala və Böyükdüz, Sədərək rayonunun Qaraağac bələdiyyələrinin istifadəsinə verilmişdir. Həmçinin Şərur və Ordubad bələdiyyələrinə hər birinə 1 ədəd “NAZ Lifan - 330” markalı minik avtomobili təqdim edilmişdir. İstifadəyə verilən yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini daha da yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına hərtərəfli şərait yaradacaqdır. İnanırıq ki, bundan sonra da bələdiyyələr fəaliyyətlərini daha yüksək səviyyədə əhali ilə birgə quracaq, işin səmərəliliyinin artırılması baxımından səy və bacarıqlarını əsirgəməyəcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də dediyi kimi: “Bələdiyyələr də fəaliyyətlərini qanunauyğun olaraq həyata keçirməlidirlər. Bələdiyyələr, sadəcə, yaradılmış formal təşkilat deyil, onlar seçilmiş təşkilatlardır. Ona görə də əhali ilə qarşılıqlı əlaqə qurulmalı, rayon icra hakimiyyətləri bələdiyyələrlə işə üstünlük verməli, işin səmərəliliyi artırılmalıdır. Bələdiyyələr bu gün dövlətin xalq tərəfindən seçilmiş orqanı kimi fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanununa uyğun qurmalıdır”.

Nuray ƏSGƏROVA