Noyabrın 10-da Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının assambleyası və biznes-forum keçirilib. Forumda respublikamızı Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov təmsil edib.


Assambleyada çıxış edən Rıfat Hısarcıklıoğlu Türk Ticarət və Sənaye Palatası üzvlərinin İstanbul görüşündən gözləntiləri barədə danışıb.
Türk Şurası Baş katibi Bağdad Amreyev Türk Ticarət və Sənaye Palatasının İnvestisiya Fondunun yaradılması təklifinin həyata keçirilməsi perspektivləri barədə iştirakçılara məlumat verib.
Tədbirdə Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin təməlinin qoyulması və bu tarixi hadisələrin böyük Türk birliyi üçün mühüm əhəmiyyəti vurğulanıb. Açılış mərasimindən sonra keçirilən biznes-forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanı təmsil edən 300-dən çox sahibkar iştirak edib.
Forumda çıxış edən Vüqar Abbasov hər il noyabrın 10-da bütün Türk dünyasının dahi şəxsiyyəti olan Mustafa Kamal Atatürkün ehtiramla yad edildiyini bildirib. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında yeni bir dövr başlayıb, ölkə iqtisadiyyatının potensial imkanları genişlənib. İşğaldan azad edilən torpaqlarımız yenidən iqtisadiyyatımızın bir parçası kimi inkişafımıza xidmət edəcək.
İkili görüşlərdə sahibkarların qarşılıqlı əlaqələrinin gələcək üçün nəzərdə tutulmuş layihələrdə uğurlar əldə edilməsi, gənc və qadın sahibkarların da həyata keçirilən tədbirlərdə fəal iştirakı baxımından əhəmiyyətindən danışılıb.

“Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının
mətbuat xidməti