Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin nəticəsi olaraq iqtisadi fəaliyyətin bütün sahələrində infrastruktur yenilənmiş, əhalinin rahat yaşayışı təmin edilmişdir. Bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri məşğulluq səviyyəsinin yüksəldilməsinə, muxtar respublikanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və müasirləşməsinə yeni imkanlar yaratmışdır.

 

Naxçıvanda aparılan infrastruktur tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar respublikanın abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvanı möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələr həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda və muxtar respublikanın bütün rayonlarında uğurlu inkişaf gedir”.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq təkcə 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilmişdir ki, bunun da 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Cari ilin ötən dövründə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 88 şagird yerlik 1 ümumtəhsil məktəbi, 12 inzibati bina, 1 nasos stansiyası, 13 subartezian quyusu, 1 körpü, 16 mədəniyyət müəssisəsi, 10 səhiyyə müəssisəsi, 103 istehsal və xidmət sahəsi, 2 idman obyekti və bir sıra digər obyektlər tikilmiş, 7 təhsil müəssisəsi, o cümlədən 1700 şagird yerlik 5 ümumtəhsil məktəbi, 1 inzibati bina, 1 körpü, 1 səhiyyə müəssisəsi, 1 idman obyekti və digər obyektlər yenidən qurulmuşdur.
Bu dövrdə 10 təhsil müəssisəsinin, o cümlədən 1 liseyin, 4 ümumtəhsil məktəbinin, 15 inzibati binanın, 2 nasos stansiyasının, 7 mədəniyyət müəssisəsinin, 2 səhiyyə müəssisəsinin, 60 istehsal və xidmət sahəsinin tikintisi, 2 ümumtəhsil məktəbinin, 5 inzibati binanın, 1 səhiyyə müəssisəsinin və digər obyektlərin yenidən qurulması davam etdirilmişdir.

Əhalinin rahatlığına xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində cari ilin ötən dövründə bir sıra işlər görülmüş, Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kənd­lərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, təkcə 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 43 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
İqtisadiyyatın dinamik inkişafının təmin olunmasında mühüm əhəmiyyətə malik olan nəqliyyat infra­strukturunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilmiş, muxtar respublikada 114,5 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ümummilli liderimizin müəyyən etdiyi qurucu­luq xəttinin ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxardığını xüsusi vurğulayaraq demişdir: “Biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti