Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində “Sürətli keçid” (Fast Track) sisteminin tətbiqinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.nmr.az) üzərindən həyata keçirilən elektron gömrük xidmətlərinin siyahısına daxil edilən bu sistem növbədə gözləməklə vaxt itkisinə yol verməmək və fiziki növbənin azaldılması üçün nəzərdə tutulub. “Sürətli keçid” sistemi “Növbə götür – Sərhədə get – Sərhəddən keç” prinsipi əsasında yaradılıb.


Qeyd edək ki, hər bir vətəndaş könüllü riayət mədəniyyəti əsasında “Sürətli keçid” sistemindən düzgün istifadə etməklə müvafiq tələbləri dəqiq yerinə yetirməlidir. Bunun üçün əvvəlcə saytın “Elektron xidmətlər” bölməsinə daxil olub “Sürətli keçid” xidməti üzrə müvafiq qrafaları doldurmaq və sərnişin sayına uyğun olaraq müəyyən olunmuş xidmət haqqını elektron qaydada ödəmək lazımdır. İstifadəçi sərhəd-buraxılış məntəqəsinə götürdüyü keçid vaxtına uyğun olaraq gəlməlidir. Vaxtından tez gələn və ya gecikən vətəndaşlar xidmətdən istifadə hüququnu itirməmək üçün yenidən elektron xidmətə daxil olaraq mövcud qeydiyyat üzərində düzəliş edərək sərhəd keçid vaxtını dəyişə bilərlər. Vətəndaş gömrük postunun giriş qapısındakı mövcud növbəyə mane olmamaq şərti ilə kənarda dayanmalı və mobil telefonuna “Qapıya gedin!” SMS məlumatının gəlməsini gözləməlidir.
Vətəndaş qapıya getmək ilə bağlı SMS məlumatını aldıqdan sonra “Sürətli keçid” sözləri yazılmış xüsusi yol zolağı ilə gömrük postunun giriş qapısına yaxınlaşır və giriş qapısında quraşdırılmış elektron lövhədə avtomobilinin nömrəsinin əks olunmasına əmin olaraq gömrük postuna daxil olaraq həmin zolaqla hərəkətini davam etdirir. Məsul şəxs “Sürətli keçid” istifadəçisinin sərhəd və gömrük prosedurlarından sürətli keçidini qanunvericiliklə müəyyən edilmiş qaydalara əsasən təmin edir və gömrük postunun çıxış qapısından yola salır. “Sürətli keçid”lə bağlı hər hansı sual yaranarsa, istifadəçi qeydiyyat zamanı ona göndərilən “Bildiriş”də qeyd olunan “Sürətli keçid” sistemi üzrə məsul şəxslə əlaqə saxlaya bilər.
Nəzərə almaq lazımdır ki, qeydə alınmış vaxtdan tez keçməsini tələb edən, gecikən və ya qaydalara riayət etməyən vətəndaşların elektron növbəsi ləğv ediləcək və “Sürətli keçid” üçün ödənilən məbləğ geri qaytarılmayacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti