Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin oktyabr ayı ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı və torpaq məsələləri ilə əlaqədar müraciətləri diqqətdə saxlanılıb, torpaqlardan səmərəli istifadəyə nəzarət gücləndirilib.


Ay ərzində 651 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 514 texniki sənəd hazırlanıb, yeni yaranmış 36 daşınmaz əmlak obyektinə ünvan verilib, 94 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 5 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədilə Naxçıvan şəhərinin ərazisində 117 hektar meyvə bağı, 209 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində muxtar respublikanın torpaq fondundan səmərəli istifadə edilməsi, münbitliyin qorunması və artırılması yolları barədə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatı nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas və Qarahəsənli kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntuları aradan qaldırılıb. Şərur rayonunun Xanlıqlar və Diyadin, Kəngərli rayonunun Xok kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinin mətbuat xidməti